Hamlet Göyüş oğlu Qoca (22 dekabr 1942, Ağdaş – 7 may 2019, Bakı) — Azərbaycan yazıçısı, nasir-tərcüməçi, ictimai xadim. SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü. Fransa Mədəniyyət Nazirliyinin "İncəsənət və ədəbiyyat Komandoru" ordeni və fəxri adı laureatı.[1]
Hamlet Qoca | |
---|---|
Hamlet Göyüş oğlu Qoca | |
Doğum tarixi | |
Doğum yeri | Ağdaş, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | Ürəyin dəqiqləşdirilməmiş kəskin işemik xəstəliyi |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Tünzalə Qocayeva |
Uşaqları | Ceyhun, Azər, Azad Qocayevlər |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | yazıçı, tərcüməçi |
Mükafatları | "İncəsənət və ədəbiyyat komandoru" ordeni |
Hamlet Qoca 1942-ci ilin 22 dekabr tarixində anadan olub. Orta təhsil illərindən Avropa dillərini öyrənməyə başlamış, Ağdaş şəhərində 1 saylı tam orta təhsil məktəbini bitirdikdən sonra 1960-cı ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun (indiki ADU) fransız dili və ədəbiyyatı fakultəsinə qəbul olunmuşdur. Təhsil illərində əlaçı olmuş, fransız dili ilə bərabər ingilis dilini də mükəmməl öyrənməyə səy göstərmiş, fransızca səlis, qramatik nitqə və tərcüməçilik qabiliyyətinə malik olmuşdur. 1963-cü ildə Tbilisidə keçirilən Tələbə Elmi Cəmiyyətlərinin Ümumittifaq konfransında fransız dilində məruzəsinə Fransalı nümayəndələr yüksək qiymət vermiş və təhsilinin davamı üçün onu Sarbon universitetinə dəvət etmişdilər, lakin dövrün məlum siyasətinin qoyduğu qadağalar qarşısında o, dəvətdən imtina etməyə məcbur olmuşdur. Hamlet Qoca hələ tələbə ikən 1964–1966-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix institutunda fransız dilində olan elmi-tarixi arxiv materiallarını ana dilimizə çevirməklə iş fəaliyyətinə başlamışdır. İnstitutu əla qiymətlərlə bitirəndən sonra 1966-cı ildə Afrikaya, Mali Respublikasındakı sovet səfirliyinə mütərcim təyinatı alır. 1968-ci ilə qədər burada çalışır və eyni zamanda Malinin tarixi-mədəni, ictimai-sosial, etnik xüsusiyyətlərini araşdırmaqla məşğul olur ki, bu da sənədli memuar tipli ilk əsərinin, "Tam-tamlar ölkəsində" (1971) kitabının yazılmasına imkan yaradır və sonralar bu silsiləni davam etdirərək işlədiyi, ezamiyyətdə olduğu Afrika ölkələrinin özəlliklərini əks etdirən "Afrikada gördüklərim" (1986), "Üç Afrika ölkəsi" (1989) kimi əsərlərini qələmə alır. Fəaliyyətinin bütün dövrlərində Fransanın görkəmli yazıçılarının əsərlərini ana dilimizə çevirmək, azərbaycanlı oxucuya orijinala maksimum yaxın bir üslubda təqdim etmək işini davam etdirmişdir. 1968–1971-ci illərdə işlədiyi "Gənclik" nəşriyyatında çap olunan uğurlu tərcümə nümunələri (A.Morua "Fəslin çiçəkləri", A. Filip "Bir göz qırpımı", M.L.Verner "Peretin nağılları" və s.) tərcüməçilik fəaliyyətinin inkişafına və genişlənməsinə şərait yaradır.
1971–1980-ci illərdə SSRİ-nin Asiya və Afrika xalqları ilə həmrəylik komitəsinin Azərbaycanda məsul katibi vəzifəsində çalışan Hamlet Qoca eyni zamanda ictimai-siyasi xadim kimi də fəaliyyət göstərmiş, müxtəlif dünyamiqyaslı beynəlxalq konfrans və tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil etmişdir. 1980–1982-ci illərdə SSRİ-nin Əlcəzairdəki səfirliyində mədəniyyət mərkəzinin müdiri vəzifəsində çalışmış, vəzifə müddəti bitdikdən sonra yenidən əvvəlki işinə qayıtmışdır. 1994–2000-ci illərdə Azərbaycan Televiziya və Radio Şirkəti Qərb verilişləri redaksiyasında baş redaktor vəzifəsində çalışmışdır. 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq Münasibətlər şöbəsində baş məsləhətçi təyin edilmişdir. Hamlet Qoca ağır xəstəlik keçirdiyindən ürək-damar çatışmazlığı səbəbi ilə 2019-cu il, mayın 7-də vəfat etmişdir.[2]
Həkim Göyüş Şoşuq oğlu Qocayev (1912–1976), Zərxara Əli qızı Qocayevanın (1920–1999) ailəsində dünyaya gələn Hamlet Qoca ailənin səkkiz övladının (Fikrət, Səhhət, Vaqif, Hamlet, Məhəmmədəli, Gülbəniz, Aybəniz, Güldəniz) dördüncüsüdür. O, 1973-cü ildə həkim-terapevt Tünzalə Hüseynova ilə ailə həyatı qurmuş, 3 övladı olmuşdur:
Hamlet Qocanın yaradıcılığının və əmək fəaliyyətinin böyük bir hissəsi Azərbaycanın sovetlər birliyi hakimiyyəti illərinə təsadüf edir. Ümumittifaq miqyaslı ictimai-siyasi vəzifələr daşımasına baxmayaraq o, daim Azərbaycanın, doğma xalqın mənafeyini doğrultmağa, vətəni bütün dünyaya tanıtmağa çalışmışdır. Ermənilərin ölkəmizə ərazi iddialarının başladığı ilk dövrlərdən Hamlet Qoca məsələyə kəskin münasibətini bildirdiyi məqalə və yazıları ilə müxtəlif mətbuat orqanlarında çıxış edərək ziyalı mövqeyini meydana qoymuşdur:
"Mən həmişə fransızlarla söhbətimdə deyirəm ki, bizim iki oxşar cəhətimiz var-səmimiyyət və yumor hissi. Elə ermənilərə inanmaları da bu səmimiyyətdən irəli gəlir. Bizi də çox vaxt səmimiyyətimizə görə tora salırlar" |
1990-cı ilin yanvar hadisələri ərəfəsində daim "Azadlıq" meydanında qardaşı Fikrət Qoca ilə bərabər "Kommunist partiyası" biletini nümayişkaranə şəkildə tonqala atıb yandıranlardan, tankların qarşısında sona qədər əzmlə dayananlardan olmuşdur.
Hamlet Qocanın istər tərcüməçilik, istərsə də ədəbi-bədii və publisistik yaradıcılığında maarifçi-demokratizmin prinsipial mövqeyi açıq-aydın duyulur. Tərcümə işində daha çox XIX-XX əsrlərdə yazıb yaratmış fransız yazıçılarının lirik-psixoloji mövzulu əsərlərinə müraciət edən Hamlet Qoca, yazıçının yazı manerasına sadiq qalmağa, dil-üslub xüsusiyyətlərinin imkan olduqca qorunmasına, fikrin ana dilimizə çevrilməsində daha münasib ifadə vasitələrinin işləsdilməsinə xüsusi diqqət göstərmişdir. Hamlet Qoca eyni zamanda mədəniyyətimizin təbliğində önəm kəsb edən bir çox ədəbi-bədii mətnləri R.Rzanın "Rənglər" şeir silsiləsini, on Azərbaycan yazarının şeir və hekayələrini, o cümlədən bir sıra Azərbaycan xalq nağıllarını, Molla Nəsrəddin lətifələrini fransız dilinə tərcümə etmişdir. "Fransız müəlliflərindən daha çox kimi ruhunuza yaxın hiss edirsiniz" sualına Hamlet Qoca belə cavab vermişdir:
"Mənim ən çox sevdiyim fransız yazıçısı Viktor Hüqodur. Onun yaradıcılığına və şəxsiyyətinə böyük hörmətim var. Mənim bir ömürlük mütaliəmin böyük hissəsi fransız ədəbiyyatının payına düşür. Hələ fransız dilini yaxşı öyrənməyə başladığım tələbəlik illərində əlimə düşən bütün fransız kitablarını oxuyurdum. Tələbəlik illərindən sonra Afrikada – Mali Respublikasında tərcüməçi işlədiyim illərdə, yaşadığım şəhərlərdə fransızlardan qalan kitabxanalardakı kitabların əksəriyyətinin yararlı-yararsızlığına baxmadan gecə-gündüz oxuyurdum. Bəzilərinin mövzusunu tez unutsam da,aralarında sosial mövzulu, yadda qalan əsərlər də vardı. Sonralar Əlcəzairdə işlədiyim müddətdə kitabları və müəllifləri seçmək imkanım vardı.
Saatlarla bukinist dükanlarında vaxt itirir, kitabları ancaq reklamlı üzlüklərə görə deyil, mövzu və müəlliflərə görə seçmək imkanı qazanırdım. Məhz ona görə də 1982-ci ildə Əlcəzairdən gəmi ilə Azərbaycana qayıdanda gömrük işçiləri yükümün böyük hissəsinin fransız dilində kitablardan ibarət olduğunu görüb çox təəcüblənmişdilər. Yalnız Sovet Yazıçıları Birliyinin üzvlük vəsiqəsini təqdim etdikdən, kitablar haqqında ətraflı sorğu sualdan, bədii tərcümə ilə məşğul olduğumu dedikdən sonra gömrük işçilərinin əlindən qurtarıb kitabları gətirə bildim. Fransız ədəbiyyatı haqqında bildiklərimi azərbaycanlı oxuculara, ədəbiyyat həvəskarlarına çatdırmaq fikri də elə həmin dövrlərdə başlayıb" |
Hamlet Qoca nasir kimi də qələmini sınamışdır. Onun 1992-ci ildə çıxan "Kirayəçilər" adlı kitabında müasir həyatımızın müxtəlif aspektlərini əks etdirən hekayə və novellaları toplanmışdır. Müəllifin nəsri özünün dil axıcılığı, fikir aydınlığı, professional təsvir imkanları ilə seçilir, qəhrəmanları yüksək insani keyfiyyətləri ilə yadda qalır. 1971-ci ildə yazdığı "Tam-tamlar ölkəsində", 1986-cı ildə yazdığı "Afrikada gördüklərim" və 1989-cu ildə yazdığı "Üç Afrika ölkəsində" adlı əsərlərində isə müəllif tədqiqatçı səriştəsi ilə işlədiyi, ezamiyyətdə olduğu Mali, Qvineya, Qvineya-Bisau, Seneqal, Konqo, Toqo, Əlcəzair və s. Afrika ölkələrinin tarixi, adət-ənənələri, məişəti, insanları, etnik xüsusiyyətlərindən bəhs edir və memuar üslubunda yazdığı bu əsərlərində oxucu müəllifi bu dəfə səyyah-etnoqraf kimi tanıyır. 1990-cı ildə vətən sevgisi, millət qüruru ilə yazılmış "Fransızlar yurdum haqqınada" monoqrafiyasınada Hamlet Qoca Fransada Azərbaycan haqqında dərc olunmuş məlumatlara, XIX əsrdən başlayaraq bədii və publisistik yazılara nəzər salmış, və Azərbaycana səyahət etmiş Aleksandr Düma, Karla Serena, Jül Löklerk, Bulanje və digər yazıçıların vətənimiz, xalqımız, etnik-mədəni xüsusiyyətləriiz, milli-mental dəyərlərimiz haqqında fikirlərini müxtəlif mənbələrdən toplayaraq dilimizə çevirməklə tədqiqata cəlb etmişmişdir.
Hamlet Qocanın Azərbaycan-Fransa ədəbi-mədəni əlaqələrinə verdiyi ən dəyərli töhfələrdən biri də 2000-ci ildə dərc etdirdiyi "Fransız ədəbiyyatı antologiyası (XIX-XX əsrlər)" oçerk və mətnlər toplusudur. Burada müəllif yaradıcılığına bələd olduğu fransız yazıçı və şairləri haqqında məlumatları və onların əsərlərindən etdiyi tərcümələri təqdim etmişdir. XIX əsrin sonu, XX əsr fransız ədəbiyyatının bir sıra yüksək ədəbiyyat ödüllərinə layiq görülmüş, lakin Azərbaycan oxucusuna az məlum olan yazıçıların əsərlərindən nümunələrlə yanaşı müəllif, irsindən nümunə vermədiyi bir çox şair və yazıçıların həyat və yaradıcılığı barədə qısa məlumat oçerkləri də təqdim etmişdir. 2011-ci ildə çıxmış "Keçmişdən 44 məktub" kitabında Hamlet Qoca bir çox görkəmli şəxsiyyətlərin ona ünvanladığı məktubları təqdim etmişdir.[3][4]
Hamlet Qoca, həmçinin Fransa-Azərbaycan tarixi və mədəni əlaqələri haqqında ilk araşdırma kitabının müəllifidir. Elə bu səbəbdən də iki ölkə arasında mədəni əlaqələrin inkişafındakı səmərəli fəaliyyətinə və xidmətlərinə görə Fransanın yüksək "İncəsənət və ədəbiyyat komandoru" ordeninə layiq görülmüşdür.[2]