Gümüş standartı — gümüşə əsaslanan pul sistemi.
Gümüş standartı Bizans imperiyasının dağılmasından sonra yarandı və düz XIX əsrə qədər hakim sistem idi. XVI əsrdə Potosi yaxınlığındakı Serro Rikoda böyük gümüş yataqları tapıldıqdan sonra beynəlxalq gümüş standartı ispan pesosu ilə əlaqələndirildi. Bu gümüş ispan dollarları təxminən dörd yüz il ərzində beynəlxalq ticarətdə dünya valyutası sayılırdı.
1704-cü ildə, Anna Stüart kraliça elan edildikdən sonra, Britaniya Vest Hindistanı dublonlar, ispan qızıl sikkələri ilə birlikdə qızıl standartını tətbiq edən ilk bölgələrdən biri oldu. 1717-ci ildə Kral zərbxanasının rəhbəri ser İsaak Nyuton gümüş və qızıl arasında yeni bir məzənnə tətbiq etdi və bu nəticədə Böyük Britaniya faktiki olaraq qızıl standartına keçdi. Napoleon müharibələrindən sonra Böyük Britaniya qızıl soverenləri tətbiq etdi və 1821-ci ildə rəsmi olaraq qızıl standartını qəbul etdi. Eyni zamanda, Latın Amerikasındakı inqilablar Potosi və Limadakı zərbxanalarda istehsal olunan gümüş dollarların (peso) tədarükünü dayandırdı. Britaniya qızıl standartı ilk olaraq bəzi Britaniya koloniyalarına, xüsusən də Avstraliya və Cənubi Afrika müstəmləkələrinə yayıldı, amma Şimali Amerika müstəmləkələri, Britaniya Hindistanı və Cənub-Şərqi Asiyaya yayılmadı. Kanada əyaləti 1853-cü ildə, Nyufaundlend koloniyası isə 1865-ci ildə qızıl standartını qəbul etdi. 19-cu əsrin ikinci yarısında ABŞ-da qızıl və gümüş standartları arasındakı seçim siyasi müzakirələrin vacib bir hissəsi idi, nəticədə 1873-cü ildə qızıl standartına keçid başladı. Elə həmin ildə Almaniya İmperiyası qızıl markaları tətbiq edərək qızıl standartına keçdi və sonrakı 35 il fərzində demək olar ki, bütün digər ölkələr qızıla keçdilər. 1900-cü ildə gümüş standartını yalnız Meksika, Çin və Britaniya koloniyaları Hong Kong və Veyhay saxlamışdılar. 1835-ci ildə Çin və Honkonq gümüş standartından imtina edəndən sonra, bu pul sisteminin sonu gəldi.[1]