Gədəbəy rayonunun abidələri

Kiçik Qaramurad ətrafında qeydə alınmış mağara və Qalakənd kəndindən tapılmış materiallara görə Gədəbəyin tarixi daş dövrünə (mezolitə) gedib çıxır. Buradakı arxeoloji abidələr tunc və ilk dəmir dövrünə aid qəbirlərlə, daş qutu qəbirlərlə, kurqanlarla, qədim qalaçalarla, ibadətgahlarla izlənilir.

Gədəbəy abidələrinin zənginliyi XIX əsrdən dünya alimlərinin diqqətini cəlb edib. Simensin misəritmə zavodunun tikintisi ilə əlaqədar görülən torpaq işləri zamanı ərazidə tapılan maddi-mədəniyyət nümunələri zavodun əməkdaşı V.Belkin diqqətini çəkir. 1888-1890-cı illərdə o Gədəbəydə və ətraf kəndlərdə 300-dən çox daş qutu qəbir abidəsi qazır. V.Belk tədqiq etdiyi qəbirlərdən əldə etdiyi yüzlərlə nümunələri Almaniyaya R.Virxova göndərir. Bu materiallar əsasında R.Virxov özünün "Qafqazın mədəni-tarixi əhəmiyyəti" adlı monoqrafiyasını yazır və Gədəbəyin zəngin arxeoloji materialları əsasında Berlində, o vaxtlar dünyada analoqu olmayan muzey yaradır. 1896-cı ildə Moskva arxeoloji cəmiyyətinin üzvü A.A.İvanovski Gədəbəydə yenidən arxeoloji qazıntı işləri aparır və 72 ədəd daş qutu qəbir qazır.

26 illik fasilədən sonra 2005-ci ildən rayonun arxeoloji abidələri yenidən öyrənilməyə başlandı. 2005-2006-cı illərdə kəşfiyyat xarakterli qazıntı işləri aparmaq üçün bölgədə kiçik dəstədən ibarət ekspedisiya fəaliyyət göstərib, rayonun arxeoloji abidələrlə zəngin olan Daryurd kəndində tədqiqat işləri aparılıb.

2007-ci ildə Azərbaycan-Fransa Beynəlxalq arxeoloji ekspedisiyası Gədəbəyin mis yataqlarında kəşfiyyat xarakterli tədqiqatlar aparıb. Prezidentin məlum fərmanından sonra Azərbaycanın, o cümlədən Gədəbəy rayonunun tarixi və arxeoloji abidələrinin tədqiqi daha da genişləndirildi. 2008-2009-cu ildə Daryurdda tədqiqatlar davam etdirildi. Nəticədə bir neçə qədim nekropol qeydə alındı və son tunc – ilk dəmir dövrünə aid qəbir abidələrində arxeoloji qazıntı işləri aparıldı. Memarlıq abidələrindən Söyüdlü kəndində (Şəmkirçayının üstündə) Namərdqala / Qız qalası (9-cu əsr) və Çarekvəng monastırı , Novosaratovka kəndində məbəd (1535), Qalakənd kəndində Koroğlu qalası (16 cı əsr), Böyük Qaramurad kəndində qala (1634), Dikdaş kəndi ərazisində (Bayram dərəsində) alban kilsəsi və Həmşivəng məbədi, Çaldaş kəndində Çaldaş məbədi, Səbətkeçməz kəndində üç körpü (19 cu əsr), və s. qalmışdır. Gədəbəy rayonu ərazisindəki abidələr Azərbaycan tarixinə Xocalı-Gədəbəy mədəniyyəti adı ilə daxil olmuş mədəniyyətin tərkib hissələridir. Burada tunc dövrünün sonuna aid siklopik tikililər, Böyükqala qalası, Qalakənd qalası (XVI əsr), Qız qalası (Onu Namərd-qala da adlandırırlar, IX əsr), XIX əsrdə tikilmiş tağlı körpü var.

Azərbaycan ın dağ qalaları içərisində Gədəbəy dəki Qız qalası yaxşı durumda olması, tikinti materialı, ən başlıcası isə memarlıq biçimlərinin son dərəcə monumentallığı ilə seçilir. Bu qala elmi ədəbiyyata Namərd qala adı ilə daxil olsa da yerli əhali qalanı daha çox Qız qalası adlandırır. İndiki halda Qız qalasının nə vaxt və hansı tarixi zərurət üzündən tikilməs məlum deyil. Əsas inşaat materialı və tikinti-memarlıq xüsusiyyətlərinə görə araşdırmaçılar onu XII yüzil – Eldənizlər dövrünün əsəri sayırlar. Qalanın yerləşdiyi Söyüdlü kəndi sıx meşəli dağlar arasındadır. Bu yerlərin axar-baxarlı təbiəti, heyrətləndirici gözəl dağ landşaftı var. Kənddən 7 km aralıda zirvəsinin qeyri-adi silueti ilə bir dağ diqqəti özünə çəkir. Yaxınlaşdıqca zirvədəki memarlıq kütlələri yavaş-yavaş aydınlaşır. Qarşıda əzəmətli bir qala bu əlçatmaz yerlərdə insan əlinin möcüzəsi kimi yüksəlir. Qala əldən -ayaqdan uzaq bir yerdə, çox ağır dağ şəraitində tikilmişdir. Dağ qalalarının çoxunda olduğu kimi bu qalalı dağ da silsilədə ada vəziyyəti tutur. Dağın ətəklərini iki yandan Şəmkir və Mis çayları yuyur. Azərbaycanda olan digər Qız qalalarından fərqli olaraq Söyüdlüdə yerləşən qalanın daha yığcam, biçimcə monumental, şəhər qalalarına bənzəyən, çoxbucaqlı bitkin planı vardır. Çətin dağ şəraitində belə aydın və dəqiq memarlıq quruluşu yaratmaq onu ucaldan memar və ustaların yüksək bacarığından soraq verir[4]. Qalanın bucaqlarında dairəvi biçmli möhtəşəm bürclər yüksəlir. Onun əzəmətli surətinin aparıcı elementləri bu bürclərdir. Qala sərt dağ relyefinə uyğun olaraq içəridə iki səviyyəlidir. Üst qatda, dağın ən uca yerində planda beşbucaqlı biçimli olan içqala yerləşir. Cənubdan içqalaya ondan xeyli aşağı səviyyədə olan qalanın ikinci bölümü birləşir. Plan quruluşu və memarlıq biçimləri dağlıq yerlə birlikdə qalanın müdafiəsini olduqca dayanıqlı etmişdir. Dağ qalaları bir qayda olaraq ətrafdakı qayalardan və çay yataqlarından gətirilən daşlardan – yerli laltı materialdan inşa edilirdi. Namərd qalanın başqa dağ qalalarından bir fərqi də ondan ibarətdir ki, onun azman memarlıq kütlələri bişmiş kərpicdən ucaldılmış, divar səthləri isə bayırdan bir sıra cilalı kərpiclə üzlənmişdir. Dağ başında kvadrat biçimli kərpicdən nəhəng tikinti işlərinin aparılması qalanı tikdirən sifarişçinin geniş imkanları olduğunu, tikintiyə böyük işçi qüvvəsinin, yüksək ixtisaslı sənətkarların cəlb edilməsini göstərir. Abidədə tikinti işlərinin keyfiyyəti də olduqca yüksəkdir. Namərd qalanın özümlü cəhətlərindən biri də içqalanın bayır səthlərində maşikulların ikiqatlı olmasıdır. Araşdırmaçılar bunu qaladakı evlərin və bürclərin içərisindəki otaqların ikimərtəbəli olması ilə izah edirlər. Divar və bürclərin ortasından kəmər kimi keçən və yuxarıda onları tac kimi tamamlayan bu iki sıra maşikullar Qız qalasının müdafiəsini xeyli gücləndirməklə yanaşı onun görkəminə də böyük təbii gücə və təntənə gətirir.

Çarekvəng Monastrı

[redaktə | mənbəni redaktə et]

Şəmkir çayı ətrafındakı şəhər xarabalığında müasir dövrə qədər salamat qalmış abidələrdən biri də Çarekvəng məbədidir. Abidənin Mahrasa məbədi olması ilə bağlı iddialar Abidənin adına əsaslanaraq demək olar ki, Mahrasa məbədi yarandığı ilkin mərhələdə göy cisimlərinə etiqad olunan müqəddəs yer kimi tanınmışdır. Hətta IV əsrin əvvəllərində Qafqaz Albaniyasında xristianlığın yayılmasına baxmayaraq Mahrasa atəşpərəsliyin möhtəşəm məbədlərindən biri kimi fəaliyyət göstərmişdir. "Mahrasa" sözünün elmi təhlili də bu fikri təsdiq edir. Belə ki, sözün kökü olan "mah" həm farsca, həm də türkcə "ay" deməkdir. "Rəsad" isə göy cisimləri müşahidə olunan yerə deyilir. İki söz birləşməsindən "Mahrəsad" yaranır. Sözün sonunda gələn "d" səsi çətin ifadə olunduğuna görə məbəd "Mahrasa" adlandırılmışdır. Azərbaycan ın Gəncə, Kəlbəcər və başqa ərazilərində də mahrasa adını daşıyan abidələrimiz vardır. Bu abidələrdə də aya sitayiş izləri, divar təsvirləri qeydə alınmışdır. I əsrdə yaşamış yunan coğrafiyaşünası Strabon Albaniyanın dağlıq hissələrində möhtəşəm ay məbədlərinin tikilməsi haqqında geniş məlumat vermişdir. Strabonun verdiyi məlumata görə Ay məbədlərinin içərisi Ay İlahəsinə həsr olunmuş barlyeflərlə, divar rəsmləri ilə bəzədilmişdir. Həmin məbədlərin müxtəlif yerlərində Ayın, Günəşin təsvirləri həkk olunmuşdur. Bu məbədlərin böyük torpaq sahələri olmuşdur. Burada çoxlu qullar, nökərlər işləmişdir. Ay məbədlərinə kahinlər rəhbərlik etmişlər. Baş kahin ölkənin ən nüfuzlu şəxslərindən sayılmışdır. Ay məbədləri Albaniyada xristianlığın yayıldığı zamana qədər fəaliyyət göstərmişdir. Tarixi məlumatlara görə İran şahı II Xosrovun yaxın qohumu Mehran 30 min ailə ilə birlikdə buraya gəlmiş, məbəddə yaşayan 12 nəfər kahini öldürmüş və məbədə sahib olmuşdur. Mehranilər xristianlığı qəbul etdikləri üçün bura sonradan rekonstruksiya olunaraq xristian kilsəsinə çevrilmişdir. Xristian kilsələrinin tikintisində yunan əsirlərindən də istifadə olunmuşdur.

Koroğlu Qalası

[redaktə | mənbəni redaktə et]

Gədəbəy rayonunun Qalakənd və Miskinli kəndləri araslnda sıldırım qayalığın zirvəsində yerləşir. Azərbaycanın xalq qəhrəmanı Koroğlunun adı ilə bağlı qalalara respublikamızın Şəmkir, Gədəbəy, Tovuz və s. rayonlarının ərazilərində rast gəlmək olar. Əsasən, XVII əsrdə inşa edilmiş Koroğlu qalalarının ümumi cəhəti onların hərbi-strateji baxımdan uca, əlçatmaz yerlərdə tikilməsidir. Koroğlu qalaları özünəməxsus memarlıq xüsusiyyətlərinə də malikdir. Gədəbəy rayonunda sıldırım qaya üzərində ucalan möhtəşəm Koroğlu qalası strateji baxımdan alduqca əlverişli yerdədir. Qalanın qərb tərəfı sıldırım qayalıqdır. Qala divarlarının eni bir metrə yaxındır. Qalanın daxilində müxtəlif tikililərin xarabalıqlarına rast gəlmək olar.Müdafiə məqsədi ilə inşa olunan «Koroğlu» qalasının yeraltı gizli yolu və gizli su xətti də aşkar edilmişdir. Saxsı borularla haradansa çəkilən su qalanın içərisində inşa endilmiş anbara daxil olur, oradan isə yeraltı borular vasitəsilə axıb Miskinli kəndinin içindən keçən çaya tökülür. Gədəbəy rayonu ərazisində Koroğlunun adı ilə bağlı zağa, dərə, qalaça, qaya və xalq arasında bunlarla bağlı müxtəlif əfsanələr mövcuddur. Bakı Dövlət Universitetinin dosenti, coğrafiya elmləri namizədi Nadir Məmmədovun 1993-cü ildə çapdan çıxmış "Azərbaycanın yer adları" adlı kitabında bununla əlaqədar çox maraqlı məlumatlar verilmişdir. Müəllif yazır: "Gədəbəy rayonu Dördlər kəndi yaxınlığında Koroğlu qayası vardır. Xalq içərisində rəvayətə görə, Koroğlu əvvəlcə həmin qayanın üstündə gəzib, buradan düşmənlərinin gəlib-gəlmədiyinə göz qoyurmuş. Eyni ərazidə Koroğlu yarğanı adı da qeydə alınmışdır. Söylənilən rəvayətə görə, bu, Koroğlu qayadan Qıratın belindən sıçrayıb düşdükdən sonra keçdiyi yarğandır". Tarixi qaynaqlarda Koroğlunun tarixi şəxsiyyət olduğu qeyd olunur. Osmanlı dövləti ilə Səfəvilər arasında baş verən müharibələr XVI əsrin sonu - XVII əsrin əvvəllərində Cəlalilər hərəkatının baş verməsinə gətirib çıxarmışdır. XVI əsrin 90-cı illərində Şərqi Anadoluda başlanan Cəlalilər hərəkatı XVII əsrin əvvəllərində Azərbaycana və qonşu ərazilərə də yayılmışdı. Cəlalilərin ayrı-ayrı dəstələri, onlara qoşulan müflisləşmiş kəndlilər və şəhər yoxsulları yerli hakim dairələrin üzərinə hücum edərək, onların var-dövlətini ələ keçirirdilər. Müxtəlif tayfalar içərisindən çıxmış cəlali dəstə başçılarından ən məşhuru Azərbaycan türkü Koroğlu idi. Həmçinin dastanlarda Koroğlunun məskəni olan Çənlibel qalasının Naxçıvanda yerləşdiyi bildirilir.

Böyük Qaramurad Vəngi

[redaktə | mənbəni redaktə et]

Kompleksin əsası XII əsrdən əvvəl qoyulmuşdur. Məbəd qədim alban məbədi olmaqla Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Tədqiqatçı memarlarımız Həmşivəng məbədinin ərazisində Arsax xaçdaşına bənzər xaçdaşı aşkarlamışdılar. Lakin daş hətta tədqiq belə edilmədən, Ermənistan SSR rəhbərliyinin göstərişi ilə gecəylə vertolyotla oğurlanaraq, 1960-cı ildə Eçmiədzinə aparılmışdır. Hal-hazırda həmin oymadaş (xaçkar, xaçdaşı) Eçmiədzin monastır kompreksinin həyətində açıq havada sərgilənməkdədir.

Çaldaş məbədi

[redaktə | mənbəni redaktə et]

Abidə Gədəbəy rayonunun Çaldaş kəndində şəxsi həyətyanı sahədə yerləşir və Qafqaz Albaniyasının maddi irsinə aiddir. IX-XI əsrlərə aid olduğu güman edilən bu alban məbədinin dam örtüyü tamamilə dağılıb. Məbədin 1-1,5 metr hündürlüyündə divarları, altar hissəsi bu günəcən qalıb. Qədim alban mədəniyyətinin nümunəsi olan bu məbəd hazırda memarlar və alimlər tərəfindən öyrənilir. Amma bu Gədəbəydə aşkar olunan yeganə alban məbədi deyil.

Gədəbəy rayonunun ərazisində yerləşən tarixi və mədəniyyət abidələrinin siyahısı

[redaktə | mənbəni redaktə et]

Abidələrin adı, tarixi, yerləşdiyi ərazi

  1. Altı bulaq qalası Son tünc ilk dəmir dövrü Novosaratovka kəndi
  2. Qarabağ qalası Son tünc ilk dəmir dövrü Arıqdam kəndi
  3. Pir qalası Son tünc ilk dəmir dövrü Qumlu kəndi şim.qərb
  4. Koroğlu qalası Son tünc ilk dəmir dövrü Qalakənd kəndi
  5. Qrex qalası Son tünc ilk dəmir dövrü Maarif kəndi
  6. Parakənd qalası Son tünc ilk dəmir dövrü Parakənd kəndi
  7. Körpü XIX əsr Gədəbəy şəhəri
  8. Kilsə Gədəbəy şəhəri 3 km –də
  9. Körpü Qalakənd kəndi
  10. 1 nömrəli körpü XIX əsr Səbətkeçməz kəndi
  11. 2 nömrəli körpü XIX əsr Səbətkeçməz kəndi
  12. 3 nömrəli körpü XIX əsr Səbətkeçməz kəndi
  13. Məbəd 1535-ci il Novosaratovka kəndi
  14. Körpü Söyüdlü kəndi
  15. Məbəd Söyüdlü kəndi
  16. Məbəd 1634-cü il B.Qaramurad kəndi
  17. Körpü XIX əsr Yenikənd kəndi
  18. Məbəd XIX əsr Çanaqcı
  19. Kilsə Çanaqcı
  20. Körpü Çanaqcı
  21. Məbəd Əyrəvəng
  22. Məbəd Kilsəli kəndi
  23. Körpü XIX əsr Əlinağılar kəndi
  24. Məbəd Gəndərə ərazisi
  25. Köroğlu mağarası Orta əsr Novosaratovka kəndi cənub qərb
  26. Qiz Qalası IX əsr Söyüdlü kəndi
  27. Qala XVI əsr Qalakənd kəndi
  28. Alban kilsəsi Poladlı kəndi