Hacı Qaraman ocağı — Cəbrayıl rayonunda Çələbilər kəndinin ərazisində, Hacı Qaraman (Əhməd) Çələbinin məzarı yerləşən ziyarətgah. Hacı Qaraman Çələbi Əhmədli dövrünün sayılıb-seçilən kəramət şeyxlərindən olub, mükəmməl dini – mədrəsə təhsili almışdır. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi.[1]
Hacı Qaraman ocağı | |
---|---|
Hacı Qaraman ziyarətgahı | |
Ölkə | Azərbaycan |
Şəhər | Cəbrayıl |
Yerləşir | Çələbilər (Cəbrayıl) kəndi |
Tikilmə tarixi | XVI əsrin sonu, XVII əsrin əvvəli |
Kateqoriya | ziyarətgah |
Əhəmiyyəti | yerli əhəmiyyətli |
|
Hacı Qaraman ziyarətgahı Əhməd Çələbinin dəfn olduğu məzar (Çələbi – Çələbi sözu dini və dünyəvi termin olub hakimiyyətlərin, şahzadələrin ləqəbi kimi işlənib, Allahı sevən, yazıcı, şair, bilici mənalarını verir). XIII əsrin birinci yarısında – Monqol yürüşləri dövründə Kiçik Asiyadan (əsasən Türkiyə ərazilərindən) məşhur Qaraman tayfasının (Qaraqoyunlu hökmdarı Qara Yusifin sərkərdəsi Qaraman, Qarabağ hakimi Əmir Yaəhməd, I Şah Abbasın Şamaxıya hakim təyin etdiyi Zülfüqar Xan da Qaraman tayfasından idilər) tərkibində Azərbaycana gəlmələri tarixdən məlumdur.[2]
Cələbilərin adlı-sanlı başçılarından olan Hacı Qaraman XIII–XIV əsrlərdə Cəbrayıl ərazisinə gəlmiş, əvvəlcə Niftalılar və Nüsüs kəndləri arasındakı yerdə özünə məskən salmış, sonralar Cələbilər kəndinə köçmüşdür. Ona görə də Hacı Qaramanın dəfn edildiyi məzar sonralar "Ocaq" kimi müqəddəsləşdirilmişdir. Cələbilər kəndindəki məscid isə Məhəmməd ibn Hacı Qaraman Əhmədli tərəfindən Hicri 1088-ci ildə (Miladi 1678) inşa edilmişdir. Hacı Qaramanın adı məşhur oğuz türk tayfasından olan Qaraman tayfasının adından götürülmuşdur.[3]
Hacı Qaraman ocağı ziyarətgahı Cəbrayıl rayonunun Çələbilər kəndində yerləşir.[4] Kənd Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində yerləşir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən kənd işğal edildiyi zaman ziyarətgahda işğal ərazisində qalıb. 2020-ci il oktyabrın 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən kənd işğaldan azad edilən zaman ziyarətgahda azad edilmişdir.
Ziyarətgahda Hacı Qaramanın məzarı yerləşir. Onun qəbir daşının üzərində ərəb əlifbası ilə yazılmış mətn vardır. Ziyarətgah tək məzar daşından ibarət deyil. O, müxtəlif daşlarla əhatə edilmişdir. İşğaldan əvvəl həm rayonun özündən, həm də ətraf ərazilərdən gələn insanların daim ziyarət yeri olmuşdur. Ziyarətə gələn şəxslər salavat cevirər, yasin oxuyar, balaca ağac kollarına nəzir – niyazlarını bağlar, Allahdan ruzi – bərəkət, can sağlığı arzulayar, üç dəfə məzarın başına fırlanardı.[5]
Ziyarətgah bütün Azərbaycanda, ümumən Şərq ölkələrində geniş tanınır.[6]
Hacı Qaraman Çələbi XVI əsrin sonu XVII əsrin əvvəllərində islamı irşad etmək üçün Diyarbəkirdən Azərbaycana gəlmişdir. O, Cəbrayıl rayonu ərazisinə gəlmiş, əvvəlcə Niftalılar və Nüsüs kəndləri arasındakı yerdə özünə məskən salmış, sonralar Çələbilər kəndinə köçmüşdür. Hacı Qaraman Cəbrayıl zonasından olan Güləhmədin qızı Yetərlə evlənmiş və bu torpaqda böyük irşad işi aparmış, çoxlu kəramətlər göstərdiyinə görə "Xızır" ləqəbi almışdır. Hacı Qaramanın dəfn edildiyi məzar sonralar ocaq kimi müqəddəs olmuşdur. Çələbilər kəndindəki məscid Hacı Qaraman tərəfindən inşa edilmişdir. Hacı Qaramanın adı məşhur oğuz türklərindən olan Qaraman tayfasından götürülmüşdür. Əhməd Çələbinin Mustafa və Muhəmməd adlı iki oğlu olmuşdur.[5]
7-ci törəməsi olan Şıx Hacı Qasım Çələbi onun irşad işlərini yüksək səviyyədə davam etdirmişdir. Bugunkü çələbilər onun törəmələridir[7]. "Çələbi" sözü dünyəvi dini termin olub Allahı sevən şair, bilici mənasını verir.[5]
Bu nəslin daha bir görkəmli nümayəndəsi Əli Cələbi Cəbrayıl rayonunun Sirik kəndində 1928-ci ildə anadan olmuşdur. Ömrünün sonunadək həmin kənddə xalqa ağsaqqallıq etmiş, təməli qoyulan xeyirxah işlərin duaçısı, hüzüruna pənah gətirənlərin yardımçısı olmuşdur.[8]