Gözəlləmə

Gözəlləmə – gözəllərin vəsfinə həsr edilən aşiqanə məzmunlu qoşma.[1]

Adından göründüyü kimi əksərən qoşma və müxəmməs formalı gözəlləmələrdə qadın və qızların zahiri cazibədarlığı, yaraşığı, ağıl və mərifəti təsvir, onlara hörmət və məhəbbət duyğuları tərənnüm olunur. Gözəlləmələr həm dastan daxilində, həm də ayrı müstəqil əsər kimi ifa edilirlər.

Bir çox gözəlləmələr konkret qadınlara, qızlara həsr edildiyindən burada onların adları çəkilir, kəmnişanları, xasiyyətləri və s. haqqında məlumat verilir.[2] Məsələn, Ələsgərin müasiri olduğu, toyda-düyündə, şadlıq məclislərində və s. gördüyü Kəklik, Gülxanım, Maral, Sarıköynək, Ceyran, Səlbi, Bəyistan, Salatın, Tərlan, Yaxşı xanım, Güləndam, Güllü, Gülpəri, Leyli və s. gözəllər haqqında gözəlləmələri var:

Tovuz kimi qalxdın çeşmə başından,
Bütün gözəllərin gözəli, Güllü!
Almadı yanağın, büllur buxağın,
Dodaqların meyli, məzəli, Güllü!

Qıya baxdın, məni saldın zillətə,
Yusif kimi necə düşdüm qürbətə,
Hicran qəmi məni salıb möhnətə,
Səni gördüm, dərdim azalı, Güllü!

Ələsgər qurbandı, ay boyu minə!
İncidən, mərcandan düzüb göysünə,
Tərsa üzün görsə, tez gələr dinə,
Alim görsə, gedib saz alı, Güllü!

XVIII əsr aşığı Xəstə Qasımın gözəlləmələrindən bir nümunə:

Bir gözəl sevəsən, boyu tamaşa,
Görən kimi könül ona bənd ola.
Gözəlliyi, gül camalı bir yana,
Dil-dodağı şəkər ola, qənd ola.

Bir gözəl sevəsən qaməti bəstə,
Görəndə aşiqi eyləyə xəstə,
Çoxdan axtarıram bir elə kəsdə,
İşarə anlaya, dərdmənd ola.

Mən Qasımam, əl götürməm canandan,
Canan qarşı gəlsə, keçərəm candan,
Rəngi artıq ola güldən, reyhandan,
Zülfləri boynuma bir kəmənd ola.

  1. "Aşıq şeiri". 2017-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-18.
  2. Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, səh.432-433
  • Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.