Həbib Bayram oğlu Babayev (30 dekabr 1926, Bucaq, Şəki qəzası – 2 iyul 1994, Bakı) — Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru (1969), professor (1970), Azərbaycan SSR əməkdar elm xadimi (1990).
Həbib Babayev | |
---|---|
Doğum tarixi | 30 dekabr 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 2 iyul 1994 (67 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | Azərbaycan |
Atası | Bayram Babayev |
Elmi dərəcəsi | filologiya elmləri doktoru (1969) |
Elmi adı | |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
1932–1939-cu illərdə Bucaq kənd orta məktəbdə təhsil almış, lakin valideynlərinin vəfatı ilə əlaqədar Şuşa şəhər 1 saylı uşaq evinə göndərilmişdir. 1939–1941-ci illərdə təhsilini orada davam etdirmişdir. 1941–1943-cü illərdə Şuşa ikiillik Müəllimlər İnstitunun Dil və Ədəbiyyat fakültəsində, 1946–1951-ci illərdə ADU-nun Filologiya fakültəsində ali təhsil almışdır. 1951–1955-ci illərdə isə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında ali təhsilini davam etdirmişdir. 2 iyul 1994-cü ildə Bakı şəhərində vəfat etmişdir.[1][2]
Əmək fəaliyyətinə 1943–1944-cü illərdə Bucaq kəndində başlamışdır. O, 1956–1958-ci illərdə M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda elmi işçi olmuşdur. 1958–1970-ci illərdə isə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsini icra etmişdir. 1970-ci ildən ömrünün sonunadək Bakı Slavyan İnstitutunda kafedra müdiri olmuşdur. Alim 1962-ci ildən Yazıçılar İttifaqının üzvü olmuşdur.[1][2]
1956-cı ildə M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Elmi Şurasında "V.Mayakovski və Azərbaycan sovet poeziyası" mövzusunda namizədlik dissertiyasını müdafiə edərək elmlər namizədi elmi dərəcəsini almışdır. 1969-cu ildə isə "Səməd Vurğun və sovet ədəbiyyatında onun mövqeyi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. 1970-ci ildə professor elmi adı verilmişdir.[1][2]
Alim 12 monoqrafiyanın, 120-dən artıq məqalənin müəllifi olan Həbib Babayevin əsərlərinin əsas mövzusunu Rusiya-Azərbaycan ədəbi əlaqələri təşkil edir. Müəllifin əsərləri rus, belorus, moldav, ukrayna, alman dillərinə tərcümə olunmuş, eyni zamanda haqqında rus və özbək dillərində məqalələr yazılmışdır.[1]