Gürcüstan Azadlıq Komitəsi (gürc. საქართველოს დამოუკიდებლობის კომიტეტი, Sak’art’velos damoukideblobis komiteti) və ya Paritet Komitəsi (gürc. პარიტეტული კომიტეტი, Paritetuli komiteti) — 1920-ci illərin əvvəllərində Gürcüstan Sovet Sosialist Respublikasının ərazisində fəaliyyət göstərmiş yeraltı anti-sovet təşkilatı. Gürcü xalqı arasında daha çox "Damkom" (damoukideblobis komiteti, azadlıq komitəsi) qısaldması ilə tanınmışdır. Komitə 1924-cü ilin avqust ayında Gürcüstanda baş tutmuş avqust qiyamının hazırlanmasında və həyata keçirilməsi işinə rəhbərlik etmişdir və daha çox bu qiyamla tanınmışdır.
Komitə 1922-ci ilin may ayında Sosial Demokrat Partiyası və keçmiş müxalif partiyalarından olan Milli Demokratik Partiyası və Federalist Partiyası ilə aparılmış müzakirələr əsasında yaradılmışdır. Hər bir partiya Damkomda bir nəfər nümayəndə ilə təmsil olunurdu və təşkilata rəhbərliyi isə Sosial Demokrat Partiyasından olan şəxs həyata keçirdirdi. Gürcüstam Azadlıq Komitəsinin ilk rəhbəri Gogita Paghava olmuşdur. Rəhbərlik etdiyi qısa dövrdə, təşkilatın fəaliyyəti SSRİ-nin gizli polis təşkilatı Çeka tərəfindən müəyyənləşdirilmiş və Gogita Paghava həbs edilmişdir.
Sədr postu qısa müddətli Nikoloz Karsivadzeyə keçdikdən sonra 1923-cü ilin 17 mart tarixində vəzifəyə Kote Andronikaşvili gətirilmişdir. Damkomun katibi vəzifəsini isə təşkilatın mövcud olduğu dövr ərzində Milli Demokrat Partiyasından Yason Cavaxişvili icra etmişdir. Damkom üzvlərinin aralarında imzalanmış saziş, bolşevik rejiminin ümummilli qiyam yolu ilə devrilməsini, Gürcüstan Demokratik Respublikasının bərpasını və koalisiya hökumətinin qurulmasını nəzərdə tuturdu. Komitə sürgündə olan Gürcüstan Demokratik Respublikasının sürgün hökuməti və onun Türkiyənin İstanbul şəhərində yerləşən Konstantinopol Bürosu adı ilə tanınmış rəsmi ofisi ilə sıx əməkdaşlıq münasibətləri yaratmışdır.
Komitənin hərbi bürosuna istefada olan general Kote Abxazi başçılıq etmiş və onun üzərinə xalqın üsyana hazırlanması vəzifəsi qoyulmuşdur. Gürcüstan Demokratik Respublikasının sürgün hökumətinin heyətində təmsil olunan keçmiş Menşevik hökumətinin bir neçə üzvü, o cümlədən keçmiş kənd təsərrüfatı naziri Noe Xomeriki, habelə Xalq Qvardiyasının keçmiş komandiri Valiko Jugheli gizli şəkildə sürgündən qayıdaraq avqust qiyamının hazırlanması prosesində yaxından iştirak etmişdir. Gürcüstan Sovet Sosialist Respublikasının gizli polisi Çekanın yeni təyin olunmuş rəis müavini Lavrenti Beriya Gürcüstan Azadlıq Komitəsinin sıradan çıxarılması ilə bağlı həlledici əməliyyatlar keçirmişdir.
Lavrenti Beriya və Çekanın əməkdaşları gürcü müxaliflərin aralarına sızaraq, təşkilatın hədəfləri və məqsədləri haqqında ətraflı məlumatlar öyərnmişdir və bu işdə onlara Gürcüstan Demokratik Respublikasının müxalif siyasi partiyalarından biri olan Milli-Demokrat Partiyasının gənc üzvü Kote Misabişvili yaxından köməklik göstərmişdir. Kote Misabişvilinin 1923-cü ilin fevral ayında Çeka gizli polisinə ötürmüş olduğu məlumatlar əsasında demək olar ki, Gürcüstan Azadlıq Komitəsinin bütün gizli fəaliyyəti gizli polis tərəfindən aşkarlanmışdır.
Gürcüstan Azadlıq Komitəsinin hərbi bürosunun 15 üzvü və o cümlədən komitənin aparıcı simalarından olan Kote Abxazi, Aleksandr Andronikaşvili, Varden Tsulukidze, polkovnik Georgi Ximişvili, Elizbar Qulaşvili və Rostom Muskelaşvili kimi şəxslər 1923-cü ilin 20 may tarixində edam edilmişdir. Komitə fəallarının edam edilməsindən bir il sonra 1924-cü ilin 29 avqust tarixində avqust qiyamına start verilmişdir. Plana əsasən Gürcüstanın müxtəlif bölgələrində eyni anda qiyam hərəkatı başladılmalı və dövlət qrumlarının binalarına hücumlar təşkil edilməli idi. Üsyançılar arasındakı rabitə əlaqəsinin zəif olması və bütün ölkə əhalisinin üsyanlara dəstək verməməsi nəticəsində istənilən nəticə əldə olunmamışdır. Çiatura şəhərində üsyanın bir gün əvvəl, 28 avqust tarixində başlamasıda bu faktları bir daha sübut edir.
Üsyan hərəkatı üç həftə ərzində Gürcüstanın müxtəlif bölgə və şəhərlərində davam etmiş, daha sonra isə Qızıl ordu və Çeka birliklərinin birgə fəaliyyəti nəticəsində Gürcüstan Sovet Sosialist Respublikasının bütün ərazilərindəki üsyan hərəkatı yatırılmışdır. Üsyan hərəkatının yatırılması bir necə min insanın öldürüldüyü genişmiqyaslı repressiyalarla müşayiət olunmuşdur. 4 senyabr tarixində gizli polis Çeka tərəfindən Msxeta şəhəri yaxınlığında yerləşən Şio-Mqvime monastır kompleksinin daxilində hazırlanmış gizli Damkom bürosunu aşkarlamış və orada gizlənən Gürcüstan Azadlıq Komitəsinin başçısı, şahzadə Kote Andronikaşvili və digər rəhbər şəxsləri həbs etmişdir.
Həmin gün Lavrenti Beriya, həbs edilmiş təşkilat rəhbərləri ilə Tbilisi şəhərində görüşmüş və komitənin ölkənin müxtəlif bölgələrində silahlı müqavimət göstərməyə davam edən döyüşçülərinə silahı buraxmağı əmr edən bəyannamə verməyi təklif etmişdir. Ələ keçirilməmiş komitə üzvləri, kütləvi edamların dayandırılması müqabilində silahı buraxmağa hazır olduqlarını bəyan etmişdilər. Lavrenti Beriya qiyamçılarla ilkin razılığa gəlmiş və verilən təklifi qəbul etmişdir. Tərəflər arasında toqquşmaların dayandırılması barədə razılığın əldə olunmasına baxmayaraq, qısa zamanda ələ keçirilmiş müxalifət və komitə liderləri öldürülmüşdür. 1924-cü ilin sentyabr ayının ortalarında Damkomun silahlı dəstələrinin əksəriyyəti məhv edilmiş və qiyam məğlub olmuşdur.