Vertolyot[1][2] və ya helikopter[3] — şaquli hərəkət edən, havada dayana bilən və istənilən istiqamətdə hərəkət etmək imkanına malik olan aerodinamik uçuş aparatı. Lazımi qaldırıcı qüvvə reaktiv və ya porşenli mühərriklə hərəkətə gələn pərlər vasitəsilə əldə edilir.
Vertolyot sözü ilk dəfə 1929-cu ildə Nikolay Kamov tərəfindən istifadə edilmişdir. "Vertikal" və rus dilində uçmaq mənasını verən "letat" (летать) sözlərinin birləşməsindən yaranmışdır.
Həmçinin, "helikopter" sözü XIX əsrin sonlarında fransız dilində istifadə olunmağa başlamış və öz növbəsində yunan dilindəki hélikos — spiral, vint və pterón — qanad sözlərinin birləşməsindən yaranmışdır.
Azərbaycan xalq yazıçısı Anar "helikopter" sözünə "dikuçar" azərbaycanca qaşılığı təklif eləmişdir.[4]
Təbii ki, vertolyotun icadından bu yana uçuşu asanlaşdıracaq bir çox sistem inkişaf etdirilmişdir, lakin mahiyyət etibarilə bütün vertolyotların uçuş prinsipi eynidir. Pərlər süni burulğan yaradaraq vertolyotu yuxarı qaldırır.
Pərlər vertolyotun mühərrikinin təsiri ilə fırlanır, təyyarə qanadlarında da olduğu kimi onların altından və üstündən keçən hava axınlarının qət etdiyi məsafə fərqlidir. Üstdən keçən hava daha sürətli, altından keçən hava daha yavaş hərəkət etmək məcburiyyətində qalır. Daha sürətli hərəkət edən hava daha az təzyiq meydana gətirir. Eyni şəkildə pərin altından keçən hava, daha az səth qət etdiyindən daha yavaş hərəkət edib daha yüksək təzyiq meydana gətirir.
Bernulli qanununa görə iki səthdə yaranan bu təzyiq fərqi nəticəsində qanad üzərində qüvvətli təzyiqdən az təzyiqə doğru, yəni aşağıdan yuxarıya doğru bir qaldırma qüvvəsi meydana gəlir. Bu qaldırma qüvvəsi həm təyyarədə, həm də vertolyotda uçmağı təmin edən əsas qüvvədir.
Daha sadə bir şəkildə izah etsək, vertolyotun mühərriki pərləri fırladır, onlar hava içində hərəkət etdikləri üçün üst səthlərində alçaq təzyiq, alt səthlərində isə yüksək təzyiq meydana gəlir. Bu təzyiq fərqi də daşıma qüvvəsini meydana çıxarır. Daşıma qüvvəsi vertolyotun ağırlığına bərabər olduğunda vertolyot havada sabit dayanır, böyük olduğu zaman vertolyot şaquli olaraq yüksəlir, daha az olduğu zaman isə şaquli olaraq alçalır.