Hüseyni (üzüm)

Hüseyni — Üzüm növü.

Üzüm (Vitis)
Hüseyni

Sortun vətəni Orta Asiyadır. Hüseyni ərəb sözü olub "gözəl" və "yaxşılıq" deməkdir. Ən çox Özbəkistanda və dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanın əksər rayonlarında və ən çox Şəmkirdə yayılmışdır.

Bir çox variasiyaları vardır. Ağ Hüseyni gilələri boğmalı olan, boğulma gilənin ortasındadır; Hüseyni Lyunda – gilələri silindrikdir, ağdır, gəlinbarmağı gilələri ensiz və nazikdir; çəhrayı Hüseyni – Hüseyni Lyunda kimidir, ancaq çəhrayıdır. Bunların içərisində Hüseyni Lyunda geniş yayılmışdır. Təsvir də buna görə aparılmışdır.

Kolları güclü böyüyəndir. Kordon formaları bu sorta uyğun gəlir.

Çiçəkləri öz-özünü tozlayandır.

Salxımı çox uzundur, ensiz-konusvari, çox halda saplaq tərəfdən sallanan qanadları olur. Seyrəkdir. Saplağı tez qırılır.

Gilələri iridir. Əsas variasiya olan Hüseyni Lyundada gilələr uzundur, silindrikdir, ucu girdədir. Gün düşən tərəfi azca sarıya çalır. Əksər hallarda gilə şəffaf yaşıl olur. Qabığı incədir, elastikdir. Ləti ətlidir, şirəlidir. Dadı adidir. Yaxşı yetişdikdə şəkərlə turşuluq ahəngdardır, yaxşı yetişmədikdə turşuluq daha çox hiss olunur.

Salxım və gilələrin xarici görkəminə görə Hüseyni ən gözəl sortlardan biridir. Ağ kişmişdən sonra Özbəkistanda Hüseyni ikinci yeri tutur.

Hüseyni tipik süfrə üzümüdür. Çox istilik tələb edir.