Həbəşistan böhranı — 23 noyabr və 5 dekabr 1934-cü il tarixlərində İtaliya krallığının Efiopiyaya, Ual-Ual vahasına hücumu və ekspansionist istəkləri nəticəsində yaranmış[1] beynəlxalq böhran.[2] Bu, 1933–1939-cu illərdə Britaniya imperiyası və Üçüncü Fransa Respublikası hökumətləri tərəfindən aparılan sakitləşdirmə siyasətinin mərhələsi idi.[3]
Avropanın silahlanma yarışı kontekstində böhran Millətlər İttifaqının beynəlxalq münasibətlərin tənzimlənməsi aləti kimi uğursuzluğunu nümayiş etdirmişdi.[4] Böhranın apogey nöqtəsi İkinci İtaliya–Efiopiya müharibəsinin başlanğıcı olmuşdur. Böhran Hitlerə vaxtından bir il əvvəl Reyn vilayətini remilitarizasiya etməyə imkan vermişdir. İtaliyanın izolyasiya olunması onun Almaniyaya yaxınlaşmağına təkan vermiş, bunun nəticəsində 1936-cı ilin oktyabrında Berlin-Roma oxu qurulmuşdur. Beləliklə, Benito Mussolini hökuməti bufer dövlət olan Avstriyanın müstəqilliyinə marağını tamamilə itirmiş və bu, 1938-ci ilin martında onun Anşlussuna səbəb olmuşdur.[5]