Orta əsrlər zamanı Ordubad rayonu ərazisində inşa olunmuş körpülərdən biri də yerli əhali arasında "Hacı Nağı körpüsü" kimi tanınan körpü olmuşdur.
Körpü rayon ərazisinin şimalından cənuba doğru axaraq Dəstə kəndinin Tub-Basar kövşənindən keçərək Araza qovuşan Vənəndçayın üzərində salınmışdır. Bir aşırımlı bu daş körpü (çayın yatağında, şərq va qərb dayaqlar arasında uzunluğu 6 metr, eni 3 m) Böyük İpək Yolunun Naxçıvandan keçən qolları ilə hərəkət edən edən ticarat karvanlarının hərəkətini asanlaşdırmaq məqsədi ilə inşa edilmişdi. Uzun müddət şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarına xidmət edən körpü XX yüzilliyin ortalarınadak salamat olmuşdur. El arasında banisinin adı ilə "Hacı Nağı körpüsü" kimi tanınan körpünün qalıqları hazırda qalmaqdadır.
Körpünün üzərində onun inşa tarixi, sifarişçisi, memarı və s. haqqında məlumatları əks etdirən kitabə olmamışdır. Yaxud da belə bir kitabə olmuşdursa da indiyədək gəlib çatmamışdır. Ancaq bu körpü haqqında rayonun Dəstə kəndində 1610-1611-ci illərdə inşa olunmuş və əhali arasında "Meydan məscidi" adlandırılan məscidin kitabəsində məlumat verilir. Hazırda məscidin qərbdən giriş qapısının baş tərəfində qoyulmuş kitabənin məlumatından aydın olur ki, məscid və Dəstə kəndinin Tub-Basar kövşənindəki körpü eyni vaxtda – 1610-1611-ci ildə Məşədi Huseynəli Dəstəqinin oğlu Fəxrül-Hac Hacı Məhəmmədnəqi tərəfindən inşa edilmişdir. Görünür körpü uzun müddət banisinin adı ilə "Hacı Məhəmmədnəqi körpüsü" adlandırılmış, zaman keçdikcə ad təhrif olunaraq şəxs adının ikinci hissəsi ilə "Hacı Nağı" körpüsü şəklinə düşmüşdür. Qeyd etmək lazımdır ki, bu körpü Naxçıvan bölgəsində epiqrafik abidələr vasitəsi ilə haqqında məlumat verilən yeganə körpüdür[1].