Haşım (Həşim) Bədəl oğlu Əliyev (1892, Bakı – 5 sentyabr 1919, Bakı) — Azərbaycan bolşevik inqilabçısı, "Hümmət" təşkilatının fəal nümayəndəsi.
Haşım Əliyev | |
---|---|
Doğum tarixi | 1892 |
Doğum yeri | |
Vəfat tarixi | 5 sentyabr 1919 |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Fəaliyyəti | inqilabçı |
Vikianbarda əlaqəli mediafayllar |
Haşım Bədəl oğlu Əliyev 1892-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini Bakı real məktəbində almışdır. Gənc yaşlarından inqilabi fəaliyyə başlamış, 1915-ci ildə bolşeviklər partiyasına daxil olmuşdur. 1917-ci ilin sentyabr ayında keçirilmiş ümumi siyasi tətilin hazırlanmasında və təşkilində yaxından iştirak etmişdir. 1917-ci ildə bolşevik "Hümmət" təşkilatının tapşırığı ilə Tağıyev fabrikinin (sonralar V. İ. Lenin adına kombinatın) fəhlələri arasında inqilabi iş aparmışdır.[1]
Haşım Əliyev "Hümmət" təşkilatının 1918-ci ilin yanvar ayında keçirilən ümumi yığıncağında təbliğatçılar qrupunun üzvü təsdiq olunmuş, "Hümmət" qəzetinin nəşr edilməsi və yayılmasında fəal iştirak etmişdir. Həmin ilin yazında Bakı Xalq Komissarları Sovetinin tapşılığı ilə Bakı və Gəncə qəzalarında bolşeviklərin kəndli deputatları sovetlərini yaratmasına kömək etmiş, onların Bakı proletarları ilə ittifaqının möhkəmləndirməsi istiqamətində təbliğat işləri aparmışdır.[1]
Haşım Əliyev 1918-ci ilin axırlarında "Hümmət" təşkilatının gizli fəaliyyətində yaxından iştirak etmiş, Bakıda Mərkəzi Fəhlə Konfransı sədrinin müavini seçilmişdir. O, 1918-ci ilin dekabrdakı siyasi və 1919-cu ilin mayındakı ümumi tətillərinin fəal iştirakçısı olmuşdur. 1919-cu ilin avqust ayında bolşevik "Hümmət" təşkilatının konfrasında iştirak etmiş və Mərkəzi Komitənin üzvü seçilmişdir.[2]
1919-cu il sentyabrın 5-də Haşım Əliyev, Levan Qoqoberidze və Mir Fəttah Musəvi hazırkı Fəvvarələr meydanı ərazisində mövcud olmuş "Yeni işıq" (rus. "Новый свет") restoranında dəmiryol teleqrafxanasının rəisi Hacıbəy Seyidbəyov tərəfindən güllələnmişlər. Nəticədə Levan Qoqoberidze yaralansa da, Haşım Əliyev və Mir Fəttah Musəvi ölmüş və onlar sentyabrın 7-də Fəxri Xiyabanda dəfn olunmuşlar.[3] Onların burada dəfn olunması müasir dövrdə narazılıqlara səbəb olmuşdur.[4]