Zərdab rayonu

Bu məqalə Zərdab rayonu haqqındadır. Şəhər üçün Zərdab səhifəsinə baxın.

Zərdab rayonuAzərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Zərdab şəhəridir.

Rayon
Zərdab

40°13′06″ şm. e. 47°42′30″ ş. u.HGYO


Ölkə
Daxildir Mərkəzi Aran
İnzibati mərkəz Zərdab
İcra başçısı Mərdan Camalov[1]
Tarixi və coğrafiyası
Yaradılıb 05.02.1935
Sahəsi 855.6[2] km²
Əhalisi
Əhalisi 60000 [3] nəfər
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-ZAR
Telefon kodu (+994) 20[4]
Poçt indeksi AZ 6300[5]
Avtomobil nömrəsi 63[6]
Rəsmi sayt
Zərdab xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zərdab rayonunun ərazisi arxeoloji cəhətdən, demək olar ki, öyrənilməmişdir. Mərkəzi əvvəllər Əlvənd olub.

Zərdab ərazisində tapılmiş (təsərrüfat işləri ilə əlaqədar şum aparılarkən) şirli və şirsiz məişət əşyalarının, qab-qacaqların qalıqları bu ərazinin arxeoloji cəhətdən geniş tədqiq edilməsi zərurətini yaradır.

İbtidai icma quruluşunun tunc dövrü mərhələsində insanların daha geniş ərazilərə yayılması, yaşayış yerlərinin çox zaman çay kənarlarında salınması bunu deməyə əsas verir ki, Zərdab ərazisində insanlar tunc dövründən başlayaraq yaşamışlar.

XIV əsrin Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbi əl-Əhəri "Tarix-e Şeyx Uveys" əsərində monqol hökmdarları Hülakuların tarixindən bəhs edərək yazır ki, Abaqa xanın hakimiyyəti dövründə (1265–1282) Hülakular dövləti lazımi qədər möhkəm idilər. 1266-cı ildə "Abaqa xan buyurdu ki, Kür çayı sahilindən və Delan Naurdan Gərdmun səhrasına kimi ərazini şahzadələrdən Səmağar, Menku-Temur və Ulcay xatun tutsunlar. Bu yer onların qışlaq yurdu oldu."

Əsərdə haqqında danışılan Delan Naur monqol dilində "yetmiş göl, yetmiş nohur" (müasir monqolca "Dalan nuur" / Далан нуур) deməkdir, monqollar Kürün şimalında HacıqabulKürdəmir—Zərdab ərazilərində mövcud olmuş gölləri bu cür adlandırmışlar.

Rəvayətə görə çox-çox qədimlərdə Zərdab ərazisində – Bıçaqçı kəndi yaxınlığından başlanan Yerayız adlı böyük və zəngin şəhər varmış. Bu şəhər hansı səbəbdənsə məhv olmuşdur. Hətta indi də o ətrafdakı kəndlərdə adamlar bir-birlərinə, "İndi ki Yerayız şəhəri yoxdur ki, qaçıb orada gizlənəsən, səni də tapmaq mümkün olmaya" deyirlər.

Zərdabın[7] Yuxarı Seyidlər kəndi yaxınlığında Qanlıca adlanan göl var. Bu adın nə ilə əlaqədar yarandığı hələ də dəqiq bilinmir. Lakin məlumdur ki, bu göldə su qan rəngindədir. Yerli sakinlərin dediyinə görə nə zamansa gölün dərinliyində qırmızı kərpicdən bina batmışdır, suya qırmızı rəng verən də həmin binanın kərpicləridir.

IX–X əsrlərdə yaşamış ərəb coğrafiyaşünasları və səyyahları yazırlar ki, orta əsrlərdə Təbriz-Ərdəbil-Beyləqan-Bərdə-Şamaxı-Dərbənd ticarət yolunda – Kür vadisində mühüm ticarət mərkəzi Bərzənd (bəzi mənbələrdə Bərzənc) şəhəri vardır, karvanlar bu şəhərdən keçib gedirdi.

X əsrdə yaşamış İbn Həvqəl "Yollar və məmləkətlər" əsərində yazırdı ki, "Bərdədən Bərzəncə 18 fərsəng yoldur. Bərzəncdən Kürü keçərək Şəmaxiyyəyə 14 fərsəng yol var…" Minorski sübut etmişdir ki, bu şəhər Zərdabın Körpükənd adlanan kəndinin lap yaxınlığında – Bərdədən təqribən 35 km. şərqdə mövcud olmuşdur.

Görkəmli alimlərin Bərzəncin yaşıdı hesab etdikləri, bu gün də qədim adını yaşadan Körpükənd barədə qeydlər orta əsrlərin sonuna aid sənədlərdə yazılmışdır. Həmin tarixi mənbələrdə deyilir ki, Körpükənddə bərə vardı, Şamaxıdan gəlib Qarabağa, Gürcüstana, İrana, İrəvana gedən karvanlar bu körpüdən keçirdi.

Zərdabın adına yazılı mənbələrdə ilk dəfə 1500-cü ildə rast gəlinir. "Azərbaycan SSR atlası" kitabında (Bakı-Moskva, 1963, səh.208.) göstərilir ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları ilə 1500–1501-ci illərdə Ərzicandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından ("Qoyun ülumu"ndan — bu sözlər qoyun yığışan, qoyun cəmləşən, toplaşan yer mənasını verir) Kürü keçmiş, Şamaxıya getmişdir. I Şah Təhmasib öz ordusu ilə Şirvana (1538-ci il) və Şəkiyə (1551) hərəkət edərkən Cavaddan (Sabirabad rayonu) Kürü keçmiş, Zərdaba ("Qoyun ülumu"na) gəlmiş, buradan Qəbələyə, sonra Şamaxıya yürüş etmişdir. Oqtay Əfəndiyev "Azərbaycan Səfəvilər dövləti" əsərində yazırdı: "I Şah Təhmasib Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi, Yevlax adlanan yerdə dayandı… Zülhiccənin 11-də "Qoyun ülumu" kecidinin yanından Kürü keçdi…

Bu günkü Zərdab şəhəri 1578-ci ilə aid türk mənbələrində "Zərdab sancağı" kimi göstərilir. Həsən bəy Zərdabi 1884-cü ildə Zərdabın 500 evdən ibarət olduğunu yazırdı. 1827-ci ildən yelkənli iri çay gəmiləri Zərdab ərazisində Kür çayı boyunca yük daşıyırdılar. H. Zərdabi qızı Pəri xanımın əri Əlimərdan bəy Topçubaşovun H. Z. Tağıyevdən icarəyə götürdüyü və redaktorluğun ona həvalə olunduğu "Kaspi" qəzetində 1892-ci ildə yazırdı: "Bizim kəndimizdə 800-ə yaxın ev var, güman ki, Zərdabda 5 minə yaxın adam yaşayır…"

1935-ci ildə Zərdab bölgəsi Göyçay rayonunun tərkibində idi. 1933-cü ildə Bakıda nəşr olunmuş "Azərbaycan Sosialist Şuralar Cəmiyyəti, Naxçıvan Sosialist Şura Cəmiyyəti və Muxtar Dağlıq Qarabağ Oblastı inzibati bölünüşü" statistik məlumatından indiki Zərdab rayonu haqqında xeyli maraqlı bilgi əldə etmək mümkündür. Həmin məlumata əsasən 1933-cü ildə Zərdab bölgəsində 37 yaşayış məntəqəsi olmuşdur. Sosialist Şuralar Cəmiyyətinin 1920-ci ildən hakimiyyətə yiyələnməsinə baxmayaraq kəndlərdə təsərrüfatlar hələ tam ümumiləşdirilməmişdi. 14 kənddə bir təsərrüfat belə ümumiləşməmişdi. Təsərrüfatlar fərdi fəaliyyətlə məşgul olurdular.

Nisbətən böyük kəndlərdə isə təsərrüfatların ümumiləşdirilməsinə başlanmışdı. Belə təsərrüfatların sayı Məliklidə 74, Gəndəbildə 69, Xələcdə 52 (o vaxt Xələc kəndi Zərdabın inzibati ərazi vahidinə daxil idi, hazırda isə Ucar rayonundadır), Gəlmədə 44, Burunluda 39, Çallıda 37, Nəzərallıda 36 idi. Zərdab bölgəsində 8 kənd şurası fəaliyyət göstərirdi. Bu kənd şuraları sonralar kənd zəhmətkeş deputatları sovetinə çevrilmiş, 1977-ci ilədək bu ad altında, 1977-ci ildən SSRİ dağılanadək isə xalq deputatları soveti kimi fəaliyyət göstərmişlər.

XIX–XX əsrlərdə Göyçay qəzasının iri kəndlərindən olan Zərdab sonralar inkişaf edərək 1935-ci ildə rayon mərkəzinə çevrilmişdir.

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Rayonun Bakıdan şose yolu ilə məsafəsi 231 km-dir. Rayon mərkəzi dəniz səviyyəsindən 11 metr aşağıda yerləşmişdir.

Rayonun səthi düzənlik olub, əsasən, okean səviyyəsindən aşağıdadır.

Geoloji quruluşu

[redaktə | mənbəni redaktə et]

Antropogen çöküntüləri yayılmışdır.

Çayları və su hövzələri

[redaktə | mənbəni redaktə et]

Əsas çayları KürTüryançayın aşağı axını olan Qarasuçaydır. Aşağı Şirvan Kollektoru (AŞK) rayon və həmçinin şəhər ərazisi boyunca keçir. Kür çayı mühafizə bəndi ilə məhdudlaşdırıldıqdan sonra keçmişdə keçdiyi axın yataqları indi rayonun ərazisində su tutar (axmaz)kimi qalmışdır

Landşaftları və bioloji müxtəlifliyi

[redaktə | mənbəni redaktə et]

Ərazinin iqlimi yayı quraq keçən mülayim isti və qum-çöl iqlimidir. Boz-çəmən, şoran və şorakətli torpaqlar yayılmışdır. Kür çayı sahillərində ləkə şəklində tuqay meşələri vardır. Tuqay meşələrində müxtəlif söyüd növləri, ağyarpaq qovaq və s. ağaclara rast gəlinir. Burada kollardan çoxbudaqlı yulğun , xəzər iydəsi , qaratikan və s. növlər vardır. Ərazinin yovşanlı yarımsəhra sahələri, əsasən, yovşanlı-efcmcrli bitkilərdən ibarətdir. Burada qara- şoran, yovşan , acılıq , enliyarpaq çilədağı , soğan biberşteyn göyəyi əkin indausu, ikirəngli nalotu və s. bitkilərə rast gəlinir.[8]

Zərdab Böyükdimdik Bozca.jpg

Zərdab rayonu ərazisində sürünənlərdən aralıqdənizi tısbağası , Levant irigiirzəsi , qırmızıqarın təlxə , qafqaz kələzi yayılmışdır. Tuğay meşələri üçün qırqovul, adi qurqur , saxsağan , qarabaş vələmirquşu , ağ titrəkquyruq , abıquş xarakterikdir. Bozqır və yarımsəhra ərazilərdə çobanalda- dan , muy- mulu qızılquş , böyük qartal və s. quşlara rast gəlinir. Məməlilər sinfi ərazidə canavar , adi tülkü , boz dovşan, porsuq , qamışlıq pişiyi ilə təmsil olunmuşdur. Burada rast gəlinən kəlləşəkilli haf Azərbaycanın Qırmızı Kitabına salınmışdır.[9]

Əhalinin 23%-i şəhərdə, 77%-i isə qəsəbə və kəndlərdə yaşayır.

Etnik
qrup
27 yanvar-3 fevral, 1999-cu il sa.[10] 13–22 aprel, 2009-cu yıl sa.[11]
Sayı % Sayı %
Cəmi 46 091 100.00 52 870 100.00
Azərbaycanlılar 46 009 99.82 52 846 99.95
Ruslar 50 0.11 19 0.04
Tatarlar 10 0.02 1 0.00
Ukraynalılar 10 0.02 0 0
Türklər 7 0.01 0 0.00
Ləzgilər 3 0.01 1 0.00
Avarlar 1 0.00 0.00 0.00
Digərləri 1 0.00 3 0.01

İri yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]

Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 40 kənd olmaqla, 42 yaşayış məntəqəsi vardır. İnzibati mərkəzi – Zərdab şəhəridir. Rayon Bəyimli qəsəbəsini və Bıçaqçı, Yuxarı Seyidlər, Sileyli, Körpükənd, Məlikli, Burunlu, Qoruqbağı, Sarıqaya, Məmmədqasımlı, Gödəkqobu, Yarməmmədbağı, Lələağacı, Pərvanlı, Gəlmə, Salahlı, Hüseynxanlı, Xanməmmədli, Əlibəyli, Allahqulubağı, Çallı, Məlikumudlu, Birinci Alicanlı , İkinci Alicanlı, Cülovxanlı, Dəli Quşçu, Dəkkəoba, İsaqbağı, Qaravəlli, Böyük Dəkkə, Nəzəralılı, Şıxbağı, Kəndəbil, Ağabağı, Şahhüseynli, Şəftəhal, Aşağı Seyidlər, Əlvənd, Otmanoba, Təzəkənd kəndlərini özündə birləşdirir.

İqtisadi xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Rayonun iqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, baramaçılıq, balıqçılıq və heyvandarlıq təşkil edir. Rayonda pambıqtəmizləmə, çörək, asfalt, süd zavodları fəaliyyət göstərir.

Maddi-mədəni irsi

[redaktə | mənbəni redaktə et]

XX yüzilliyin 70-ci illərində Zərdab ərazisində görülən meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da rəngini və kefiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər (Azərbaycan Atabəyləri) və digər hakimiyyətlər dövründə buraxılmis mis pullar, qədim bəzək, məişət və mədəniyyət əşyaları üzə çıxdı və indi bunların bir çox nümunələri Zərdab tarix-diyarşünaslıq muzeyində eksponat kimi nümayiş etdirilir.

"Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli (N-132) qərarı ilə Xanməmmədli kəndində aşkar edilmiş küp qəbirləri nekropolu I əsrə aid edilərək ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir.

Zərdab rayonunun Dəli Quşçu kəndi ərazisində kütləvi qəbiristanlıqlar – Ağtəpə adlanan kurqan bu gün də mövcuddur və bu kütləvi məzarlığın tarixi barədə konkret bilgi yoxdur və bu təpədə əsaslı qazıntı-tədqiqat işinə ciddi ehtiyac var.

Bir zamanlar Zərdabın bəzi ərazilərində, o cümlədən Məlikumudlu kəndi yaxınlığındakı qədim yaşayış məskənlərində torpaq işləri görülərkən gümüş və qızıldan düzəldilmiş qadın zinət şeyləri, qırmanc dəstəyi, əsa başı, sikkələr tapanlar çox olmuşdur.

  1. "İcra hakimiyyətinin başçısı". Zərdab Rayon İcra Hakimiyyəti. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
  2. Ümumi məlumat. — Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — İnzibati kənd rayonları (01.01.2006), səhifə 12. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017
  3. "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
  4. "Şəhərlərarası telefon kodları". Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi. 2018-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
  5. "Zərdab Poçt Filialı". nav.az. 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
  6. "Nömrə nişanlarının kodları". Baş Dövlət Yol Polisi İdarəsi. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
  7. "Rayon haqqında" (Azərbaycan). zerdab-ih.gov.az. 8 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2023.
  8. Şükürov E., Əskərov F., Zaytsev Y, Azərbaycanın səhra və yanmsəhı-alarınm bitki müxtəlifliyi. Bakı: Nurlar, 2008.
  9. Tuayev D. Azərbaycan quşlannın kataloqu. Bakı: Şur, 1996
  10. Population statistics of Eastern Europe Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine: Ethnic composition of Azerbaijan by 1999 census Arxivləşdirilib 2015-06-27 at Archive.today
  11. Population statistics of Eastern Europe Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine: Ethnic composition of Azerbaijan by 2009 census Arxivləşdirilib 2012-02-07 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]