Freydizm

Freydizmpsixologiyada nəzəriyyə. Fəlsəfi konsepsiya kimi psixoanalizin əsaslandırılması Ziqmund Freydin adı ilə bağlıdır. Avstriyalı həkim– psixiatr Z.Freyd (1856– 1939) psixoanalizi fəlsəfi antropoloji prinsip səviyyəsinə qaldırdı. Freydə görə, seksual meyillər uşaqlıqdan bütün həyat mərhələlərində insanı müşayiət edir, bu meyillər yerinə yetməyəndə psixoloji sarsıntılar meydana gəlir.[1]

Şüur və təhtəlşüur

[redaktə | mənbəni redaktə et]

Freydə görə, şüurlu "mən" iki obyektiv qüvvənin – "o" ilə cəmiyyət qaydalarının mübarizəsi meydanına dönür. "Kütlə psixologiyası və insan "mən"inin analizi" əsərində isə Freyd sosial əlaqələrin təbiətindən söz açır. Kütlə psixologiyasının spesifik cəhətini onun qeyri– şüuru, təhtəlşüur olaraq lider və başçıya pərəstiş etməsində görür.

Ziqmund Freyd

"Moisey və monoteizm" əsərində dinə qarşı çıxış edərək iki əks qüvvənin– həyatla ölümün əbədi mübarizəsinin psixoloji əsaslarını şərh edir. Təhtəlşüur haqqında Freyd təlimi psixoanalizin elə müddəalarına əsaslanmışdır ki, burada psixoloji narahatlıqlar, zədələr, affektlər, arzuların həyata keçməməsi və s.– nin insanı ömrü boyu izləməsi göstərilir. Bunlar özünü nevroz formasında təzahür etdirir. Freydə görə, ona qədərki fəlsəfənin ən böyük günahı o idi ki, təhtəlşüur problemi onun tədqiqat predmeti olmamışdır. Tədqiqat predmeti əql, şüur olmuşdur. Doğrudur, Freyd etiraf edirdi ki, şüurun öyrənilməsi vacib şərtdir. Əslində şüur dünyada insanın oriyentasiya götürməsinə imkan verir, özünün "Mən"– ni (ego) formalaşdırmağa şərait yaradır. Lakin "Mən"– dən başqa fərdin şüuru, insan psixikası, Freydə görə, özünə daha iki strukturu daxil edir: "Fövqəl– Mən" (Super ego)– psixikası daxilinə keçirilmiş sosial əhəmiyyətli motivlər, requlyatorlar və həmçinin "o" (İd) təhtəlşüurun "mikrodünyası".

Fredyddən sonra psixoanalizin inkişafı onun tələbələri və ardıcıllarının adı ilə bağlıdır. (K.Yunq, A.Adler, K.Xorni, E.Fromm və b.) Freydizmin digər psixologiya məktəblərindən fərqi ondadır ki, yarandığı vaxtdan çox qısa bir müddətdən sonra orada parçalanma başladı. Hətta öz tələbələri belə Freydə qarşı çıxdılar. Freydizm bu gün də yeniləşir, inkişaf edir. Onun üzərində ideyalar qurulur. Beləliklə, hələ freydizmin başlanğıcından neofreydizm meydana çıxmağa başladı.

Karl Yunq(Carl Gustav Junq)

Neofreydizm cərəyanının görkəmli nümayəndələrindən biri Karl Yunq olmuşdur. Freydin təlimini inkişaf etdirən şagirdləri içərisində K.Yunq (1875– 1964) özünəməxsus yer tutur. Əgər Freydin xidməti təhtəlşüurun "mikrodünyası"nın təhlili idisə, Yunq da öz növbəsində təhtəlşüuru öyrənərək onun ayrı– ayrı yaratdıqları (arxetipləri) ilə struktur, obrazlar mədəniyyəti üçün ümumi oxşarlığını göstərmişdir. O, elmi dövriyyəyə "kollektiv təhtəlşüur" anlıyışını gətirmişdir. "Psixoloji tiplər" əsərinin girişində Yunq PlatonAristotelin iki, tamamilə bir–birindən fərqli olan insan naturası olması haqqında Heynenin qeydlərini təhlil edir. Bunlardan biri xəyalpərvər naturadır, mistik Platon naturasıdır ki, öz qəlbinin gizli yerlərindən xristian ideyalarını və ona müvafiq gələn simvolları yaradır. Aristotel naturası isə praktikdir, hər şeyi qaydaya salandır. Həmin ideyalardan və simvollardan möhkəm ehkamlar və kult sistemi yaradır.

Yunq pisxoloji tipləri iki böyük qrupa bölür: bunlar introversiya tipi və ekstraversiya tipləridir. Fərddə müxtəlif funksiyalar: 1. təfəkkür; 2. emosiya; 3. hiss; 4. intuisiya hökm sürür. Psixoloji tiplər ümumi psixik proseslərlə şərtlənir ki, bunu da K.Yunq "kollektiv təhtəlşüur" adlandırmışdır. Fərdi şəxsiyyət psixoloji prosesin hissəsi, kəsiyi, yaxud nümayəndəsidir ki, o, hər bir canlıda onun anadangəlmə xassəsi kimi əks olunmuşdur. Fərdin obraz tərzinin anadangəlmə xüsusiyyətləri Yunqa görə, instinkt adlanır. O yazırdı ki, obyektin bu psixi xüsusiyyətini arxetip kimi ifadə etməyi məsləhət gördüm. Arxetip anlayışı nə deməkdir? Yunq buna belə bir izahat vermişdir. Arxetip "ibtidai obraz" olub burada kollektiv təhtəlşüurun məzmunu şüurda açıq ifadə ounan meyllərlə və baxışlarla təmsil olunmuşdur.

Yunqun dərin məzmunlu əsərlərindən biri "Psixoloji tiplər"dir. Demək olar ki, insan haqqında, onun psixoloji mahiyyəti haqqında bundan güclü və kamil tədqiqat əsəri təsəvvür etmək çətindir. Yunq yaradıcılığının son dövründə üzünü Şərq fəlsəfəsinə tutub Tibet və Çin fəlsəfə kitablarına psixoloji şərhlər yazdı. Hətta kimyagərliyin yeni psixoloji izahını verdi.

Erich Fromm

Freydizmi yeni dövrdə yeni Freydizm kimi təbliğ edən alman- amerikan filosofu, sosioloqu Erix Fromm (1900–1980) olmuşdur. Fromm freydizmin sosial tənqidi ilə məşğul olmuşdur. O, faşizmi sosial hadisə kimi tədqiq edən "Adolf Hitler Nekrofilinin klinik hadisəsi" əsərini və "Azadlıqdan qaçış", "Məhəbbət sənəti", "Ümidlər inqilabı", "Malik olmaq, yaxud mövcud olmaq" və s. əsərləri ilə məşhur olmuşdur. Frommun diqqət mərkəzində fərdin subyektiv–şəxsi fəaliyyəti kimi yox, ontoloji fakt kimi götürülmüş insanın mövcudluğunun ziddiyyətləri durur. Fromm aşağıdakı dixotomiyaları fərqləndirməyə çalışır: insanların həyatının təşkilinin patriarxal və matriarxal prinsipləri; avtoritar və humanist şüur; xarakterin istismarçı və reseptiv (üzü yola) tipləri; malikolma və varlıq fərdin həyatının iki üsulu kimi və s. Fromma görə, müasir sivilizasiya insanların fərdi, eqoist cəhətləri ucbatından məhv olacaqdır. "Malikolma ehtirası" sinfi münasibətlərə doğru aparır. Kommunistlərin sinfi mübarizəsi də doğru deyildir. Çünki qeyri–məhdud təlabat prinsipi həyatın məqsədi kimi göstərilir. Hamı daha çox şeyə malik olmağa cəhd edir. Bu isə şübhəsiz siniflərin yaranmasına və onların arasındakı mübarizə isə özlüyündə qlobal miqyasda xalqlar arasında müharibələrə səbəb olacaqdır. "Acgözlük və sülh bir– birini inkar edir". Böyük həyat müəllimləri Budda və Xristos öz sistemlərində mərkəzi yeri ona vermişdilər ki, mülkiyyətə malik olmadan yaşamağı öyrənmək vacibdir.

  1. Understanding the Id, Ego, and Superego in Psychology. (n.d.). - For Dummies.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

SƏSLİ KİTAB | Ziqmund Freyd - Psixoanaliz