Güllük kənd məscidi və ya Güllük Cümə məscidi — 1727-ci ilə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Qax rayonunun Güllük kəndində yerləşir.
Güllük kənd məscidi | |
---|---|
41°29′55″ şm. e. 46°46′01″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Yerləşir | Güllük, Qax |
Tikilmə tarixi | XVIII əsr |
Üslubu | islam memarlığı |
Vəziyyəti | qəzalıdır |
Rəsmi adı: İNV № 4561 | |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Güllük kənd məscidi 1727-ci ildə Azərbaycanın Qax rayonunun Güllük kəndində yerli əhalinin dəstəyi ilə tikilib.[1] Məscidin fasadında inşa edildiyi tarixlə bağlı məlumat verən kitabə mövcuddur. Kitabədə məscidin hicri təqvimlə 1139-cu ildə[q 1] Əl-Cınıği tərəfindən inşa edildiyi qeyd olunub.[1]
Bir neçə dəfə dağılan məscid dəfələrlə bərpa olunub. Son dəfə XIX əsrdə ilisulu usta Məhəmməd Eldaroğlu tərəfindən bərpa edilib. Məscidin dam örtüyünün alınması üçün Hacı Zeynalabdin Tağıyev maddi dəstək olub.[1]
Məscidin həyətyanı sahəsində bir neçə qəbir və türbə də mövcuddur. Axund baba türbəsi məscidin qiblə istiqamətində yerləşir.[2][3] Türbənin üstü açıqdır və dördkünc qəbirdən ibarətdir. Qəbrin baş daşı çaylaq daşından hazırlanıb.[3] Burada vaxtilə bölgədə fəaliyyət göstərmiş və 1704-cü ildə dünyasını dəyişmiş Abbas Əfəndi dəfn edilib.[3][4]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[5] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[6] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[6][7] Güllük məscidi də bu dövrdə ibadətə bağlanıb, binasından anbar kimi istifadə olunub.[1]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 1992-ci ildə, məscid təkrar dindarların istifadəsinə verilib.[8] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[9]
Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş bir neçə zəlzələdən sonra məscidin binası qəzalı vəziyyətə düşüb.[10]
Məscidin tikintisində əhəng məhlulu çay daşı və kərpicdən istifadə olunub.[2] Binasının uzunluğu 21.3, eni 18, hündürlüyü 5.4 metrdir. 12 pəncərəsi, 1 qapısı mehrabı və kərpiclə hörülmüş 8 sütunu var. Məscid minarəsizdir. Eyvanında 2 ədəd sütun və sütunların yanlarında 2 mərtəbəli 4 otaq var.[1] Məscidin döşəməsi və tavanı taxtadandır.[8] Məscid formaca düzbucaqlıdır. Döşəmədən tavana qədər hündürlüyü 5 metrdir. Mehrabı sadədir və hündürlüyü 4 metrdir. 3 pilləli taxta minbəri var.[8]