Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Göytəpə (ing. Goytepe) — Gəncə-Qazax bölgəsində ən iri arxeoloji abidələrindən biri olan Göytəpə qədim yaşayış yeri (neolit kəndi) Kür çayının sağ sahilinin orta axarında, Tovuz şəhərindən 10 km şərq tərəfdə yerləşir,Qovlar şəhəri ərazisində yerləşir[1]
Neolit dövrünə aid olan Göytəpə qədim yaşayış yeri digər neolit dövrünə aid təpələrin (Hacıəlləmxanlı, Hüseynqulu. Qarğalartəpə, Töyrətəpə) əhatəsində olub, bu günümüzədək ən yaxşı vəziyyətdə qalmış abidələrdən biridir. Göytəpə q.y.y. Kiçik Qafqaz sıra dağlarının şərq hissəsinin arealına daxildir. Abidə magistral yoldan 340 metr aralıda olub 2 hektara yaxın ərazini əhatə edir. Onun diametri 145 metr, hündürlüyü isə 9 metrdir. Araşdırmalara əsasasən əldə olunan nəticələr Göytəpə qədim yaşayış yerinin, Azərbaycanda və ümumən Cənubu Qafqazda e.ə. VI minilliyə[2] aid son neolit dövrünün inkişaf etmiş mərhələsini əks etdirən erkən kəndlərdən olduğunu təsdiq edir.
2008-ci ildə tanınmış Azərbaycan arxeoloqu professor, AMEA-nın müxbir üzvü İdeal Nərimanovun yetirməsi olan tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Göytəpə qədim yaşayış yerində əsaslı arxeoloji qazıntılara başlamışdır. 2009 -cu ildə, tədqiqatçı Fərhad Quliyev Yaponiyanın Tokio Universitetinin Professoru, Orta Şərqin neolit dövrü üzrə mütəxəssisi Yoşihihiro Nişiyaki ilə Göytəpə qədim yaşayış yerində və ətrafında olan (Tovuz rayonunda yerləşən) digər arxeoloji abidələrdə müştərək araşdırmalar aparılması ilə bağlı ilkin razılığa gəldikdən sonra tərəflər arasında (Arxeologiya və Etnoqrafiya İnstitutu və Tokiyo Universiteti) əməkdaşlıq memorandumu imzalanmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən qrantların verilməsi üzrə 2011-ci ilin 1-ci müsabiqəsinin (EİF-2011-1(3)) qalibi olmuş “İlkin sivilizasiyaları əks etdirən arxeoloji komplekslər (Göytəpə neolit dövrü abidəsi-açıq səma altında arxeopark)” adlı layihə abidənin müəllifləri tərəfindən (Fərhad Quliyev, həmmüəllif Yoşhihiro Nişiyaki) yeni aspektdə məsələlərə yanaşmasına şərait yaratmış oldu. Abidənin məxsusi özəlliklərini əsas götürərək qədim yaşayış yerinin yerli və xarici mütəxəssislərin iştirakı ilə bir sıra istiqamətlərdə "(arxeometrik elmlər)" paleobotanika, paleozoologiya, geomorfologiya, traselogiya, paleo-mühit və digər elmlərin qovşağında öyrənilməsi və həm də arxeoloji kompleksin əlverişli yerləşmə şəraitindən çıxış edərək arxeoloji abidənin ətrafında açıq səma altında arxeoparkın yaradılması nəzərdə tutulmuşdur. 2012 -ci ilin aprel ayının 12-də, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev şimal-qərb bölgəsinə etdiyi növbəti səfəri zamanı, Tovuz rayonu ərazisində Göytəpə neolit dövrü abidəsinin ilkin nəticələri ilə tanış olmuş və abidənin əsaslı öyrənilməsi istiqamətində görülən işləri yeni dövrün reallıqları prizmasından təşkil olunması məqsədilə AMEA yanında Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı 18 aprel tarixli sərəncam imzalamışdır. Respublika Prezidentinin sərəncamına əsasən tədqiqat obyektinin müəllifləri tərəfindən üç istiqamətdə arxeoloji parkın yaradılması ilə bağlı işlərin görülməsi nəzərdə tutulmuşdur. Birinci olaraq abidənin ətrafında eksperimental arxeologiyanın tətbiqi vasitəsilə araşdırmalar zamanı aşkar olunmuş tikili qalıqlarının memarlıq üslubuna uyğun şəkildə neolit dövrünün kəndinin rekonstruksiyası, qazıntı sahələrində qoruyucu örtüyün qurulması və abidədən aşkar olunmuş maddi mədəniyyət nümunələrindən ibarət sərgi zalının hazırlanması nəzərdə tutlmuşdur[3].
Bəşər tarixində neolit dövrü sıçrayış və sivilizasiyanın başlanğıc nöqtəsi olmuşdur. Qədim istehsal sahələrinin yaranması, qida ehtiyatlarının çoxalması, əhali artımı, tikinti mədəniyyətinin formalaşması, biliklərin yaranması özəyi, dini inancların təbiət fəlsəfəsinə söykənməsi, və yeni simvolik sistemlərin formalaşması bu dövrün mühüm xüsusiyyətlərindən olmuşdur. Azərbaycanda - Bir sıra vacib amillər, əlverişli ekoloji durum, Orta Şərqin qədim mədəniyyətləri ilə əlaqələr və sairə Azərbaycanda, ümumən Cənubi Qafqazda qədim istehsal təsərrüfatı sahələri olan əkinçilik və maldarlığın formalaşmasına şərait yaratmışdır.
Nəticədə, bölgədə Orta Şərqin neolit dövrü abidələri ilə sinxron olan oturaq həyat tərzli yerli erkən əkinçi-maldar tayfalara məxsus yaşayış məskənləri (neolit kəndləri) meydana gəlmişdir. İlk dəfə Azərbaycan arxeoloqları tərəfindən 70-ci illərdə elmi ictimaiyyətə təqdim olunan və hal-hazırda dünya arxeologiyasında bu arxeoloji abidələr kompleksi Şomutəpə və yaxud Şomutəpə-Şulaveri mədəniyyəti adı ilə tanınır. Kür çayının orta axarı boyunca yayılmış son neolit dövrünün erkən əkinçi-maldar tayfalarına aid olan Şomutəpə mədəniyyəti Azərbaycanda bizim eradan əvvəl VI minilliyə aid olan erkən əkinçilik və maldarlıq təsərrüfatı, ilkin keramikanın istifadəsi kimi neolit dövrünün bütün əsas atributlarını özündə cəmləşdirir. Bununla belə, Şomutəpə mədəniyyətiin mənşəyi və erkən yerli mədəniyyətlər ilə əlaqəsi naməlum olaraq qalır. Hətta bu mədəniyyətin bir sıra xüsusiyyətləri və xronologiyası ilə bağlı məsələlər tam həllini tapmamışdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda inkşaf etmiş neolit sakinlərinə aid olan bu mədəniyyət radiokarbon analizləri, bitki və heyvan qalıqlarınin bərpası, strateqrafiyası kimi geniş və müasir qazıntı texnologiyalarından əvvəl 1964 müəyyən edilmişdir.Göytəpə qədim yaşayış yerində Azərbaycan və Yaponiya tədqiqatçılarından təşkil olunmuş yaradıcı kollektiv altı il ərzində 1000 kvadrat metrdən artıq sahədə araşdırmalar aparmışdır. Qazıntılar zamanı məlum olmuşdur ki, qədim yaşayış yerinin mədəni təbəqəsi 10 metrdir. Abidənin stratiqrafik cəhətdən əsaslı araşdırılması yaşayış yerinin 13 memarlıq horizontunu üzə çıxarmışdır. Yəni qədim yaşayış yeri mövcud olduğu dövrdə Göytəpə sakinləri tərəfindən 13 dəfə tikinti prosesinə məruz qalmışdır. Araşdırmalar zamanı qədim yaşayış yerindən aşkar olunmuş arxeoloji materiallar təyinatına uyğun şəkildə analiz və təhlillərə cəlb edilmişdir. Qədim yaşayış yerinin dəqiq yaş dövrünü təyin edilməsi məqsədilə qazıntı sahələrindən neolit sakinlərinin özləri tərəfindən vaxtilə istifadə olunmuş çoxlu sayda kömür parçaları və osteoloji qalıqlar götürülmüş və Tokiyo Universitetində laborator analizlərə göndərilmişdir. Nəticədə, radiokarbon analizlər Göytəpə qədim yaşayış yerinin e.ə. VI minilliyin əvvəlindən ortalarına qədər dövrləşdiyini göstərir.
Göytəpə qədim yaşayış yerində aparılan qazıntılar zamanı çiy kərpicdən qalın tikilmiş komplekslər (geniş və kiçik dairəvi tikililər), biri-birinə bağlı olan yaşayış evləri, çıxıntılı divarlar, ocaq yerləri və sobalar kimi digər tikililər aşkar edilmişdir. Dairəvi planlı memarlıq üslubunda tikilmiş kiçik dairəvi binalar iri ölçülü binalar ilə enli divarlar vasitəsilə birləşirdi. Nəticədə, binaların daxili həyəti əmələ gəlirdi. Kiçik məhəllələr şəklində formalaşmış binalar dövrün sosial-iqtisadi inkişafından irəli gələn yeniliklərdən idi. Abidənin bina tikililərinin yaxşı vəziyyətdə qalması onların funksional mahiyyəti haqqında yeni elmi məsələləri ön plana çəkməklə yanaşı həmçinin bina tikililərin mümkün rekonstruksiyasını həyata keçirməyi mümkün etmişdir.
Bundan əlavə bina tikililərin özündə və həyətində yəni məhəllələrin ərazisində istehsal ocağını əks etdirən insitu vəziyyətində arxeoloji artefaktlara rast gəlinməsi Göytəpə sakinlərinin təsərrüfat həyatında istehsalla məşğuliyyətin yüksək səviyyədə olduğunu göstərir.
Göytəpə qədim yaşayış yerinin əsas xüsusiyyəti, burada qazıntılar zamanı aşkar olunmuş arxeoloji materialların səksən faizinin yaxşı vəziyyətdə olması ilə izah olunur. Göytəpə sakinlərinin təsərrüfat həyatında sümükişləmənin xüsusi yer tutması diqqətə layiq hadisə idi.
Sümükdən düzəldilmiş nümunələr əsasən bizlər, iynələr, qaşovlar, əkin üçün əl oraqları, kürəklər, maral buynuzundan toxalar, çoxlu sayda balta və çəkiclərdən ibarətdir. Bir çox nümunələrin üzərində çərtmə zolağlar, dekorlar və fiqurlu təsvirlər vardır. Qədim yaşayış yerindən aşkar olunmuş müxtəlif tipli sümükdən olan alətlərin bir qismi əkinçilikdə istifadə üçün nəzərdə tutulmuşdur. Bundan başqa sümük alətləri arasında dəri istehsalını şərtləndirən bir sıra məmulatlara da rast gəlinmişdir. Heyvanın dərisinin soyulması və emalı ilk növbədə geyim ehtiyatı ilə bağlı olmuşdur. Göytəpəlilər yüksək səviyyəli əkinçilik mədəniyyətinə yiyələnməklə həmçinin maldarlığın intensiv inkişafına da nail ola bilmişlər. Qazıntılar zamanı üzüm dənələri, arpa və buğdanın müxtəlif növləri, aşkar olunması mənşəy etibarilə yerli köklərə əsaslanan əkinçilik mədəniyyətini və qoyun, keçi, inək və donuz kimi əhlilləşdirilmiş ev heyvanlarına aid çoxlu sayda osteoloji qalıqlarının tapılması isə maldarlığın inkişafını göstərir. Maraqlıdır ki, qədim yaşayış yerinin əsas tikinti materialı olan çiy kərpiclərin tərkibi əsasən saman qatışıqlıdır. Bəzi kərpic nümunələrdə bitki izləri aydın olaraq görünür.
Yuxarıda qeyd edilənlər 2013-cü ilə qədər aparılan araşdırmaların ilkin nəticələrinə aiddir. Araşdırmalar davam edir.