Xəstə Qasım (1684, Tikmədaş, Şərqi Azərbaycan ostanı – 1760, Şamaxı) — XVIII əsr Azərbaycan aşığı.[1]
Xəstə Qasım | |
---|---|
Təxəllüsü | Хесте Касум, Деде Касум |
Doğum tarixi | 1684 |
Doğum yeri |
|
Vəfat tarixi | 1760 |
Vəfat yeri | |
Fəaliyyəti | şair, filosof, aşıq |
Əsərlərinin dili | Azərbaycan dili |
Xəstə Qasım Vikimənbədə |
Rəvayətlərə görə, Xəstə Qasım XVIII əsrdə Tehran-Təbriz yolunun kənarında Qarqalan dağının ətəyində yerləşən Tikmədaş kəndində dünyaya gəlib. Doğma kəndində molla məktəbini başa vurandan sonra dövrünün elm mərkəzlərindən olan Ərdəbildə təhsil alıb, Şeyx Səfi mədrəsəsində yaradıcılığa da elə o illərdə başlayıb.
"Xəstə Qasımın Ərdəbil səfəri" dastanına görə, müəllimi ona nə qədər dərs öyrətsə də, Qasım başa düşmür, axırda müəllimi onun məktəbdən çıxaracağı ilə hədələyir. Qasımın əli hər yerdən üzülür. O gecə yuxuda Həzrəti Əlini görüb ondan badə alır, bir gecənin içində təriqətin ən yüksək qatlarına çatır.
Xəstə Qasım sonralar 14 il müddətində Qum və Nəcəf şəhərlərində dini təhsil alır. Ömrünün 20 ildən çoxunu elmləri öyrənməyə sərf edir.
Şeirlərindən bəlli olduğu kimi, Xəstə Qasım Qurani-Kərimi əzbərdən bilməklə yanaşı, müqəddəs kitabı avazla oxuyar, eyni zamanda mahir xəttat olduğuna görə öz xətti ilə Quranın və başqa qiymətli kitabların üzünü köçürərmiş.
"Xəstə Qasım", "Biçarə Qasım", "Molla Qasım" təxəllüsləri ilə şeirlər yazan aşığın "Xəstə" təxəllüsünü götürməsi ilə bağlı da müxtəlif fikirlər söylənməkdədir. Bu fikirlər arasında haqq aşığının özünü eşq xəstəsi adlandırması gümanı da var. Çünki Xəstə Qasım gənc yaşlarından təsəvvüf dairəsinə daxil olmuş, ali həqiqət axtarışına çıxmışdır.
Xəstə Qasımın yaradıcılığı çoxşaxəliliyi ilə seçilir. O, klassik şeir janrlarında — qəzəl, qəsidə, məsnəvi yazmaqla yanaşı, ilk dəfə aşıq ədəbiyyatında "döşləmə" şeir növünün əsasını qoymuş, qoşma-müstəzad, aşıq yaradıcılığında bugünədək məlum olan ilk dodaqdəyməz nümunəsini də elə o yaratmışdır.
Bunlardan əlavə, Xəstə Qasım həm də "əvvəl-axır" deyilən şeir-sənət nümunəsini ilk dəfə bir gəraylısında işlətmişdir.
Ay ariflər, bir tərlanım uçubdur, Sağ əlimdən sol əlimə alınca. Onu tutan xeyrü-bəhrin görməsin, Mən yazığın naləsi var dalınca.
Ancaq aşıq ədəbiyyatında Xəstə Qasım daha çox öz ustadnamələri ilə məşhurdur.
Ömrünün çoxunu qürbətdə keçirdiyindən Xəstə Qasımın yaradıcılığında Vətən həsrətli şeirlərinin də xüsusi yeri var.
Xəstə Qasımın adı ilə bağlı "Xəstə Qasımın Dərbənd səfəri", "Xəstə Qasımın Urmiyə səfəri", "Xəstə Qasımın Dağıstan səfəri" dastanları günümüzə qədər gəlib çatmasa da, "Əliyar və Məsum", "Camal ilə Abdulla" (Azərbaycanda yayılmış "Cahan ilə Abdulla"), "Xəstə Qasım və Mələksima" dastanlarının onun tərəfindən yaradıldığı söylənilir.