Həsən Mamut oğlu Rüfətov və Asan Refatov, həmçininQasan Rıfatov (1903, Bağçasaray, Tavriya quberniyası[d] – 1 noyabr 1938) — Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədri. Musiqiçi, şair.[1]
Həsən Rüfətov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 1903 |
Doğum yeri |
|
Vəfat tarixi | 1 noyabr 1938 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, bəstəkar |
Üzvlüyü |
Həsən Rüfətov 1902-ci ildə Bağçasarayda anadan olub.
Həsən Rüfətov 1922-ci ildə Ağməsciddəki Totayköy Tatar Texnikumunda musiqi müəllimi kimi işə başlayır. Tezliklə burada nəfəsli orkestr təşkil edir. Gündüzlər dərs deyib, gecələr yeni musiqi əsərləri yazır. Qısa zamanda "Totayköy marşı", Bəkir Çobanzadənin şeirinə "İgid marşı", Şövqi Bektörənin şeirinə "Qış günündə diləyim", Ümer İpçinin şeirinə "Gənc bülbülcük" mahnılarını, eləcə də Leyli-Məcnun, Tahir-Zöhrə dramlarına, A.S.Puşkinin "Bağçasaray çeşməsi" poeması əsasında hazırlanmış tamaşaya musiqi yazır.
Evində pianinosu belə olmayan gənc bəstəkar klublardakı, məktəblərdəki alətlərindən faydalanaraq tamaşalara musiqi yazmaqla kifayətlənmir, yarımçıq qalmış "Çorabatır" operasını bitirir. Musiqi alətlərinin, peşəkar kadrların, dekorların və s. qıtlığına baxmayaraq, 3 pərdəli, 6 şəkilli opera 1923-cü ilin sentyabrında Ağməsciddəki Qızıl Əsgər Klubunda tamaşaya qoyulur. Kırım Tatarları ilk operalarını, "Çorabatır"ı coşğuyla, alqışlarla qarşılayırlar. Professor Bəkir Çobanzadə tamaşa haqqında yazır: "Bu Krımtatar sənəti tarixində ilki görülən ən güclü, ən sevimli mədəni, siyasi vaqiyə oldu. Əsərin müəllifləri Osman Akçokraklı və Həsən Rüfətov bununla xalqının mədəni həyatında silinməz iz qoydular"
1924-cü ilin fevralında Kırım Dövlət Dram Teatrında "Çorabatır" operası ikinci dəfə səhnəyə qoyulur. Kommunist rəhbərliyi operanın çoxlu tamaşaçı cəlb etdiyini, xalqın rəğbətini qazandığını, insanlarda vətənpərvərlik, milli hisslər oyatdığını görüb narahat olur və onun göstərilməsinə əngəl törədirlər.
1924-cü ildə Sovetlər Birliyinin bir çox yerlərində olduğu kimi, Kırımda da etnoqrafik və arxeoloji bir elmi təşkilat qurulur. Həsən Rüfətovu da xalq mahnılarını, və maniləri toplayıb nota köçürmək üçün bu təşkilatda işə dəvət edirlər. 1932-ci ildə onun nota köçürdüyü 300-dən çöx mahnıdan yalnız 150-ni çap edirlər.
Həsən Rüfətov 1926-cı ildə musiqi təhsili almaq üçün Azərbaycana gəlir, Bakı Konservatoriyasının bəstəkarlıq və dirijorluq fakültəsində təhsil alır. Üzeyir Hacıbəyovla yaxından tanış olur və onun yaradıcılığını dərindən öyrənir. 1928-ci ildən etibarən konservatoriyanın nəzdindəki musiqi texnikumunda nəzəriyyədən dərs deməyə başlayır. Konservatoriyanın tələbəsi olan, texnikumda dərs deyən Həsən Rüfətov eyni zamanda yaradıcılığını da davam etdirir. Kiçik həcmli əsərlərlə yanaşı, tamaşalara da musiqi yazır.
Həsən Rüfətov 1930-cu ildə konservatoriyanı bitirsə də, geri dönməyə tələsmir. 1931-ci ildə o, konservatoriyaya prorektor təyin edilir. O, 1929-1931-ci illərdə İşçi-Kəndli Teatrında Riza Şövqünün "İrəli", Hacıbaba Nəzərlinin "Yolda", Seyid Hüseynin "Kölgə", Qavril Karnellinin "Əfilər" və "Pambıq verək", Azərbaycan Dövlət Dram Teatrında Cəfər Cabbarlının "Almaz" və M. Danilovun "Qara su" tamaşalarına musiqi yazır.
Fars şairi Firdovsinin anadan olmasının 1000 illiyinə həsr edilmiş müsabiqəyə "Gavə" operası ilə qatılır.
1934-cü il onun həyatda yüksəlişinin ən yüksək nöqtəsi olur. Həmin ilin iyunun 30-da keçirilən təsis iclasında 32 yaşlı Həsən Rüfətov Azərbaycan Bəstəkarlar İttifaqına sədr seçilir.
1935-ci ildə Kırım Mərkəzi İcraiyyə Komitəsi Həsən Rüfətovu vətənə dəvət edir. O, bu dəvəti məmnunluqla qarşılayır. Ağməsciddəki Tatar Musiqi Texnikumuna müəllim təyin olunur. Kırıma döndükdən sonra zəhmət haqqının böyük qismini musiqi alətləri almağa, yaşadığı mehmanxananın bir otaqlı mənzilinin kirayəsini ödəməyə xərcləyir. Yusuf Bolatovunn "Toy davam edir", "Nəsrəddin Xoca", İlyas Tarkanın "Hücum" pyeslərinə musiqi yazmaqla yanaşı, tatar yırlarının musiqisini də nota köçürür. Əvvəllər nota köçürdüyü yırlar üzərində yenidən işləyir, onları aranjiman edir. Bütün bunlar onu xalq musiqisi əsasında "Krım süitası" adlı klassik əsərini yazmağa həvəsləndirir.
1936-cı ildə Moskvada hazırlanmış daş plakaya Həsən Rüfətovun "Qızıl əsgər marşı", "Pioner marşı", "Krım süitası" kimi əsərləri və nota köçürdüyü xalq yırlarından "İki puqa", "Armut dalda (budaqda) sallanır" və "Şompul" daxil edilir. Bu, onun əsərləri yazılmış ilk və son val olur. Elə həmin il onun "Toy davam etdir" əsəri Sovetlər Birliyində keçirilən radio festivalına və "Şüştər" süitası isə Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən Üzeyir Hacıbəyovun və Asəf Zeynallının əsərləri ilə birlikdə sentyabr ayında Parisdə keçirilən bir festivala göndərilir.
Həsən Rüfətov xalq əfsanəsi əsasında "Arzu qız" adlı opera yazmağa başlayır. 1937-ci ilin aprelin 27-də Həsən Rüfətovu və qardaşı Rüfəti Türk xalqlarını SSRİ-dən ayıraraq Vahid Turan Dövləti yaratmaqda şərləyib həbs edir, evlərindəki bütün yazılı kağızları, kitabları da aparırlar. 1938-ci ilin avqustun 8-də ataları 78 yaşlı Mamutu da həbs edirlər.
Beləliklə, Krımda maarif və mədəniyyət yayan bir ailənin yaşamına Rus müstəmləkəçiləri son qoysa da onların ideyalarını məhv edə bilmirlər. 70 il sonra olsa da Rüfatovlar ailəsinin talei öyrənilir, əsərləri təbliğ olunur.
Həsən Rüfətov 1938-ci ildə vəfat edir.[2]