Həmdanilər (ərəb. حمدانيون) — Yəmənin Həmdan qəbiləsinə mənsub olan sülalə. Şiəliyi qəbul etmişdilər.
Sülaləni Həmdan ibn Həmdun yaratmışdı. O, Mardinin valisi təyin edilmişdi.
IX əsrin sonlarında bu tayfa Həmdan ibn Həmdanın başçılığı ilə xaricilər tərəfindən vuruşduğu halda, X əsrin əvvəllərində Həmdanın oğlu Hüseynin rəhbərliyi altında xilafətə tərəf keçib xaricilər hərəkatının yatırılmasına kömək etdi.
905-ci ildə xəlifə əl-Müktəfi Hüseynin qardaşı, anası kürd olan Əbu əl-Haycə ibn Həmdanı Mosulun hakimi təyin etdi (33,52). Beləliklə Mosul vilayəti həmdanilər (Həmdan ibn Həmdanın adını daşımaqla) sülələsinin irsi hakimiyyəti altına keçdi.
Həmdanilər əmirliyinin çiçəklənmə dövrü Əbu əl-Haycənin iki oğlunun hakimiyyətinə təsadüf edir. Qardaşlarından biri Həsən irsi əmir tituluna yiyələnərək müstəqil hakimiyyətə başladı. Həsənin arvadı Fatimə kürd Əhməd ibn əl-Kürdinin qızı idi. 941-ci ildə Bağdad sarayı (xilafətin mərkəzi burda yerləşirdi) Həsənə Nəsir əd-Dövlə titulu verdi və beləliklə o, Mosul vilaytətində öz hakimiyyətini gücləndirdi.
Əbu əl-Haycə ibn Həmdan Mosula hakim təyin olunan gündən qədim zamanlardan burada yaşayan və bu torpaqların qorunması uğrunda sərlər boyu canından və qanından keçmiş kürdlərin ciddi narazılığına səbəb oldu. Hərçənd ki, onun anası kürd idi. Əbu əl-Haycə ibn Həmdana qarşı ilk kürd üsyanı Məhəmməd ibn Bilalın rəhbərliyi altında başladı. Əvvəlcə Ninəva (Mosul şəhəri yaxınlığında yerləşən qədim şəhər) şəhərinə hücum edən üsyançılar onun böyük hissəsini ələ keçirməyə nail oldular. Əbu əl-Haycə ibn Həmdan üsyanı yatırtmağa çalışsa da heç bir nəticə əldə edə bilmədi.
906-cı ildə Xəlifədən kömək alan Haycə ibn Həmdan kürdlərin üzərinə qoşun göndərdi. Kürdlər Şəhruzura doğru hərəkət edib burada möhkəmləndilər. Kürdlərin başçısı Məhəmməd ibn Bilal hiyləgər gediş edərək, öz tərəfdarlarının Azərbaycan ərazisinə keçməsi üçün vaxt qazanmaq məqsədi ilə Ibn Həmdanla danışıqlar aparmaq qərarına gəldi.