Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Animasiya (lat. animātiō — canlandırma[1]) və ya cizgi[2] — incəsənətin bir növü. Belə əsərlər kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır.
Hərəkətin təsvirləri kinematoqrafiyadan əvvəl mövcud idi. Bunun erkən nümunələri arasında mağaralarda çəkilmiş heyvanları qeyd etmək olar. Bundan əlavə, marionet və kölgə kuklaları da cizginin sələfləri sayılır.[3] 1833-cü ildə stroboskop diskinin (fenakistiskop) yaradılması həm müasir cizgi, həm də gələcək kinematoqrafın prinsiplərini təsis edib.[4]
Animasiyanın yaranma tarixi Emil Reyno ilə bağlıdır. Fransız Emil Reyno ilk və əsl animator hesab olunur. O, ilk dəfə baraban, güzgü sistemi və fənərdən ibarət optik cihaz yaratdı. Bu optik cihazın adı "praksinoskop" adlanır. 1892-ci ildə isə o, özünəməxsus attraksiya olan "optik teatr" yaratdı. Bu tamaşaların birnicisi Yazıq Pyero (fr. Pauvre Pierrot) idi. Bu hadisə Parisli Lümyer qardaşların premyerasından əvvəl baş verdiyi üçün, fransızlar animasiya ilə kinofilmdən daha əvvəl tanış olmuşlar.[5]
Amerikada erkən animasiyanın pionerləri arasında Ceyms Stüart Blektonu və Uindzor Makkeyi adlandırmaq olar. 1910-cu illərdə animasiya filmlərinin istehsalı ABŞ-da sənayeyə çevirib.[4] O zaman, meydana çıxmış ilk cizgi personaj Pişik Feliks idi. Onun debütü 1919-cu ildə baş vermişdi.[6] 1928-ci ildə Uolt Disney studiyasının Mikki və Minni Mausu göstərən Paroxod Uilli (ing. Steamboat Willie) qısa cizgi filmi, sinxronlaşmış səs ilə buraxılmış ilk cizgi filmlərindən biri olmuşdu.[7] Bundan sonra həmin texnologiya yayılmış və ABŞ cizginin gızıl dövrü başlamışdı.[8]
Yaponiyada ilk animasiyanın adı Katsudo Şaşin (yap. 活動写真, yəni Hərəkətli şəkillər) idi. O, ölkəyə gələn alman və başqa qərbi animasiyaların təsiri altında təxminən 1907-1912 illərin arasında yaradılmışdı.[9] 1918-ci ildə isə Kitayama Seytaro Momotaro (yap. 桃太郎) adlı anime yaratmışdı. O, Fransada nümayiş olaraq, xaricdə göstərilən ilk anime olmuşdu. Cizgi filmləri necə yaradılır (Seneiga no tsukurikata) adlı məqaləsində Kitayama yazmışdı ki, xarici animasiya ona təsir edib.[10]
İkinci Dünya Müharibəsindən öncə artıq Böyük Britaniya və Yaponiya animasiyanı təbliğat üçün işlədirdi. Müharibə zamanı bu normaya çevirib. 1941-ci ilin dekabrın 8-də ABŞ ordusu Uolt Disney ilə işləməyə başlamışdı. Müharibə ərzində ordu işçiləri onun studiyasında yerləşdirilmişdi.[11] Dünya ətrafında studiya işçiləri müharibə cəbhələrinə gedib. Məsələn, Soyuzmultfilm işçiləri. Studiyanın özü isə 1943-cü ilə qədər Səmərqəndə köçmüşdü.[12][13]
Müasir həyatımızda inkişaf edən texnika ilə animasiya yaratmaq daha da asan bir hala çevrildi. Belə ki, animasiya artıq kompüterdə müxtəlif proqramlar ilə hazırlanır və 2D, 3D, stop-motion və cut-out kimi növləri vardır.
Qrafik animasiya |
---|
Animasiyanın klassik növüdür. Şəkillər əllə çəkilir, adətən kompüterə köçürülür. |
Həcmli animasiya |
Müxtəlif materialların istifadəsi ilə yaradılır. |
Kompüter animasiyası |
Kompüter texnikası ilə yaradılan animasiyalar. 3D və 2D kimi növləri var. |