Hasil Fətəliyev

Fətəliyev Hasil Kamaləddin oğlu — Azərbaycan şərabçılığı tarixində ilk doktor və professor[1].

Hasil Fətəliyev
Fətəliyev Hasil Kamaləddin oğlu
Doğum tarixi
Doğum yeri Zərdab rayonu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi şərabçılıq
Mükafatları "Tərəqqi" medalı

Fətəliyev Hasil Kamaləddin oğlu 1959-cu ildə Azərbaycan Respublikasının Zərdab rayonunda müəllim ailəsində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti — ADAU) "Meyvə-tərəvəzçilik və üzümçülük" fakültəsinin "üzümçülük və üzümün ilkin emalı" ixtisaslaşmasını fərqlənmə diplomu ilə (Lenin təqaüdü ilə) bitirmiş və SSRİ Kənd Təsərrüfatı Nazirliyinin göndərişinə əsasən həmin institutda assistent vəzifəsinə təyin edilmişdir. Moskva Yeyinti Sənayesinin Texnologiyası İnstitutunun "Şərabçılığın texnologiyası" kafedrasında birillik elmi stajkeçməyə göndərilmiş və sonra aspiranturada təhsil almışdır. 1987-ci ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1991-ci ildən dosentdir. 2005-ci ildə doktorluq dissertasiya işini müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsi, sonra isə professor elmi adı almışdır.

Professor H. K. Fətəliyev 192 elmi əsərin, o cümlədən, 15 müəlliflik şəhadətnaməsi və patentin, 5 dərslik, 5 dərs vəsaiti, 1 monoqrafiya, 3 tövsiyə və bir neçə elmi populyar vəsaitin, 150-dən çox elmi məqalə və metodik göstərişlərin müəllifidir. 30 elmi əsəri xarici ölkələrin sahəyə dair ən aparıcı jurnallarında nəşr olunmuş, elmi tədqiqat işlərinin nəticələrinə dair Türkiyə, Rusiya, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Fransa, Almaniya və digər ölkələrdə keçirilən konfrans və simpoziumlarda məruzələr edilmişdir.

Professor H. K. Fətəliyevin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 5 nəfər texnika üzrə fəlsəfə doktoru və 1 nəfər elmlər doktoru hazırlanmışdır. Hazırda H. K. Fətəliyev 2 elmlər doktorluğu dissertasiyasına elmi məsləhətçi və 5 texnika üzrə fəlsəfə doktorluğu dissertasiyasına elmi rəhbərlik edir. Rəhbərliyi ilə işlənib hazırlanan 3 yarımsənaye qurğusu müvəffəqiyyətlə istehsalat sınağından keçmişdir.

H. K. Fətəliyev Beynəlxalq və Regional səviyyəli layihələrin iştirakçısıdır. Dünya Bankının Azərbaycan Dövləti ilə birgə Gəncə Regional Məsləhət Mərkəzinin yaradılması üçün keçirdiyi tenderin qaliblərindən biri kimi orada çalışmış, fermerlərə məsləhət və informasiya xidməti göstərilməsinə rəhbərlik edən şəxslərdən biri olmuşdur. İşləyib hazırladığı tövsiyələr və metodologiya fermer təlimlərində istifadə olunmaqdadır.

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) "Azərbaycan şərablarının keyfiyyətinin yaxşılaşdırılması" layihəsində iştirak etmiş və həmin layihə çərçivəsində 2004-cü ildə Almaniyanın Ştutqart şəhərində keçirilən "intervits-interfrukta" sərgisinə dəvət alaraq orada iştirak etmişdir.

Son illərdə ölkəmizin Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatına üzv olması və Fransanın regionları ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində aparılan tədbirlər çərçivəsində prof. H. K. Fətəliyev öz əməkdaşları ilə birlikdə yaxından iştirak etmişdir. Fransadan və Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatından ölkəmizə və Gəncə şəhərinə gələn yüksək nümayəndə heyəti dəfələrlə onun rəhbərlik etdiyi kafedrada olmuşdur. Onun özü isə 2012-ci ildə Azərbaycandan Fransaya göndərilən nümayəndə heyətinin tərkibində Burqund və Konyak bölgələri ilə aparılan danışıqlarda və keçirilən tədbirlərdə iştirak etmişdir. 1-ci və 2-ci Beynəlxalq Gəncə Şərab Festivalının təşkilat komitəsinin üzvlərindən biri olmaqla ölkəmizin Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatına 45-ci üzv kimi qəbul olunmasında fəal iştirak etmişdir. H. K. Fətəliyevin yetirmələri arasında fəlsəfə və elmlər doktorları, tanınmış dövlət və hökumət nümayəndələri vardır.

Professor H. K. Fətəliyevin əməyi yüksək qiymətləndirilmiş, o, təhsildə əldə etdiyi uğurlara görə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 18 may tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Əsas əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Перспективы применения электроконтактного прогрева при выработке виноградного сока и других продуктов. Обзорная информация –Б., 1989 (в соавт).
  • Новый способ модернизации вин в Азербайджане – М.., 2001;
  • Şərabçılıq – B.1995;
  • Совершенствование технологии Азербайджанских вин- Б, "Elm", 2004 (монография);
  • Виноградарство и виноделие Азербайджана; состояние и развитие- М.2005;
  • Экспорты для креплёных вин Азербайджана — М. ,2005,
  • Alkoqollu içkilərin texnologiyası, B., "Elm" 2007;
  • Tünd alkoqollu içkilər, B. " Elm ", 2007 (həmmüəllif).
  1. "TANINMIŞ ÜZÜMÇÜLƏR: Fətəliyev Hasil". 2017-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.