Gülşəni-şüəra

Gülşəni-şüəra (Şairlər gülşəni) — XVI əsrdə Əhdi Bağdadi tərəfindən qələmə alınan Bağdadda yaşamış türkdilli şair və alimləri haqqında müfəssəl məlumat verən təzkirə. Əsər Azərbaycan dilində yazılmış ilk təzkirə hesab edilir. "Gülşəni-şüəra"da Əhdi Bağdadi 381 (bunlardan 375 türkdilli) şairin özü və əsərləri haqqında çox mühüm və dəyərli məlumatlar verir. Bunlar əsasən azərbaycanlı və Osmanlı şairləridir. Təzkirə əlifba sırası ilə adlar göstəricisi olmaqla dörd rövzədən ibarət bir ensiklopedik abidədir.

Gülşəni-şüəra
Janr Təzkirə
Müəllif Əhdi Bağdadi
Orijinal dili Azərbaycan türkcəsi
Yazılma ili 1563-cü il
Nəşr ili 1563
Vikimənbənin loqosu Gülşəni-şüəra Vikimənbədə

Təzkirə həmçinin Şəmsi, Hüsni, Rindi, Zöhdi, Muradi, Hüzni, Fəzli, Elmi, Kəlayi, Zaeyi və başqalarının həyat və yaradıcılığı haqqında ilkin məlumatlar verdiyi üçün böyük əhəmiyyət kəsb edir.

Tədqiqatçı alim Süleyman Solmaz Əhdi təzkirəsinin önəmini içərisindəki başqa qaynaqlarda yer almayan şairlərin digər mənbələrdə olmadığını vurğulayır və yazır: “Çoğunluğu dövlətin doğu kəsimindən olan, digər təzkirələrin heç birində yer almayan 147 şair bunun ən bariz dəlilidir. İraq mehvər olmaq üzərə bugünkü İran və Azərbaycan, hətta Buxarayı da içinə alan, SuriyaMisirə qədər uzanan bir bölgədə yetişmiş bir çox şair ilk dəfə Əhdi ilə ədəbiyyat dünyamızdakı yerini almışdır."

Əhdi Bağdadi haqqında mənbələrdə ilk məlumatı Aşıq Çələbi, Qınalızadə, Bəyani, Riyazi təzkirələrində rast gəlinir. Bağdadda anadan olan Əhdini əsl adı Aşıq Çələbi və Riyazi təzkirələrində Mehdi, Qınalızadə təzkirəsində və "Künhül-əxbar"da isə Əhməddir.[1]"Künhül-əxbar"da Əhdinin azərbaycanlı olduğu qeyd edilir.

Türk təzkirəçilik tarixini araşdırdıqda məlum olur ki, Azərbaycan dilində ilk şüəra təzkirəsini Əhdi Bağdadi yazmışdır. İraqın türkman əhalisi tarixən Azərbaycan xalqının tərkib hissəsi olmuşdur. Görkəmli türk alimi M.F.Köprülü İraqın türkdilli əhalisini soykök, dil, adət-ənənə və ədəbiyyat baxımından Azərbaycan mədəniyyəti regionuna daxil etmişdir. [2]

Əhdinin həyatı haqqında Azərbaycan ədəbiyyatşünaslığına ilk məlumatı İsmayıl Hikmət verir: «Hicri X əsrin yetişdirdiyi klassik türk şairlərindən biri də Əhdidir. Əhdi uzun müddət səya-hətdə olmuş, Türkiyədə yaşamış olmasına rəğmən ləhcə etibarilə Azərbaycana mənsubdur» .

Əhdi məşhur bir şair ailəsində dünyaya gəlmişdir. Atası Şəmsi Bağdadi Bağdadın tanınmış şairlərindən olub.[3] Əhdi atasının ədəbiyyat sahəsindəki rolunu öz təzkirəsində geniş şəkildə təsvir edir.[1] Ailəsinin digər üzvləri də – böyük qardaşı Rzayi, kiçik qardaşı Muradi, əmisi Hüseyni və əmisi oğlu Rindi – şeir sahəsində məşhur idilər.[4][5]

Təhsilini Bağdadda başa vurduqdan sonra Əhdi 1553-cü ildə Osmanlı torpaqlarına səyahətə çıxmışdır.[6] O, əvvəlcə Sivasda Təmərrüd Əli Paşanın yanında çalışmış, daha sonra İstanbula gedərək bir çox məşhur şair və alimlə tanış olmuşdur. Şahzadə Səlimin himayəsi ilə bir çox ədəbi məclislərdə iştirak edən Əhdi, Osmanlı ədəbiyyatının görkəmli nümayəndələri ilə yaxın əlaqələr qurmuşdur. İstanbul, Ədirnə və Bursa kimi şəhərlərdə yaşadığı dövrdə Nəvi, Əmri, Ədirnəli İzari, Məcdi və Pərviz Əfəndi kimi şəxslərlə tanış olmuşdur. Ədirnəyə olan sevgisi onun yaradıcılığında geniş yer almış, bu şəhəri mədh edən şeirlər yazmışdır.[7]

1563-cü ildə təzkirəsi demək olar ki, tamamlanmış vəziyyətdə olan Əhdi, bu əsəri ona göstərilən yardım və himayənin bir əlaməti olaraq Şahzadə Səlimə ithaf edir.[8] Təxminən on il Osmanlı torpaqlarında yaşayan Əhdi, 1563-cü ildə vətən həsrəti səbəbindən Bağdada qayıtmışdır. Qayıdışından sonra həyatının detalları qeyri-müəyyən qalır, lakin bəzi mənbələr onun Bağdadda yüksək nüfuza malik olduğunu göstərir.[8] Riyazinin məlumatına əsasən, Əhdi 1585-ci ildə Gelibolulu Mustafa Əli ilə görüşmüşdür. Katib Çələbi isə onun 1572-1573-cü illərdə vəfat etdiyini qeyd edir. Təzkirəsindəki əlavələr və başqa mənbələr Əhdinin 1592-ci ildən sonra vəfat etdiyini göstərir.[9][10]

Əsərin tədqiqi

[redaktə | mənbəni redaktə et]

Əhdi Bağdadinin "Gülşəni-şüəra" əsərinin tədqiqi ilə bağlı ilk araşdırmalardan biri Stüart Robinson tərəfindən "İran və İslam" jurnalında nəşr edilmişdir. Prof. A.Musayeva "Bağdadda yaranan Azərbaycan ədəbiyyatı" haqqında araşdırmalarında bu təzkirəyə əsaslanmış və Bağdadın azərbaycanlı ədibləri ilə bağlı məlumatlarını məhz bu qaynaqdan götürmüşdür. Bundan əlavə, C.Musayev "Maarifçi" qəzetində "İraqda yaranmış Azərbaycan təzkirəsinin əlyazması" adlı bir məqalə yazmışdır. Əsər AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Vəcihə Feyzullayeva tərəfindən Leninqrad Şərqşünaslıq İnstitutunda saxlanılan əlyazma əsasında nəşrə hazırlanmışdır. Bununla yanaşı, tədqiqatçının Əhdi Bağdadi barədə əlavə bir məqaləsi də mövcuddur.

Əhdi Bağdadinin təzkirəsi təkcə Azərbaycanda deyil, Türkiyədə də diqqətə layiq tədqiqat obyektinə çevrilmişdir. Prof. H.Mazıoğlu, Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin İsmayıl Saib Səncər kolleksiyasında saxlanılan bir əlyazmada Əhdi Bağdadinin 33 qəzəlini aşkar edərək, onları elmi məqalə olaraq nəşr etdirmişdir.[11] Digər türk tədqiqatçısı Z.Gülər, Əhdinin H.Mazıoğlu tərəfindən nəşr olunmuş şeirlərindən başqa, iki qəsidə, bir qəzəl və Sadiqi təzkirəsindəki üç farsca beytini də araşdırmış və bu mövzuda ayrıca bir məqalə yazmışdır. Bu işlərdə Əhdi Bağdadinin biblioqrafiyasına da yer verilmişdir.[12]

S.C.Robinsonun "Əhdi və onun şairlər təzkirəsi" adlı əsəri T.Bağırzadə və F.Hüseynov tərəfindən ingilis dilindən rus dilinə tərcümə edilmişdir. Məqalənin əvvəlində Ə.Bağırov, təzkirənin indiyə qədər çap edilmədiyini vurğulamışdır. Halbuki, Əhdi Bağdadinin təzkirəsinin elmi-tənqidi mətni 2005-ci ildə S.Solmaz tərəfindən hazırlanmış və nəşr edilmişdir. "Gülşəni-şüəra" təzkirəsinin 17 nüsxə əsasında hazırlanan elmi-tənqidi mətn Atatürk Kültür Mərkəzi tərəfindən 2005-ci ildə çap olunmuşdur.[13]

Əsərin müəllif tərəfindən müxtəlif dövrlərdə dəyişdirilməsi və yeni əlavələrin edilməsi səbəbindən elmi-tənqidi mətnə ehtiyac duyulmuşdu. Müxtəlif nüsxələrdə rast gəlinən dəyişikliklər, əlavələr və çıxarışlar səbəbindən bu mətni sistemləşdirmək və tənqidi təhlilini vermək zərurəti yaranmışdı ki, bu da S.Solmaz tərəfindən həyata keçirilmişdir.[1]

Əsərin qaynaqları

[redaktə | mənbəni redaktə et]

Əhdi əsərində yeri gəldikdə, mənbələri haqqında məlumat verir. Bu münasibətlə bəzi şairlərlə danışdığını, onların əsərlərini araşdırdığını, bəziləri ilə isə aralarında əvvəldən tanışlıq olduğunu qeyd etmişdir. Bir digər şairlər haqqında isə “eşitdiyimiz şairlərdən” kimi ümumi bir ifadədən istifadə etmişdir. Ancaq bu məlumatları kimdən və haradan aldığını açıqlamamışdır. Bir neçə şair haqqında əlavə məlumat vermişdir. Bəzi şairlərlə məktublaşmış, bəzilərinin yaxınlarından məlumat almışdır. Bəziləri ilə isə aralarındakı dostluğun qardaşlıq səviyyəsinə çatdığını bildirmişdir. Bu şairlərdən şeirlərini istədikdə, onların öz seçdikləri şeirləri verdiyini qeyd edir.[14]

Tədqiqatçı Süleyman Solmaz “Gülşəni-şüəra”nın qaynaqlarını üç qismə ayırır: a). Əhdinin görüşdüyü şairlər; b). Vəsfini etdiyi şairlər; c). Əhdi ilə məktublaşan şairlər.[15]

Görüşdüyü şairlər. Piri Paşa (Adana), Təmərrüd Əli Paşa (Sivas), Pərviz Əfəndi, Süruri Əfəndi, Rzayi Əfəndi (Ədirnə və İstanbul), Əmri Çələbi (Ədirnə və Bağdad), Əmani, Bəhişti (İstanbul), Cüdayi, Həmdi-i Bursa (Bağdad), Hətəmi Bəy (Ədirnə və İstanbul), Sami, Ruhi Çələbi (Bağdad), Rəfi Çələbi, Tufeyli (Bağdad), Tərzi (Bağdad), Tariqi (Bağdad), İzari Çələbi (Ədirnə və İstanbul), Ədni (Bağdad), Arifi, Fani (Bağdad), Lütfi-i Əcəm (Bağdad), Məcdi (İstanbul və Bursa), Məxfi (İstanbul və Bursa), Nəvi Çələbi (Ədirnə və İstanbul), Vəlahi Çələbi (Ədirnə və İstanbul), Visali Çələbi (Ədirnə və İstanbul).[16]

Vəsfini eşitdiyi şairlər. Bu bölmədəki şairlər, adətən, “eşitdiyimiz şairlərdən” ifadəsi ilə təqdim olunmuşdur. Lakin bu məlumatların kimdən eşidildiyi heç bir yerdə göstərilməmişdir. Bu məlumatları xüsusilə görüşdüyü şairlərdən, digər təzkirələrdən və ya ədəbi məclislərindən topladığını düşünülür. Vəsfləri eşidilən şairlər bunlardır:  

Üsuli, Ənvəri, Hafiz, Heyrəti, Hüsam Bəy, Hisali, Riyazi-i Üskubi, Sihri-i Üskubi, Safi, Sərfi, Zəifi, Qudsi, Məşrəbi, Muidi, Hilali və Yetim Əli Çələbi.[17]

Əhdi ilə məktublaşan şairlər. Əhdi iki şairlə məktublaşdığını və onların haqqında verdiyi məlumatları, eləcə də şeirlərini, məhz bu məktublardan əldə etdiyini, tarixləri ilə birlikdə qeyd edir. Lakin Əhdinin mənbələri şübhəsiz ki, bunlarla məhdud deyil. O özündən əvvəl yazılmış təzkirələri gördüyünü və oxuduğunu qeyd edir. Məsələn, Lətifi təzkirəsini gördüyünü, lakin onu bəyənmədiyini əsərində açıq şəkildə bildirir.[18][15]

S. Robinson təzkirənin qaynaqlarını araşdırarkən qeyd edir ki, Əhdi öz təzkirəsini təşkil edən müqəddimə və tərcümeyi-hallardan belə təəssürat yaranır ki, şairlər haqqında təqdim edilən məlumatlar isə çox vaxt onların özlərindən, bəzən də onları ya birbaşa ya da dolayı yolla tanıyan digər şəxslərdən alınmışdır. Tədqiqatın davamında Əhdi təzkirəsində Eşqi, Qəndi, Qüdsü və Həlaki ilə bağlı təqdim edilən məlumatların Səhi və Lətifi təzkirələrindən əldə edildiyini söyləmək mümkündür. Təzkirədə Azərbaycan şairləri haqqında verilən məlumatlar da xüsusi maraq doğurur. Buraya aşağıdakı şairləri daxil etmək olar: Əflatun, Bəsiri, Pənahi, Bidari, Cəlili, Həsiri, Xəlifə, Hali, Xəlili, Zehni, Ruhi, Rindi, Zayi, Arifi, Əli Bağdadi, Ətiqi, Füzuli, Fəzli, Mir Qədri, Mürətti Bağdadi, Həmdəmi.[19]

Əhdinin əsərdə bəhs etdiyi ailə üzvləri

[redaktə | mənbəni redaktə et]

Şəmsi Bağdadi Əhdinin atasıdır. Əhdi onun haqqında yazır: ”Şəmsi əhli-elm zümrəsindən raqimi-hurufin babasıdır. ...Məsnəvi bəhrində üç kitab nəzm etmişdir.Hər biri məqbuli-füzəlayi-zəman,pəsəndidəyifüsəhayi-cəhan olmuş,əlhəq ol nikuxisal olan piri-rövşəndil məzmuni-bəlağətnümun bulmağlə bimisal və səramədi-əmasil idi. ...və tərzi-ğəzəldə Divan tərtüb edib məqbuli-əhli-irfan olmuşdur”. Əhdi, Şəmsini öz atası, əhli-elm, Divan və üç məsnəvi müəllifi kimi təqdim etsə də,nədənsə məsnəvilərinin adını göstərmir. Əhdi təzkirəsinin əvvəlində atasının farsca yazdığı 7 beytini, söz haqqında məsnəvi şəklində yazdığı yenə farsca 5 beytini, Qanuni üçün yazdığı 3 dildə müləmma adlı qəsidəsindən 1 beytini verib.[20]

Hüseyni Bağdadi (-1578) Şəmsi Bağdadinin qardaşı, Əhdi Bağdadinin əmisidir. Hüseyni əsasən Azərbaycan və fars dillərində şeirlər qələmə almışdir. Haqqında başqa mənbələrdə məlumata rast gəlinmir.1578-ci ildə vəfat etmişdir və Kərbalada dəfn edilmişdir.[7][21]

Rindi Bağdadi Hüsni Bağdadinin oğlu, Əhdinin əmisi oğludur. Haqqında ilkin məlumat “Gülşəni-şüəra” əsərindədir:”Rindi Bağdadidir.Raqimi-təzkirənin əmucəsi oğludur. “Təbiəti-şər”iəsi ğayətdə xub və tərzi-nəzmi-bəlağətnümasi mərğubdur. ...üslubi-nəzmdə sahibi-divan və qəsidə və müəmmadə məaniyi-xasi-firavandır.[22] Həmişə ol yari nikəndiş əşki cəvan ilə təşvişə düşmiş rindü laubali və aşıq-pişə kimsədir.” Rindi 1585-ci ildə (h.993) həyatdan köçmüşdü.[7] Əhdi, Rindinin müxtəlif şeirlərindən bir neçə beyti və bütün qəzəlini nümunə kimi göstərmişdir.[22]

Zöhdi Bağdadi.Bağdadda yaşayıb-yaradan şailərdən olan Zöhdi Bağdadi Rindinin oğlu, Hüsninin nəvəsi, Şəmsinin nəticəsi və Əhdinin əmisi nəvəsidir. Onun da haqqında məlumat “Gülşəni-şüəra”davə Ruhi Bağdadinin Divanındadır. Əsərdə Rindinin ölümü ilə bağlı Zöhdinin söylədiyi tarix göstərilir.[22]

Muradi Bağdadi. Əhdinin kiçik qardaşıdır. Əhdi onu təzkirəsində Muradi Bağdadi başlığı ilə tanıdır. Əhdi “Gülşəni-şüəra” təzkirəsində Muradinin şairliyindən, zamanında istedadı ilə tanınmasından söz açır. O, 1562-63- cü ildə (h.970) qürbətdə olarkən qardaşından aldığı məktuba özünün bir şeirini əlavə etməsindən yazır: ”Bu bəndəyi kəmtərün kiçik bəradəridir. Ulumi zahirə mümarəsət göstərib hər an mülazəməti əhli mərifət edib təhsil etmədən xali degül ümmiddür ki,əhli hünərdən bəhrəmənd və noqsanın təkmil kılıbərcmənd ola. Zira ki, hafızi kəlami məcid və kavaidi təcvid bilmədə fərid və nakşu əməl və savtu qəzəl oxuması avazi həzinlə mərgubdur. Və şeir icadında təbiəti ziyadə hub vaqi olmışdur. Sabıkan səbin və tisa miədə bir məktubi məhəbbət-əfzun bu diyari gurbətdə cigəri pür-hun və kuşeyi bituşədəxali Didərgin olan bəndyi mahzunə irsal qılmış içində bir qəzəli bibədəl səbt etmiş.”[23] O həmçinin Muradinin avaz-ı həzin ilə oxuduğu qəzəllərini hərkəsin bəyəndiyini, şeirdə yeni üsullar axtardığını qeyd edir. [11]

Əsərin quruluşu

[redaktə | mənbəni redaktə et]

Əhdi Bağdadi ilk əvvəl təzkirəsini üç rövzəyə ayırmışdı. Sonralar müəllif əsərə yenidən düzəlişlər edərək, h. 1001/1592-93-cü illərə qədər bəzi şairlər haqqında əlavə məlumatlar daxil etmiş və təzkirəsinə dördüncü rövzəni də artırmışdır. Dördüncü rövzəyə əlavə olunan şairlər aşağıdakılardır: Təmərrüd Əli Paşa, Həsən Paşa, Mehmet Paşa, Əhməd Paşa, Əhməd bəy, Dərviş bəy, Ömər bəy, Təbi, Gərmi bəy, Feyzi, Mövlana Əhməd Həriri, Ülfəti, Əhməd Zərif, Atəşi, Bəyani, Turabi, Cəmali, Xayiri, Həmdi, Hüseyni, Hökmü bəy, Xürrəmi, Hisali, Xülusi, Xadimi, Xumari, Xəndan, Duayi, Ruhi Bağdadi, Ruhi Çələbi, Zari, Zöhdi, Sami, Sai, Səmai, Şərhi, Şəmsiyi-Divanə, Ziyai, Tüfəngi, Tərzi, Təriqi, Zühuri, Elmi, Arif, Əbülvahid, Adni bəy, İzari, Ətiqi, Qafuri, Fəxri, Mövlana Katib, Ləli, Lisani, Mühiti Əfəndi, Mühyi, Minnəti, Natiqi, Nüsrəti, Vəhdəti, Vəsfi.[24]

Beləliklə, “Gülşəni-şüəra”nın ilk variantı müqəddimə, üç rövzə və bir xatimədən ibarət idi. Təzkirənin tam nüsxəsi isə dörd rövzədən ibarətdir. İlk variantda təzkirədə Qanuni dövrü şairlərindən bəhs olunurdusa, əlavələr nəticəsində əsərə II SəlimIII Murad dövrü şairləri də daxil edilmişdir.[25]

«Gülşəni-şüəra»nın müqəddiməsində Qanuni Sultan Süleyman və şahzadə Sultan Səlim tərif edilmiş, «Səbəb-i nəzm-i kitab» başlığı altında Türkiyə səfərini, İstanbulun elm adamları və şairləri ilə tanışlığını, Bağdada qayıtmasını təsvir etmişdir. Təzkirəçi «Səbəb-i təlif-i kitab» sərlövhəsi altında təzkirənin yazılma səbəbini izah edir:

“Səlatini-izamun və üləmayi-fixamun və sahibi-Нövlətani xubcamalun və eyşü nuş itdügüm şüərayi-şeirin maqalun və xidmətlərinə irişüb söhbətlərindən müstəfid olduğum kimsələrdə nəvsafi-xamisin guş qıldığım füsəhayi-niku-xisalün məmha-əmkən tətəbbüyi-əhval idüb dörd rövzə təriqilə əla-qadrit-takə bu bir neçə pərişan əvraqa cəm qılıb “Təzkireyi-ərbabi-səfa ani “Gülşəni-şüəra” diyü nam verildi”[26]

C.S.Robinson ədəbiyyatın bu janrında özünü sınamış iki sələfi və çoxsaylı xələflərindən fərqli olaraq Əhdinin onu bu işə sövq edən adi səbəblərin adını çəkmədiyini yazır və əlavə edir: «Əhdinin sətraltı fikirlərini oxuyarkən belə bir nəticəyə gəlmək olur ki, «Gülşəni-şüəra» təzkirəsinin tərtibi, çox ehtimal ki, müəllifin Anadolu və İstanbul camaatına minnətdarlıq rəmzi olaraq Osmanlı ədəbiyyatı tarixinə şəxsi töhfəsini vermək arzusundan doğmuşdur. Ehtimal ki, təzkirə yazmaqda o, iki məqsəd güdmüşdür: Rum xalqına öz təşəkkürünü bildirmək və Bağdad əhlini məlumatlandırmaq».[27]

Təzkirənin birinci rövzəsində Qanuni Sultan Süleyman, Şahzadə Sultan Səlim və digər şahzadələr, ikinci rövzədə dövrünü tanımış hökumət xadimləri, üçüncü rövzədə alimlər və müdərrislər, sancaq bəyləri və əyalət dəftərdarları haqqında məlumatlar verilmişdir. Dördüncü rövzədə isə əlifba sırası ilə müasiri olan şairlər haqqında məlumat və əsərlərindən nümunələr verilmişdir.[25][24]

Əsərin nüsxələri

[redaktə | mənbəni redaktə et]

S.Solmaz təzkirənin on ikisi Türkiyədə, yeddisi digər ölkələrdə olmaqla on doqquz nüsxəsini üzə çıxarmışdır. Tədqiqatçı elmi-tənqidi mətni hazırlayan zaman bunlardan yalnız Rusiya, İngiltərəMisir nüsxələrini əldə edə bilmədiyini xüsusi vurğulayır. Bu nüsxələrin bəziləri 4 bəziləri isə 3 rövzəlidir.[28]

3 rövzəli nüsxələr aşağıdakılardır:[29][28]

1. İstanbul Universiteti Kitabxanası, İbnül-Əmin kitabları 3111(Ü 1)

2. İstanbul Universiteti Kitabxanası TY 9598 (Ü 2)

3. Süleymaniyə Kitabxanası, Halət Əfəndi 107 (S)

4. Topqapı Sarayı Muzeyi Kitabxanası, Xəzinə 1303 (T)

5. Ankara Genel Kitablığı, Adnan Ötükən 47 (AÖ)

6. İzmir Milli Kitabxanası 1154 (İ)

7. Paris Milli Kitabxanası Turc.518 (P)

8. Berlin Kitabxanası Ms.or.oct 3449 (BE)

9. Bayəzid Dövlət kitabxanası 10266 (B)

10. Vyana Kitabxanası 379 (W)

11. Yuqoslaviya Kitabxanası (Y)

12. Bursa İl Halk Kütüphanesi (BR)

4 rövzəli nüsxələr aşağıdakılardır:[30][31]

1. Fateh Millət kitabxanası, Əli Əmiri 774 (F)

2. İstanbul Universiteti kitabxanası, Ty. 2604 (Ü)

3. Agah Sırrı Levend nüsxəsi, Türk Dil Kurumu kitabxanası, B-55(A)

4. İstanbul Divan Ədəbiyyatı Muzeyi 669 (D)

5. London Britaniya Muzeyi Add. 7876 (L)

6. Misir Qahirə Milli Kitabxanası M. 108 (M)

7. Sankt-Peterburq Dövlət Universiteti, Şərq bölməsi, T-16

S. Solmaz qeyd edir ki, 4 rövzəli nüsxələrin əksəriyyəti XX əsrdə köçürülmüşdür. Fateh nüsxəsinin köçürülmə tarixi məlumdur. Tədqiqatçı həmçinin 3 rövzəli nüsxələrdə şairlərin sayı baxımından fərqlər olduğunu aşkara çıxarmışdır. Ən çox şairi əhatə edən nüsxə Bəyazid nüsxəsidir və burada 313 şairin haqqında məlumatlar öz əksinin tapır. Vyana nüsxəsində 254 şairdən bəhs olunub. Süleymaniyə nüsxəsində 293 şair adı çəkilir. S.Solmaz belə qənaətə gəlir ki, təzkirənin üç redaksiyası var. Dörd rövzəli nüsxələr üçüncü, Bayəzid və Süleymaniyə nüsxələri ikinci, Berlin və Vyana nüsxələri isə ilk redaksiyaya aiddir.[29]

Tədqiqatçı 2022-ci ildə yayımladığı “GÜLŞEN-İ ŞU’ARÂ’NIN PETERSBURG NÜSHASI’NA DAİR TESPİT VE DEĞERLENDİRMELER” adlı məqaləsində dissertasiya işini yazarkən tam tanış olmadığı Peterburq nüsxəsi barədə yeni məlumatlar vermişdir. Bu əlyazma karton üzlü, kənar hissəsi dəri örtüklü, miqləbli cilddir. Zahriyyə hissəsində ərəb hərfləri ilə bir Bismillah yazısı var, onun altında isə kiril hərfləri ilə rusca “Kitabı göstərilən müddətdə kitabxanaya geri gətirin, o müddətdən sonra təhvil vermək olmaz” yazılmış bir etiket var. 1a səhifəsində isə bir möhür mövcuddur, lakin bağlama miqləb qapandığı üçün möhür oxunmur. Əlavə olaraq "Dağıstan Dövlət Universiteti Şərqşünaslıq İnstitutu Kitabxanası" (Rusca) yazılmışdır.[32]

Əlyazmanın 1b səhifəsi əsərdə adı çəkilən şairlərin siyahısı ilə başlanır. Bu mətnin ilk səhifəsindən sonra "b" hərfinə qədər olan hissənin ehtimal ki, qopmuş olduğu düşünülür. İlk səhifədə padşah və şahzadələr təqdim edildikdən sonra "b" hərfi ilə başlayan siyahı verilib. Qalan səhifələr 3 rövzəli nüsxələrlə örtüşür.[32]

6a səhifəsində “Yâ Kebîkeç” (2 dəfə yazılmış), “Tezkire-i Ahdî bin Şemsî-i Bağdâdî, Əz Şuarâ-yı Qadîm ibnü'ş-şu'arâ-i Əcəm” başlığı var. Bu başlığın altında qırmızı rənglə “şair və kamil, məharətli olduğu şairlər arasında məşhurdur” yazılmışdır. Eyni qələmlə “Şüara-yı qədîmün əksəri təslimiyyət ilə müterifdirlər və təzkirə adı Gülşəyi-Şüəra olaraq qeyd olunmuşdur və tərtib olunma tarixi 971-ci ildir” şəklində bir izahat verilir.[32]

Eyni səhifənin kənarında əsərin katibi olaraq Abdullah ibn İbrahim Üsküdarinin adı yazılmışdır. Həmçinin “Əhdi ibn Şemsi Bağdadinin Rum diyarına səyahəti 960-cı ildə olmuş və təzkirənin tərtibi 970-ci ildə başa çatmışdır” yazısı qeyd olunur. Bundan başqa ərəb dilində bir ifadə də var. Əlyazmanın köçürülmə tarixi isə əsərin son hissəsində “Temmetül-kitab” başlığı altında 1107-ci il olaraq verilib.[32]

  1. 1 2 3 Solmaz, 2018. səh. 4
  2. Musalı, 2011. səh. 682
  3. Səlimbəyli, 2018. səh. 56
  4. Səlimbəyli, 2018. səh. 43
  5. Bedestani, 2018. səh. 4
  6. Bedestani, 2018. səh. 7
  7. 1 2 3 Mazıoğlu, 1979. səh. 97
  8. 1 2 Bedestani, 2018. səh. 8
  9. Musalı, 2012. səh. 106
  10. Mazıoğlu, 1979. səh. 98
  11. 1 2 Mazıoğlu, 1979. səh. 100
  12. Güler, 1994. səh. 107
  13. Musalı, 2011. səh. 684
  14. Solmaz, 2018. səh. 19
  15. 1 2 Səlimbəyli, 2018. səh. 54
  16. Solmaz, 2018. səh. 20
  17. Solmaz, 2018. səh. 21
  18. Solmaz, 2018. səh. 22
  19. Musalı, 2012. səh. 112
  20. Mazıoğlu, 1979. səh. 96
  21. Səlimbəyli, 2018. səh. 59
  22. 1 2 3 Səlimbəyli, 2018. səh. 60
  23. Səlimbəyli, 2018. səh. 61
  24. 1 2 Musalı, 2012. səh. 109
  25. 1 2 Səlimbəyli, 2018. səh. 45
  26. Musalı, 2012. səh. 110
  27. Musalı, 2011. səh. 683
  28. 1 2 Musalı, 2012. səh. 114
  29. 1 2 Solmaz, 2018. səh. 24
  30. Solmaz, 2018. səh. 25
  31. Musalı, 2012. səh. 115
  32. 1 2 3 4 Solmaz, 2022. səh. 467
  • Ayşe Bedestani. XVI. YÜZYIL ŞAİRİ AHDÎ-İ BAĞDÂDÎ DÎVÂNI (türk). İstanbul: T.C.MARMARA ÜNİVERSİTESİ TÜRKİYAT ARAŞTIRMALARI ENSTİTÜSÜ TÜRK DİLİ VE EDEBİYATI ANABİLİM DALI ESKİ TÜRK EDEBİYATI BİLİM DALI. 2018.
  • Süleyman Solmaz. AHDÎ VE GÜLŞEN-İ ŞUʿARÂ’SI (İnceleme - Metin) (türk). Ankara: T.C. Kültür ve Turizm Bakanlığı Kütüphaneler ve Yayımlar Genel Müdürlüğü. 2018. ISBN 978-975-17-3437-2.
  • Mazıoğlu, Hasibe. "AHDİ-İ BAĞDÂDÎ VE ŞİİRLERİ". Belleten. 26-27. 1979: 95-150.
  • Musalı, Vüsalə. Azərbaycan təzkirəçilik tarixi (az.). Bakı: Elm və Təhsil. 2012.
  • ŞÖHRƏT SƏLİMBƏYLİ. XVI ƏSR AZƏRBAYCAN ƏDƏBİYYATININ BAĞDAD ƏDƏBİ MÜHİTİ: RUHU BAĞDADİNİN HƏYAT VƏ YARADICILIĞI (az.). Bakı: Avropa nəşriyyatı. 2018. ISBN 878-9952-454-10-9. (#redundant_parameters); (#redundant_parameters)
  • Güler, Zülfikar. Ahdi ve Gülşen-i şuara biblografiyası ve yayımlanmamış şiirleri (türk). Elazığ: Fırat Üniversitesi Sosyal Bilimler Dergisi. 1994. (#redundant_parameters)
  • Solmaz, Süleyman. GÜLŞEN-ŞÜARÂ’NIN PETERSBURG NÜSHASI’NA DAİR TESPİT VE DEĞERLENDİRMELER (türk). Eski Türk Edebiyatı Araştırmalar Dergisi. 2022. eISSN 2651-3013. (#redundant_parameters)