Hüseyn Abdullayev (bəstəkar)

Hüseyn Abdullayev (25 may 1967, Culfa) — Azərbaycan bəstəkarı, keçmiş deputat.

Hüseyn Abdullayev
Ümumi məlumatlar
Doğum tarixi 25 may 1967(1967-05-25) (57 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar

Hüseyn Abdullayev 1967-ci il may ayının 25-də Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində ziyalı ailəsində doğulub. Anası uşaq bağçasında, atası müxtəlif idarələrdə rəhbər vəzifələrdə çalışıb. Ailədə 3 uşaq olublar. İbtidai və orta təhsilini 38 saylı Culfa Şəhər Dəmir Yolu məktəbində alıb. Eyni zamanda Culfa şəhər Musiqi Məktəbində təhsil alıb və hərbi xidmətindən sonra həmin məktəbdə musiqi müəllimi və konsertmeystr vəzifəsində çalışıb.[1]

1987-ci ildən daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb və xarici ölkələrlə geniş iqtisadi əlaqələri quraraq, bir çox uğurlu layihələrə imza atıb. Onun "Tural" kooperativinin nəzdində yaratdığı şirkətlər qrupu ölkə daxilində bir çoxları üçün nümunə olub. Hüseyn Abdullayev özü isə müstəqil Azərbaycan Respublikasının ilk azad sahibkarlarından biri kimi tanınıb.

1988–1991-ci illərdə ağır blokada şəraitində yaşayan Naxçıvan MR-ə kömək məqsədiylə yaradılmış "Naxçıvan MR-in İnkişaf və Müdafə Fondu” xətti ilə həyata keçirilən bütün tədbirlərin əsas sponsorlarından biri məhz Hüseyn Abdullayev olub.

1990-cı ildən etibarən biznes əhatə dairəsini daha da böyütmək məqsədi ilə Hüseyn Abdullayev Bakıya köçüb.

2000-ci ildənsə aktiv siyasətlə məşğul olmağa başlayıb. Onun rəhbərliyi altında fəaliyyət göstərən “Oğuz Eli Cəmiyyəti” imkansız tələbələrə, ziyalılara, şair və yazıçılara, eləcə də alimlərə təqaüdlərin verilməsini, milli kimliyimizlə bağlı elmi əsərlərin nəşr edilməsini, bir çox mədəni-kütləvi tədbirlərin və konfransların həyata keçirilməsini təmin edib.

Hüseyn Abdullayev bəstəkar kimi böyük uğurlar əldə edib. Onun mahnıları Zülfiyyə Xanbabayeva, Röya, Şeron qrupu, Aygün Bəylər kimi tanınmışlar tərəfindən ifa edilib.

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

İxtisasca hüquqşünas olan və heç bir siyasi partiyanı təmsil etməyən Hüseyn Abdullayev 2005-ci ilin parlament seçkilərində namizədliyini irəli sürüb və paytaxt Bakının ən böyük rayonlarından Nizami rayonu 25 saylı seçki dairəsindən deputat seçilib.

2007-ci ilin mart ayında parlamentdə Nazirlər Kabinetinin illik hesabatı zamanı, onun hökumət qarşısında qaldırdığı sorğuların və toxunduğu problemlərin nədən həll edilmədiyinə etiraz əlaməti olaraq, baş nazirin və bütünlükdə Nazirlər Kabinetinin hesabatını tənqid edərək, hesabata qarşı çıxıb. Parlamentdə düşən dava-dalaş zamanı, toxunulmazlıq statusu daşımasına baxmayaraq, həbs edilib, həbsindən sonra isə Milli Məclisin fövqəladə iclası çağırılaraq, deputat mandatı ləğv edilib. Ona xuliqanlıq və döymə ittihamları ilə cinayət işi qaldırılıb. Həmin gün Nəsimi Rayon Məhkəməsi Hüseyn Abdullayev haqda iki aylıq həbs qətimkan tədbiri seçib. Mayın 18-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alan Hüseyn Abdullayev azadlığa buraxılıb və deputatlıqdan məhrum edilib.

2012-ci ildə Hüseyn Abdullayev Almaniyaya mühacirət edib.

2013-cü ildə Azərbaycanda Hüseyn Abdullayevə vergidən yayınma ittihamı ilə cinayət işi başlanıb və o, beynəlxalq axtarışa verilib.

2016-cı ildə ona qanunsuz sahibkarlıq, 2018-ci ildə dələduzluq və hədə-qorxu ilə tələb etmə ittihamları da irəli sürülüb.

2018-ci ilin aprelində sabiq deputat Türkiyədə tutularaq ölkəyə gətirilib.

2019-cu il oktyabrın 1-də Bakı Hərbi Məhkəməsi Hüseyn Abdullayevə 6 il azadlıqdan məhrumetmə cəzası kəsib.[2]

  1. "Hüseyn Abdullayev". 2022-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-19.
  2. "Hüseyn Abdullayev həbs edilib". 2022-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-19.