Hüseynağa Ağahüseyn oğlu Atakişiyev (8 sentyabr 1949, Bakı – 9 aprel 2006, Bakı) — Azərbaycan aktyoru və teatr rejissoru, Azərbaycan Dövlət Gənclər Teatrının təsisçisi, bədii rəhbəri və direktoru, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1982).[1][2]
Hüseynağa Atakişiyev | |
---|---|
Doğum tarixi | 8 sentyabr 1949 |
Doğum yeri | |
Vəfat tarixi | 9 aprel 2006 (57 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşları |
Gülşad Baxşıyeva Nəsibə Eldarova |
Fəaliyyəti | aktyor, teatr rejissoru |
Teatr | |
Mükafatları |
Hüseynağa Atakişiyev 8 sentyabr 1949-cu ildə Bakıda Çəmbərəkənd məhəlləsində yoxsul bir ailədə anadan olmuşdur. Atası Ağahüseyn Atakişiyev sürücü, anası İranida Atakişiyeva evdar xanım idi. Üç uşaqlı ailənin (bir qız, iki oğul) böyük oğlu olan Hüseynağa Atakişiyev altı yaşında olarkən anasını itirir. Anasının ölümündən sarsılan aktyor evdən qaçır, yalnız bir neçə gün sonra onu tapmaq mümkün olur.
Hüseynağa Atakişiyev yoxsul ailədə böyüdüyü üçün 12–13 yaşlarından işləməyə məcbur olmuşdur. Lakin təhsilini yarımçıq qoymamış, orta təhsilini başa vurduqdan sonra M. Əliyev adına İncəsənət İnstitutuna qəbul olmuşdur. Burada 4 il boyunca teatr professoru Mehdi Məmmədovdan aktyor sənətini öyrənir.[1]
Hüseynağa Atakişiyev 1975-ci ildə universiteti bitirdikdən sonra dostu, Moskva Teatr İnstitutunun məzunu Vaqif Abbasovla birlikdə Şəkiyə gedir. O, Şəki Dövlət Teatrında aktyor kimi işə başlayır. Bir il sonra Hüseynağa Atakişiyev həmin teatrda baş rejissor kimi fəaliyyət göstərməyə başlayır. Bu teatrda "Hacı Qara" tamaşası onun ilk rejissor işi olur və ona uğur gətirir. Həmçinin aktyor Şəki Dövlət Teatrında Vaqif Səmədoğlunun məşhur "Bəxt üzüyü" əsərini səhnəyə qoyan ilk rejissor olur.[1]
Hüseynağa Atakişiyev bir neçə il sonra Bakıya dəvət alır. 1985-ci ildən etibarən Milli Dram Teatrında çalışmağa başlayan rejissor tamaşalara quruluş verir. Lakin kollektiv arasında Hüseynağa Atakişiyevin ilk gündən tətbiq etməyə başladığı yenilikləri qəbul etməyənlər vardı. Buna görə də aktyor Milli Dram Teatrından ayrılır və 1989-cu ildə özünün Gənclər Teatrını yaradır, vəfatına qədər (17 il) teatrın bədii rəhbəri və direktoru olur.[1]
Gənclər Teatrı 27 mart 1989-cu ildə Yusif Səmədoğlunun "Qətl günü" tamaşası ilə öz yaradıcılıq fəaliyyətinə başlayır. 1993-cü ildə isə teatra Dövlət statusu verilir. Hüseynağa Atakişiyev rejissor kimi 157-dən çox tamaşaya quruluş verib. O, həmçinin aktyor kimi 57-dən artıq rol oynayıb. Aktyorun "Uzun ömrün akkordları" filmində canlandırdığı Üzeyir bəy obrazı, habelə "Ac həriflər" teletamaşasındakı Artist obrazı xüsusilə məşhurdur. Eyni zamanda Hüseynağa Atakişiyev "Üzeyir ömrü" bədii televiziya filmində Hacıbəyovun obrazını canlandırmış, 1995-ci ildə İisə stanbulda Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasını tamaşaya qoymuşdur.[1][2]
Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyev 9 aprel 2006-cı ildə vəfat edib.[1][2]
1995-ci il parlament seçkilərində Hüseynağa Atakişiyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 17-ci sırada olmuşdur.[3] Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur.[4] Beləliklə, Hüseynağa Atakişiyev deputat seçilə bilməmişdir.
Hüseynağa Atakişiyev 2 dəfə evlənmişdir. İlk evliliyi aktrisa Gülşad Baxşıyeva ilə olmuşdur. Onların 2 oğlu var. Aktyor ikinci dəfə aktrisa Nəsibə Eldarova ilə evlənir. Bu evlilikdən övladı olmur.