Həsən Abbas oğlu Sultanov (9 may 1932, Soyulan, Tərtər rayonu – 2014, Bakı) — Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru (1986), həkim-cərrah. Azərbaycan Respublikasının əməkdar həkimi, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Tibb Universitetinin I-cərrahi xəstəliklər kafedrasının müdiri (1990–2012).[1]
Həsən Sultanov | |
---|---|
Doğum tarixi | 9 may 1932 |
Doğum yeri | |
Vəfat tarixi | 2014 |
Vəfat yeri | |
Vəfat səbəbi | xəstəlik |
İş yeri | |
Təhsili |
|
Tanınmış yetirməsi | Nuru Bayramov |
Mükafatları |
|
Həsən Sultanov 1932-ci ilin may ayının 9-da Tərtər rayonunun Soyulan kəndində anadan olmuşdur. 1939–1943-cü illərdə Söylən kənd ibtidai məktəbində təhsil almış, oranın 4-cü sinfini bitirmiş, təhsilini qonşu Evoğlu kəndində davam etdirmiş və 1947-ci ildə 8-ci sinfi başa vurmuşdur. 1949-cu ildə Tərtər şəhər orta məktəbini bitirmişdir.[2]
1949-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olur. IV kursu bitirdikdən sonra Rusiya Federasiyasının Samara Dövlət Tibb Universitetinin (keçmiş Kuybışev Dövlət Tibb İnstitutu) hərbi tibb fakültəsinə köçürülür. 1955-ci ildə həmin fakültəni bitirərək hərbi həkim ixtisasına yiyələnir. 1955–1957-ci illərdə Murmansk vilayətində hərbi hospitalda hərbi həkim kimi fəaliyyət göstərir. 1957-ci ildə ordu sıralarından tərxis olunaraq Azərbaycana qayıdır. Həmin il Tərtər rayonunun Evoğlu kənd xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilir.
H. A. Sultanov 1960-cı ildə Azərbaycan Tibb Universitetinin I-hospital cərrahiyyə kafedrasında klinik ordinaturaya daxil olmuşdur. O, kafedrada professor B. M. Mahmudbəyovun rəhbərliyi altında cərrahlıq sənətinə yiyələnmiş, cərrahlıq elminə böyük maraq göstərmiş və ilk uğurlu addımlarını atmışdır. 1963-cü ildə Bərdə rayon Birləşmiş Mərkəzi xəstəxanasının cərrahlıq şöbəsinə müdir təyin edilmişdir. O, qısa zaman kəsiyində baş həkimin müalicə işləri üzrə müavini, az sonra isə həmin xəstəxananın baş həkimi vəzifəsinə təyin olunur.
1969-cu ildə "Kənd əhalisi arasında obliterasiyaedici endoarteriitin profilaktikası və müalicəsi" mövzusunda tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün müvəffəqiyyətlə dissertasiya müdafiə edir. Kənd əhalisi arasında obliterasiyaedici endoarteritin yayılması səviyyəsinin, xəstəliyin gizli formalarının aşkar edilməsi, erkən diaqnostikası üçün müxtəlif peşə sahibləri üzərində çoxsaylı müayinələr aparmış, kənd əhalisi arasında xəstəliyin profilaktikası və müalicəsi tədbirlərini işləyib hazırlamışdır. Rayonda işlədiyi müddətdə demək olar ki, cərrahlığın bütün sahələri üzrə yüzlərlə ağır cərrahi əməliyyatlar yerinə yetirmiş, ali dərəcəli cərrah səviyyəsinə qədər yüksəlmişdir.
1972-ci ildə H. A. Sultanov Azərbaycan Tibb Universitetinin I-hospital cərrahiyyəsi kafedrasına assistent vəzifəsinə seçildiyinə görə Bərdə rayon Mərkəzi xəstəxanasının baş həkimi vəzifəsindən azad olunur. O vaxtdan etibarən I-cərrahi xəstəliklər kafedrasında müxtəlif vəzifələrdə işləmişdir. 1972–1980-ci illərdə kafedranın assistenti, 1980–1987-ci illərdə dosenti, 1987–1990-cı illərdə isə professoru kimi uğurlu fəaliyyət göstərmişdir. 1990–2012-ci illərdə I-cərrahi xəstəliklər kafedrasının müdiri vəzifəsində işləmişdir. Bu illərdə prof. Sultanovun praktik cərrahlıqla yanaşı elmi-pedaqoji fəaliyyəti məhsuldar, çoxşaxəli və çoxistiqamətli olmuşdur.
1986-cı ildə H. A. Sultanov Perm Dövlət Tibb institutunda "Kənd əhalisi arasında kəskin paraproktitin profilaktikası və onun cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və tibb elmləri doktoru alimlik dərəcəsi almışdır.
O, 1988–1993-cü illərdə Azərbaycan Tibb Universitetinin aparıcı fakültələrindən birinin — I-müalicə-profilaktika fakültəsinin dekanı vəzifəsində işləmişdir.
Həsən Sultanov 2014-cü ildə uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir.[3]
Həyat və fəaliyyəti haqqında "H. A. Sultanov: Şərəfli ömrün səhifələri" (Bakı, UniPrint, 2012) və "Şöhrət zirvəsinin fatehi: Professor Həsən Abbas oğlu Sultanov" (Bakı, UniPrint, 2014) adlı kitablar nəşr olunmuşdur.