Hafiz Rüstəm (tam adı: Mir Hafiz Mir Əşrəf oğlu Rüstəmov); 8 yanvar 1951 – şair-publisist, şərqşünas-tərcüməçi
Hafiz Rüstəm | |
---|---|
Mir Hafiz Mir Əşrəf oğlu Rüstəmov | |
Doğum tarixi | |
Doğum yeri | Şorsulu, Salyan rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Tamara xanım |
Uşaqları | Gülçin, Yalçın, Mir Kənan |
Atası | Mir Əşrəf Rüstəmov |
Anası | Ümmülbanu xanım |
Təhsili | BDU Şərqşunaslıq (1970-1975) |
Fəaliyyəti | Şair-naşir |
Əsərlərinin dili | azərbaycanca |
Mükafatları | Qızıl Qələm |
[email protected] |
1951-ci ildə Salyan rayonunun Şorsulu kəndində anadan olub. Əslən Yardımlı rayonunun Bərcan kəndindəndir.
1958-ci ildə Quba şəhər 1 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. Yardımlı rayonunun Bərcan kəndində 8 illik məktəbi (1966), Telavar kəndində orta məktəbi (1968) bitirib.
Bakı Dövlət Universiteti-nin Şərqşünaslıq fakültəsində təhsil alıb (1970 – 1975).
Azərbaycan Dövlət Tədris-Pedaqoji Ədəbiyyatı Nəşriyyatı “Maarif”də kiçik redaktor (1978), redaktor (1983), Xarici dillər redaksiyasının müdiri (1994), baş redaktor (2002 - 2004) vəzifəsində işləyib. 2006-cı ildən “Kövsər” nəşriyyatının baş redaktorudur.
Uzun illər boyu yüzlərlə dərslik, dərs vəsaitlərinin, elmi-pedaqoji ədəbiyyatların rəyçisi, redaktoru olmuş, onların ideya-məzmun, dil-üslub, orfoqrafik və s. cəhətdən qüsursuz çıxmasında öz yaradıcı əməyini əsirgəməyib. Moskva və Lvov şəhərlərinin siyasi-hərbi məktəblərində (1976 – 1980), İİR-nin Bakıdakı səfirliyində (1995 – 2000) əsas iş yerindən ayrılmamaqla tərcüməçi işləyib.
İlk gənclik illərindən bədii yaradıcılıqla məşğul olub. Ölkə mətbuatında orijinal lirik şeirləri, elmi-publisistik məqalələri və fars-tacik ədəbiyyatından tərcümələri ilə tanınır.
“Sizdən nə gizlədim?”(1986), “Bağışla, ürəyim” (1992),“Şeh damcıları” (2002), “Bakıdan Yardımlıya səyahət”(2012), “Fikrət Sadıq – Dədə Qorqud əmanəti”(2012), “Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov”(2013) kitabları nəşr olunub. Azərbaycan Yazıçılar Birliyinin (1999) və Azərbaycan Jurnalistlər Birliyinin (1983) üzvü , “Qızıl Qələm” media mükafatçısıdır (2012).
Gənclik illərindən ədəbi-bədii yaradıcılıqla məşğul olmuş, əsərləri mütəmadi olaraq dövri mətbuat orqanlarında , orta məktəb dərsliklərində dərc olunmuşdur. Sözlərinə bəstəkarlardan Oqtay Rəcəbov (“Nələr gördük bu dünyada”), Elza İbrahimova (“Başımın tacı”, “Sənsiz”, “İlin axır çərşənbəsi”) və Şahid Əbdülkərimov (“Deyirsən ki”) musiqi bəstələmişlər.
1980-ci ilin əvvəllərində (6 ay müddətində) Əfqanıstan Xalq Respublikasından ezam olunmuş hərbi kursantlar üçün (200 nəfər) Lvov şəhər (Qərbi Ukrayna) Hərbi-Siyasi Məktəb müəllimlərinin sovet həyat tərzinə dair hazırladıqları icmal-mühazirələri rus dilindən fars dilinə (əfqanların rəsmi dövlət dili – dəri dilinə yaxındır) və əksinə şifahi (yəni sinxron) və yazılı tərcümə etmiş, başqa sözlə, tərcüməçi vəzifəsində çalışmışdır. “Maarif” nəşriyyatında ayrı-ayrı illərdə ruscadan tərcümə ədəbiyyatlarından - dərsliklərdən, bədii-pedaqoji, elmi-kütləvi əsərlərdən (rus şairlərindən Mayakovski, Marşak, Yesenin, Blok, Tixonov, Voznesenski, Rojdestvenski və s.-in şeirlərindən) poetik tərcümələr etmişdir. İctimai-siyasi hadisələrə başı qarışdığından 1988-ci ildə “Maarif” nəşriyyatında nəşri nəzərdə tutulan “Səba yelləri”(“Xarici ədəbiyyat” seriyasından: fars-tacik şairlərinin əsərlərindən ibarət almanax, 8 çap vərəqi həcmində) kitabının tərcümə əlyazmasını vaxtında, tam həcmdə hazırlayıb başa vura bilməmiş və çox təəssüf ki, öz səhlənkarlığı üzündən əsər nəşr edilməmişdir. Əsas iş yerindən ayrılmamaq şərtilə 1995 – 2000-ci illərdə İİR-nin Bakıdakı səfirliyinin tərcümə sifarişlərini yerinə yetirmişdir. Hər həftə İİR-nin gündəlik mətbuat orqanlarından (“Keyhan”, “Ettelaat”, “Besət” və s. qəzetlərdən) 35 – 40-a qədər ictimai-siyasi, elmi-dini və s. informasiyaları tərcümə edib bülleten halında çapa imzalamış, eyni zamanda fars dilindən xeyli dini-elmi-publisistik əsərləri azəri dilinə çevirmişdir.
Fars dili və ədəbiyyatı mütəxəssisi kimi orijinaldan Baba Tahir Üryan, Ömər Xəyyam, Əfzələddin Xaqani, Hafiz Şirazi, İrəc Mirzə, Məliküşşüəra Bahar, Əbülqasim Lahuti, Mirzadə Eşqi, Fərruxi Yəzdi, Məhəmmədhüseyn Şəhriyar, Nadir Nadirpur, Jalə, Səyavuş Kəsrai, Gülçin Gilani, Firudin Zərğami və s. kimi klassik və müasir fars şerinin təmsilçilərinin əsərlərindən nümunələri doğma dilimizə çevirmişdir.Ancaq bədii tərcümə yaradıcılığı təkcə İran-fars ədəbiyyatı ilə məhdudlaşmır. Farsdilli Əfqanıstan şairlərindən Əbdülhəq Bitab, Xəlilüllah Xəlili, Bareq Şəfii, Mahmud Farani, Abdulla Naibi; Tacikistan şairlərindən Baqi Rəhimzadə, Mirza Tursunzadə, Əmincan Şokuhi, Gülçöhrə, Mömin Qənaət, Mirsəid Mirşəkər və s.; Hindistan və Pakistanın farsdilli şairlərindən Məhəmməd İqbal, Faiz Əhməd Faiz, Bastani Parizi və s-in əsərlərindən nümunələri tərcümə edərkən onların bəzilərinin yazıldıqları əruz bəhrlərini də nəzərə almışdır. Əlahiddə kitab halında çap olunmayan bu bədii tərcümələrin bir qismi “Şeh damcıları” kitabına (s.195 – 246) daxil edilmişdir.
Əsasən 1978 – 2004-cü tədris illərində “Maarif” nəşriyyatında çap olunmuş çoxsaylı fars və ərəb dillərində və digər xarici dillərdə (ingilis, alman, fransız və azsaylı xalqların dillərində) çıxmış elmi-pedaqoji ədəbiyyatların, dərsliklərin, o cümlədən Azərbaycan dili və ədəbiyyatına dair dərslik, dərs vəsaitləri, metodik ədəbiyyatlar və s.-in nəşriyyat redaktoru, rəyçisi olub. Bu peşəkar fəaliyyətini indi “Kövsər” nəşriyyatında davam etdirir. Nəşriyyat redaktoru olduğu kitablardan iki nümunə: “Farsca – azərbaycanca lüğət; Fərhənge-farsi - azərbaycani” (tərtibçi prof. Nəyyerzəman Səğəfi-Hatəmi, Ön söz müəlliflərindən biri – Hafiz Rüstəm). İkidilli lüğət, 2 cilddə. Tehran: naşer – 1999, 2000s “İstiqlal uğrunda” (1928-ci ildə İstanbulun Orxaniyyə mətbəəsində ərəb hürufatı ilə çap olunmuş , Azərbaycan Cümhuriyyətinin birinci istiqlal dövrünü tərənnüm edən, mühacir şairlərin (Əhməd Cavad, Gültəkin (Əmin Abid), Xanım, Gülsənəm, Sənan, Əli Usta, Məsud Səfvət, H.Həmidzadə, Ə.Yusif, Nafe Şükri, Azərizadə, Gülsüm xanım, İsmayıl Zöhdinin) lirik şeirlərindən ibarət almanaxın təkrar çapı; transliterasiyasını hazırlayan, şərhlərin və son söz əvəzinin müəllifi - Hafiz Rüstəm). Bakı: Qələm nəşriyyatı – 2015, 136 s.
Ədəbi-bədii yaradıcılığı haqqında ölkə mətbuatında elmi-publisistik məqalələr dərc olunub. “Bakıdan Yardımlıya səyahət” poeması haqqında şair-publisist Ə.R.Xələflinin “Yaddaşa aparan yollar” adlı (Bakı: “Adiloğlu” – 2011, 608s., 200 nüsxə) elmi-publisistik əsəri çap olunub. “Mədəniyyət” kanalında ədəbi fəaliyyətinə veriliş ( Sair- serqsunas Hafiz Rustem - YouTube) həsr olunub. Bədii-elmi yaradıcılığı və şəxsiyyəti haqqında Xəlil Rza, Fikrət Sadıq, Nəriman Həsənzadə, Sahib Əliyev, Musa Qasımlı, Qalib Rəhimli, Mübariz Səfərov, Əbülfəz Naxçıvanlı, Rüzgar Əfəndiyeva, Qəzənfər Kazımov, Əli Rza Xələfli, Allahverdi Eminov, Azər Əli Zeynal (Azər Hüseynov), Vaqif Yusifli, Mehriban Xaliq-Rzayeva, Şirin xanım Kərimbəyli, Hikmət Məlikzadə və s. elm və sənət xadimləri dəyərli fikirlər söyləmiş, orijinal məqalələr yazıb dərc etmişlər. Bu məqalələrdən bəziləri internetdə yayımlanır: