Hərbi İdarəetmə İnstitutu

Hərbi İdarəetmə İnstitutuAzərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, ali təhsilin magistratura səviyyəsində kadr hazırlığını həyata keçirən, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi-elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil proqramlarını həyata keçirən ali təhsil institutudur.Rəisi Polkovnik Elnur Ələsgərlidir.

Hərbi İdarəetmə İnstitutu
Tip Hərbi Akademiya
Rektor Polkovnik Elnur Ələsgərli
Şəhər Bakı Bakı
Ünvan Bakı şəhəri, S.Vurğun küçəsi, 12

Hərbi İdarəetmə İnstitutu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, əlavə təhsil proqramlarını, ali təhsilin magistratura səviyyəsində kadr hazırlığını həyata keçirən, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi-elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir.

Hərbi İdarəetmə İnstitutunun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün ali təhsilin magistratura səviyyəsi üzrə ali hərbi təhsilli zabit kadrları hazırlamaq, hərbi elmlər sahəsində elmi tədqiqat işləri aparmaq və əlavə təhsil üzrə kadr hazırlığını həyata keçirməkdir. Hərbi İdarəetmə İnstitutu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının hüquqi varisidir.

Silahlı Qüvvələrin Hərbi Akademiyası Azərbaycan Respublikasının Prezidenti ulu öndər Heydər Əliyevin 20 fevral 1999-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını və dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini təmin etmək məqsədilə yaradılmışdır.

İnstitutun fəaliyyətinin əsas istiqamətləri tədris, təlim-tərbiyə, metodiki və elmi tədqiqat işlərindən ibarətdir. Hərbi Akademiya Silahlı Qüvvələr üçün hərbi-nəzəri və hərbi-praktiki biliklərə yiyələnmiş, intellektual təfəkkürə malik, əməliyyat-strateji və əməliyyat-taktiki səviyyələrdə hərbi idarəetmə orqanlarında komanda, qərargah vəzifələrində və digər vəzifələrdə xidmət etmək üçün ali hərbi təhsilli zabit kadrları hazırlanmasında müstəsna rol oynayıb.

27 sentyabr 2020-ci ildə başlanan II Qarabağ müharibəsində aparılan döyüşlərə Hərbi Akademiyanın zabit-gizir heyəti də qatılmış və onlardan 4 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarəti almış və qazilik mərtəbəsinə yüksəlmişdir. Hərbi Akademiyanın 53 nəfərdən çox hərbi qulluqçusu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuşdur.

44 günlük Vətən müharibəsindən sonra qalib Azərbaycan Ordusunun müharibədə qazandığı təcrübə, bilik və bacarıqları yüksəltmək məqsədilə ordu quruculuğunda mühüm addımlar atıldı. Belə ki, xüsusi təyinatlı təhsil müəssisələri şəbəkəsinin fəaliyyətini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 5 mart 2022-ci il tarixli, 1626 nömrəli fərmanı ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının əsasında Hərbi İdarəetmə İnstitutu yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verildi. Hərbi İdarəetmə İnstitutunda təşkil edilmiş tədris işi hərbi-nəzəri və hərbi-praktiki biliklərə yiyələnmiş, intellektual təfəkkürə malik, əməliyyat-strateji və əməliyyat-taktiki səviyyələrdə hərbi idarəetmə orqanlarında komanda, qərargah vəzifələrində və digər vəzifələrdə xidmət etmək üçün ali hərbi təhsilli zabit kadrları hazırlamaqdan, bütün növ tədris məşğələlərini planlaşdırmaq və həyata keçirilməkdən, kurs və diplom işlərinə, təcrübi məşğələlərə rəhbərlik etməkdən, təhsilalanların tədris materialını mənimsəməsinin qiymətləndirməkdən ibarətdir.

Hərbi İdarəetmə İnstitutu nəzdində Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu və Xarici dil mərkəzi fəaliyyət göstərir. Kursların vəzifəsi respublikanın müdafiəsi ilə əlaqədar, hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrənilməsini təmin etməkdir. Xarici dil kurslarında hərbi qulluqçuların xarici dillərdə (tələbata görə) ünsiyyət bacarığının formalaşdırılması və vərdişlərinin təkmilləşdirilməsi həyata keçirilir.[1]

Xarici dil Mərkəzi

[redaktə | mənbəni redaktə et]

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Əmiliyyat-taktiki fakültənin təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Hərbi İdarəetmə İnstitutunun rektoru, milli təhlükəsizlik və hərbi elmlər doktoru, professor, polkovnik Bəbir Quliyev kursu müvəffəqiyyətlə başa vuran zabitləri müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti adından təbrik edib. Kurs iştirakçılarına gələcək xidmətlərində uğurlar və yeni nailiyyətlər arzulayıb. Kursda çıxış edənlər hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu cür kursların keçirilməsinin əhəmiyyətini qeyd ediblər.[2]

  1. "Hərbi İdarəetmə İnstitutu haqqında". 2023-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-30.
  2. "Hərbi İdarəetmə İnstitutunda buraxılış mərasimi keçirilib". 2024-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]