Gəray bəy

Gəray bəy1931-ci ildə şair Səməd Vurğunun "Komsomol poeması"nın əsas qəhrəmanlarından biri. Azərbaycan ərazilərində sovet hakimiyyəti qurmağa çalışan bolşeviklərə qarşı döyüşən köhnə bəy və qaçaq.

Gəray bəy
Yaradan Səməd Vurğun
Əsər Komsomol poeması
İlk görünmə Atışma
Son görünmə Son təslim
Uyğunlaşdırma Yeddi oğul istərəm...
Canlandıran Həsən Turabov
Məlumat
Ləqəbi Topal Gəray
Cinsi Kişi
Ölüm yeri Qazax, Kür çayı
Ölüm səbəbi Özünəqəsd
Yaşayış yeri Qazax, "Qan çanağı" dağı
Dini inancı İslam
Siyasi baxışı Hakimiyyətə qarşı
Ailəsi
Uşağı Humay
Vikimənbənin loqosu Gəray bəy Vikimənbədə

Personajın təsviri

[redaktə | mənbəni redaktə et]

Gəray bəy sovet hökumətinə, gənc kommunist Bəxtiyar və onun komsomol dəstəsinə qarşı çıxır. Köhnə quruluşun tərəfdarıdır. Peykanlıda[a] söz sahibidir və geniş torpaq mülklərinə sahib bəydir. Bir mülkədar kimi onun özünəməxsus əqidəsi var və Gəray bəy bu əqidəyə sadiqdir. Bütün varlılar kimi sovet hökuməti Gəray bəyin də var dövlətini əlindən alıb. Bu səbəbdən də o, yaxın adamları ilə birlikdə dağlara çəkilərək qaçaqlıq edir və yeni qurulan hökumətə qarşı barışmaz düşmənçilik edir. Humay adlı qızı var və Humay, komsomol Bəxtiyarın dəstəsində vuruşan Şəkər bəyin oğlu gənc komsomol Cəllala sevgilidir.

Personajın ətrafında cərəyan edən hadisələr

[redaktə | mənbəni redaktə et]

Gəray bəy Dikdaş dağının ətəyində bolşevik dəstəsi ilə vuruşan zaman komsomol Bəxtiyarın açdığı atəşlə qolundan yaralanıb və elə həmin gündən bir qolu topal qalıb. Şair əsərdə bu hadisəni belə təsvir edir:

- Bacarmazsınız!
Çünki milyonlardan yüz qat azsınız!
Deyərək Bəxtiyar bir nişan aldı,
Gülləsi dağlara gurultu saldı.
O düşmən dəstənin başçısı Gəray,
Tüfəngi üzünə tutduğu zaman,
Cəlal qaranlığa sıxdı naqanı,
Töküldü yəhərə Gərayın qanı.
Yataraq birtəhər atın yalına,
Səyirdib dolandı dağın dalına.
O gündən bir qolu topal yaşadı,
Topal Gəray - deyə çağrıldı adı.
Komsomol poeması. Atışma

Gəray bəyə ən çox təsir edən hadisələr, onu bu hala salanların bir vaxtlar silahdaşları, yoldaşları olması, hətta süfrəsidnə qalan artıqları yeyənlər, köhnə paltarlarını geyənlərdir. Bunlar Gərayı bir bəy əqidəsinə xas insan kimi olduqca çox hiddətləndirir. Gəray bəy artıq zamanı saxlamaq, xoşbəxt günlərini qaytarmaq istəyir. Lakin mübarizə aparmaq çətindir. Şair bu hadisəni belə təsvir edir:

Kürün qumsal sahilində
qaşlarını çalaraq,
Qamçısını döyür suya
hiddətindən
Gəray bəy...
Üç aydır ki, ormanların
arasında yataraq
Əl üzmüşdür vətənindən,
Millətindən Gəray bəy.
Qamçısını döyür suya
hiddətindən Gəray bəy!
- Nədən mənim qabağımdan
artanları yeyənlər,
Köhnə-köşkül paltarımı
öz əyninə geyənlər
İndi mənə ağ olsunlar?..
Xanimanım dağılır,
Qızı yelin inəklərim
yad əllərdə sağılır...
Komsomol poeması. Sahildə

Gəray bəy hakimiyyətin ona yaşatdığı hadisələrin düşüncələrindən qurtula bilmir və ara sıra öz köhnə günləri üçün darıxır. Şair bu hadisələri belə təsvir edir:

Bir axşam günəşin batdığı zaman
Sizin bildiyiniz o topal Gəray
Qalın bir ormanın arasında tək,
Ağacdan-ağaca göz gəzdirərək,
Kürün sahilində gəlib dayandı,
Gözləri hirsindən alışıb yandı.
Onun xatirindən keçdi doyunca
Haman bu ormanda, sahil boyunca
Bir zaman kükrəyib at oynatdığı,
Turaca, kəkliyə tüfəng atdığı...
Komsomol poeması. Sahildə

Gəray bəy yeni qurulmaqda olan sovet hakimiyyətinin kommunist bayrağı altında döyüşən ordusu ilə mərdliklə vuruşur. Lakin Gəray bəy nə sovet hökumətinə nə onun ordusuna, qayda və qanunlarına təslim olmaq niyyətində deyil. Ağır günlər, baş verən hadisələr onun ilk təsliminə qədər gətirib çıxarır. Lakin ilk təslim sovet ordusuna deyil, öz taleyinədir. O özünü Kürə ataraq öldürmək və bu yaşayışdan canını qurtarmaq niyyətinə düşür. Lakin kişilik hissləri, namusu və arı onu bu təslimdən xilas edir. Hakimiyyətə qarşı getdikcə artmaqda olan kini onu bu qərardan daşındırır. Şair bu hadisəni belə təsvir edir:

Azacıq keçmədən sular qaraldı,
Sahildə bir dərin səssizlik vardı.
O taydan bu taya işıqlar gəlir.
Tüstülər burulub göyə yüksəlir
Gəray bəy gözünü zilləyib ona,
Varlığı daş kimi qalmışdır dona...
Üçüncü gündür ki, qolunda yara
Karıxıb, vurnuxur dörd bir diyara.
Gurultu qopduqca ac mədəsindən,
Diksinir, suların oynaq səsindən.
Nələr keçdiyini o duya-duya,
Özünü tullamaq istərkən suya,
Qalıb pəncəsində namusla arın,
At kimi sıçrayan ağ dalğaların
Qoynuna gözləri dikilib qalır,
Qəlbində həsrəti, kini çoxalır...
Komsomol poeması. Sahildə

Gəray bəyi ələ keçirmək komsomolçular olduqca çətindir və onlar mümkün olan bütün variantlardan istifadə edirlər. Hətta Gəray bəyin dost dediyi insanları da özlərinə çəkib Gəray bəyi tələyə salaraq tutmaq istəyirlər. Gəray bəy özünü öldürmək fikrindən danşındıqdan sonra çayı o taya keçmək istəyir və köhnədən dost dediyi Gəmiçi Bəhmənlə rastlaşır. Gəmiçi Bəhmən Gəray bəydən təslim olmasını xahiş etsə də Gəray bəy bu təklifi olduqca sərt qarşılayır. Gəray bəy tərs və əqidəsindən, sözündən dönməz bir kişidir. Bir neçə gündür ki, komsomolçular Gəray bəyi izləyir. Gəmiçi Bəhmənlə Gəray bəy arasında olan hadisələri pusquda dayanan komsomolçular müşahidə edirlər. Şair bu hadisəni belə təsvir edir:

- Sənmisən, ay Bəhmən?
- Kimdir soruşan?
- Mənəm, bir barı gəl, söyləyir Gəray.
- Bu ki, tanış səsdir, - deyərkən Bəhmən
Fırlanıb geriyə, yönəlir həmən:
- Vay, səni xoş gördük, haradan belə?
Bu namərd vətənə... Bu namərd elə
Yenəmi üz qoyub, salam verirsən?
- Haqlısan, ay Bəhmən, sözlərində sən
Fəqət nə etmək ki, belədir insan,
Əziz dostlarına küsər bir zaman,
Sonradan qövr eylər əski yaralar...
- Yoxsa, bu gəlməkdə bir fikrinmi var?
- Onsuz olurmu heç... Vardır, şübhəsiz...
Bu el, bu güzəran, bu mən, bu da siz,
Gəlin köməkləşək görək nə olur?
Axtaran dünyada hər haqqı bulur -
Demişlər babalar,
- Bu doğru, lakin
Bir az hövsələniz olmasa sakin,
Yenə də günahsız qanlar axacaq,
Burax bu tərsliyi, gəl Allaha bax! –
Gözaltı süzərək qoca Bəhməni:
- Sonra danışarıq... Hələlik məni,
Duz-çörək eşqinə keçir sahilə! -
Komsomol poeması. Sahildə

Gəmiçi Bəhmən bu hadisədən sonra etdiyi xahişin bir mənası olmadığını anlayır və əvvəllər dost dediyi Gəray bəyə xəyanət edir. Gəray bəyə isə bu xəyanət olduqca ağır gəlir və o həyatında ilk dəfə düşmənə təslim olur. Şair bu hadisəni belə təsvir edir:

- Keçərsən!.. - deyərək qışqırdı birdən
Dünəndən Gərayın izilə gələn.
Komsomol Bəxtiyar, yanında Cəlal,
- Olsun inqilaba qanımız halal -
Deyib vermişdilər yenə baş-başa...
Gəray öz yerində dönmüşdü daşa.
İstədi əlini atsın naqana,
Gördü ki, naqanı batmışdır qana.
Hirsindən bozarıb gözləri doldu,
Ömründə ilk dəfə o təslim oldu.
Komsomol poeması. İlk təslim

Komsomolçular Gəray bəyin böyük evini əlindən alıblar. Evi kənd camaatı üçün klub binasına çeviriblər. Ara-sıra burada tamaşalar oynanılır. Hətta günlərin birində kənd klubunda ssenarisi tamamilə Gəray bəyə və İslam dininə qarşı yazılmış, dördpərdəli tamaşa da oynayırlar. Aktyorlar isə elə Gəray bəyə qarşı vuruşan komsomol Bəxtiyarın özü və dəstəsidir. Şair bu hadisəni belə təsvir edir:

Bir aydı Gərayın evi alınmış,
Orada başqa bir həyat salınmış.
Leninin əksidir divarda duran,
Tarixdə ən böyük, ən canlı insan.
Komsomol poeması. Kənddə teatr

Bəxtiyarın sağ əli hesab olunan komsomol Cəlal Gəray bəyin qızı Humayla son görüşdən sonra Gəray bəyin yanına gedir. Gəray bəy Cəlal danışdıqca onu səbrlə dinləyir. Cəlal Gəray bəyə yalvararaq bildirir ki, onu Gəray bəyin yanına gətirən yeganə səbəb qızı Humaydır. Cəlal bu işdə Gəray bəydən atalıq haqqını və vicdan əsirgəməməyi xahiş edir. Cəlal bildirir ki, Humay Gəray bəydən izinsiz bu işə razılaşmaz. Gəray bəy Cəlalı bu fikirindən daşındırmaq və Cəlala bu işin baş tutmayacağını başa salmağa çalışsa da Cəlal Gəray bəyin sözlərini boş hesab edir. Gəray bəy Cəlalın sözlərini dinləyərək düşünür, qızını yada salır və yenə də baş verən hadisələr onu içdən yandırır. Kənd rəhbəri olan Çalpapaq Kərəm yadına düşdükcə özündən çıxır, atının yad əldə yəni Çalpapaq Kərəmdə olmasını namusuna toxunulmuş kimi qəbul edir. Şair bu hadisələri belə təsvir edir:

Sevdalar düşkünü, komsomol Cəlal -
Dünyanın qeydindən küsən bir xəyal
"Mərhəmət!" - deyərək yenə inləyir,
Cəlal danışdıqca Gəray dinləyir.
- Gəray bəy, yazığam, zavallıyam mən...
Sizin yanınıza məni gətirən
Böyük bir qüvvətdir, adı – məhəbbət;
Yaradıb, yaşadan insandır, əlbət!
Bu işdə vicdanı əsirgəmə sən,
Atalıq haqqını əsirgəməsən,
Humay xoşbəxt olar.
Nə zamandı biz
Sevişdik and içib, birdir qəlbimiz.
- O halda mən kiməm?..
- Atasınız siz!
Humay tapşırdı ki, sizdən izinsiz
Yaxşı söyləməzlər onun adına...
Gəray bəy qızını salır yadına,
Gözündə rəqs edir onun heykəli.
Yanında samavar, çay tökür əli,
Keçir xatirindən cahü-cəlalı:
Sürüsü, ilxısı, naxırı, malı...
Komsomol poeması. Qanlı çadır

O indi uzaq... Hər şeydən qabaq
Onu yandıran
Budur ki, bu dəm
Çalpapaq Kərəm
Minib Gəray bəyin Ərəb atına,
Sürəndə səs salır yerin altına...
Oxucu, bəlkə sən
Özün bilirsən
Ki, bizim yerlərdə bir papaq, bir at,
Bir də hər kişinin aldığı arvad
Namusdan sayılır...
Gizli bir eyhamla gülümssyərək:
- Cəlal! İki qılınc bir qına sığmaz,
Bütün vəziyyəti ölçüb biç bir az...
- Doğrudur, döyüşdə səninlə bəzən
Qoç kimi üz-üzə vuruşmuşam mən,
Komsomol poeması. Qanlı çadır

Gəray bəy göründüyü kimi qəddar deyil. Qızına olan sevgisi onun Cəlala olan kinini azalda bilir. Cəlalın qızıyla olan münasibətinə razılıq verir. Hətta Cəlal həmin gecə Gəray bəyin çadırında gecələyir. Lakin dönməzlik və komsomola olan kini onu rahat buraxmır və Gəray bəy qızının sevgilisi gənc Cəlalı öldürür. Şair bu hadisələri belə təsvir edir:

Cəlal Gəray bəyin yanında yatmış,
Soyuq dəydiyindən qan-tərə batmış.
Gəray bəy fikirdə, oyaqdır hənuz,
Nəysə plan tökür yenə duyğusuz:
- Nahaq söz vermişəm Cəlala dünən:
Bəlkə də alverdə uduzuram mən?
Qız hara, mən hara, komsomol hara?
İnanmaq olarmı bu kafirlərə?
Zəhmətim olmasın qızıma halal,
Yoxsa, yalan deyir mənə bu Cəlal?
O, bəlkə öyrənib hər sirrimizi,
Sonradan güdaza verəcək bizi?
Bəlkə də davanın şirin yerində
Xəlvətcə arxama dolanıb yenə
O öz gülləsini mənə çaxacaq?
Xeyr! Bu dünyada hər şeydən qabaq
İgidə ehtiyat və inad gərək!..
Gəray bu fikirlə qeyzə gələrək,
Yanından götürür öz naqanını...
Qatilin o dəmki həyəcanını
Mən necə göstərim?
Cəlal yuxuda...
Humay yol gozləyir qan uda-uda...
Azacıq keçmədən açılır naqan,
Bir də ayılmayır Cəlal yuxudan...
Komsomol poeması. Qanlı çadır

Cəlalın ölüm xəbərinə dözə bilməyən Humay özünə qəsd edir. Gecədən Cəlalın xəyalı ilə dağlara sarı yol alır və səhər açılanda bir dağın qarlı ətəyində çobanlar tərəfindən tapılır. Şair çobanların dili ilə Gəray bəyi və hadisəni belə təsvir edir:

Gəray bəy bu günü görsəydi inan,
Yanan gozlərindən odlar yağardı.
Bir eli, bir günü diri boğardı,
Daşı-daş üstündə qoymazdı bir an.

Alın yapıncımı, bürüyün onu,
Canı var... Tez olun, tonqal qalayın!
Aləmə car çəkib, bir xəbər yayın!
Zəhərdir bu şirin dünyanın sonu...

Gəray bəy ölməmiş, sağdır dünyada,
Atadan, babadan böyüyümüzdür;
İndi pis günüdür, hər dərdi yüzdür,
Bizimdir namusu hər kim olsa da...
Komsomol poeması. Humayın ölümü

Gəray bəy Humayın ölümünu qəbul edə bilmir. Daim kədərlidir. O, övladını sevən bir atadır. Cəlalı öldürdüyü üçün sonradan sarsıntılar keçirir, öz əməlindən əzab çəkir. Tez-tez xəyallarında qızını görür və onunla söhbət edir. Qızının ölümünə bais olduğu üçün vicdan əzabından qurtula bilmir. Gəray bəy artıq yaşamaq istəmir. Ona görə yox ki, kimsəsiz və arxasız qalmışdır. Özünün dediyi kimi, o yenə bir qoşuna cavab verməyə qadirdir. Lakin Humaysız yaşamaq istəmir. İndi Gəray bəyin ən böyük dərdi, ən böyük faciəsi məhz Humaysızlıqdır. Komsomol Sarı Şəmistan, komsomol Bəxtiyar və Çalpapaq Kərəm kimi sovet hakimiyyətini Azərbaycanda qurmağa təşəbbüs göstərən bolşeviklər Gəray bəyi son dəfə mühasirəyə alırlar. Bu zaman Gəray bəy Kür çayının üzərində qızının xəyalını görür və qurşağa qədər suya girir. Xəyalən qızı ilə söhbət edir. Humayın ölümünə görə özünü tənqid edir, söyür və bütün olanlardan özünü günahkar bilir. Gəray bəyin silahı da, əlləri də, qolları da, hətta dizləri də təslim olur. Əqidəsi, mənliyi isə heç vaxt təslim olmur. Buna görə də özünü onu mühasirəyə almış komsomolçulara deyil, qızı Humaya təslim edir. Kənardan Gəray bəyin qulağına komsomolçuarın səsləri gəlir. Çalpapaq Kərəm ondan təslim olmasını tələb edir və bildirir ki, o artıq təkdir. Gəray bəy onun tələblərinə soyuqqanlıqla cavab verir, ömrünün axırınadək düşmənə boyun əymir, təslim olmur. Özünü Kür çayına qərq edərək canına qəsd edir. Gəray bəy bu hərəkəti ilə bir daha sübut edir ki, o düşmənə deyil öz acı taleyinə boyun əyir. Bununla da şair Gəray bəyini yüksəklərə ucaldıraq hadisələri belə təsvir edir.

"Yox, yox, gülməyirəm, demə ki, yadam,
Mən sənə özgə yox, doğma övladam.
Bir zaman sən özün yaratdın məni,
Sonra da... sonra da..."
- Bəsdir, amandır!..
Başımdan od çıxır, danışdıqca sən,
Bir az yaxına gəl, öpüm üzündən!
Hardasan, can bala, xeyli zamandır?
"Hardayam? Yer altda... Soyuq məzarda..."
Bir həsrət nəğməsi çalır ləpələr,
Gəray bəy sudadır qurşağa qədər.
Ay kimi gəzişir qız dalğalarda,
Yanır, alovlanır qəlbi şam kimi,
Qaralır gözləri bir axşam kimi.
O suda getdikcə qız uzaqlaşır,
Arabir dalğalar başından aşır.
Gəray bəy yalvarır: - Can bala, bir dur!
Görünür taleyim, qismətim budur.
Yaxın gəl, bir az da danışaq barı,
Ovut sinəmdəki bu ağrıları...
Yox, yox! Heç ovutma, yansın ciyərim.
Biləkdən düşəydi kaş ki, əllərim.
Cəlal yaşasaydı, yaşardın sən də,
Gül kimi gülərdin çöldə, çəməndə.
Öz atan olsam da, qatilin çıxdım,
Mən səni yıxmadım, özümü yıxdım.

Gəray bəy bəxtini söydükcə söyür,
Sonra ikiəlli başına döyür.
Qızın səsi gəlir qulaqlarına:
"Qatilim olsan da, atamsan mənim." –
Mehriban danışma! Yanır bədənim,
Lənətə layiqəm, qızım, lənətə!
Artıq nə Allaha, nə təbiətə Sığınan deyiləm...
Bil ki bu gündən
Kimsəsiz, arxasız, tək qalsam da mən
Yenə bir qoşuna cavab verərdim..
Ancaq yaşasam da yurdsuz, vətənsiz,
Yaşaya bilmərəm aləmdə sənsiz!
Sənin faciəndir ən boyük dərdım...
Səslənir Gəraya dumanlı dağlar:
- Təslim ol! - deyir;
Nizə tək ucalan sərt qayalıqlar:
- Təslim ol! - deyir;
Bulanıq su da,
Bir son arzu da:
- Təslim ol! - deyir;
Başına fırlanan göy də, torpaq da,
Səslənən meşə də, şax da, yarpaq da:
- Təslim ol! - deyir;
Əsən külək də,
Çaxan şimşək də:
- Təslim ol! - deyir;
Taqətsiz qolu da, əsən dizi do:
- Təslim ol! - deyir;
Xəyal dünyasında doğma qızı da:
- Təslim ol! - deyir.
Yarır qaranlığı bir böyük dəstə,
Gəlir bulud kimi Gərayın üstə.
Gəlir addım-addım, lap yaxın gəlir.
Çalpapaq Kərəmin səsi yüksəlir:
- Gəray bəy! Gəray bəy! Tüfəngini at!
Üstünü kəsmişdir böyük bir elat.
İnad yeri deyil, biz çoxuq, sən tək.
Yersiz qan axmasın, tərslikdən əl çək!
- Sizə yox! Sizə yox!.. Mən öz canımı
Ona tapşırıram... ona... qızıma...
O sönüb-saralan dan ulduzuma!
İstəsə, o töksün mənim qanımı! –
Deyib qanlı Kürü o yara-yara
Getdikcə qərq olur sərt dalğalara...
Ancaq nə xəyal var, nə də ki Humay
Qaranlıq sulara işıq salır Ay...
Komsomol poeması. Son mühasirə

Uyğunlaşdırma

[redaktə | mənbəni redaktə et]
Filmin posteri

Gəray bəy personajı ilk dəfə 1970-ci ildə rejissor Tofiq Tağızadənin, şair Səməd Vurğunun Komsomol poemasının motivləri əsasında çəkilmiş Yeddi oğul istərəm... filmində ekranlaşdırılmışdır. Filmin ssenari müəllifi Səməd Vurğunun oğlu Yusif Səmədoğludur. Filmdə Gəray bəy obrazını aktyor Həsən Turabov canlandırıb. Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illiyinə ithaf olunmuşdur.

Əsərdən fərqli olaraq filmdə Gəray bəy mənfi obraz kimi daha da qabarıq şəkildə ifadə edilir. Filmdə Gəray bəyin Novruz bayramında dinc sakinlərə qarşı qanlı qətl törətməsi, Cəlalı əzablar içində öldürtməsi və sonda özünü evində güllə ilə vurması səhnələri əsərdə yoxdur. Filmdə Gəray bəy obrazı birmənalı şəkildə xalq düşməni olsa da poemada yeni qurulan hökumət düşmənidir.

  1. Qazax qəzasında kənd adıdır. İndiki Qazax rayonu və ya Ağstafa rayonunda yerləşdiyi ehtimal olunur. Hal-hazırda Ağstafa rayonunun Poylu qəsəbəsindəki kənd qəbirstanlığı xalq arasında «Peykanlı qəbirstanlığı» adıyla tanınır.