Herniyar (lat. Herniaria) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Herniyar | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Herniyar |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yer kürəsi ərazisində fəsilənin 80-dən çox cinsi və 20000-ə qədər növü yayılmışdır.
Dünya florasının tərkibində Herniyar cinsinin 45-ə qədər növü yayılmışdır. Azərbaycanda 4 növünə təsadüf edilir. Əsasən 2 növündən təbabətdə və kosmetikada istifadə edilir. Hamar herniyar – Herniaria glabra L. və tüklü herniyar – H. hirsuta L.
Hamar herniyar - H.glabra L. 5-15 (20) sm uzunluğunda, gövdəsi çoxlu sayda yerə sərilmiş budaqlardan ibarət və saçaqlı oduncaqlı kökə malik olan sarımtıl-yaşıl rəngli çoxillik ot bitkisidir.
Bitkini vegetasiya dövrü ərzində toplayırlar. Toxumu vasitəsilə çoxaldırlar.
Hamar herniyar Azərbaycanın daşlı-çınqıllı yerlərində, çay kənarlarında, Kür ovalığında, Lənkəranın və Naxçıvan MR-in dağlıq sahələrində yayılmışdır. Buna düzənliklərdən yuxarı dağlıq zonalarına qədər bütün ərazilərdə rast gəlmək olar. Bitkiyə alaq otu kimi bağ və bağçalarda da rast gəlinir.
Yarpaqları qarşı-qarşıya düzülmüş ellipsvari, ovalvari, iti və yaxud küt aşaği hissədən daralan olub, çox qısa saplaqdan ibarətdir. Yarpaqaltlığı enli, yumurtavari, pərdəvaridir. Çiçək tacı bizə oxşar, çox qisa beş ləçəkdən ibarətdir. Çiçəkləri xırda, görkəmsiz, beş üzvlü, qoltuqda six, yumaq şəklində yerləşmişdir. 5 ədəd qısa erkəkcikdən ibarətdir. Meyvəsi birtoxumlu və açılmayandır. Toxumu parlaq və hamar olub tünd qəhvəyi rəngdədir. İyun ayından payıza kimi çiçəkləyib meyvə verir.
Bitkinin latınca adı “Herniar glabra”, “Hernia” “hamar”, “glabra” isə “çılpaq” sözlərindən götürülmüşdür ki, bu da zoğların hamar olmasını bildirir. Xalq arasında bu bitkiyə “it sabunu” da deyirlər. Qərbi Avropada yaşayan xalqlar paltar yumaq məqsədilə bitkinin köklərindən ətirli sabun köpüyü hazırlayırlar.
Rusiyanın bir çox şəhərlərində bu bitkinin kökündən hazırlanan maye sabunla bir çox ev heyvanlarının yununu yuyurlar. Bitkinin tərkibində kumarin və onun törəmələri olan 0,2%-ni təşkil edən herniarinin metil efiri – C 10H 8O 2, kversetin, rutin, triqlükozid, arabinozid, kversetin flavonoidləri, triterpen saponinləri hidroliz olunaraq kvilay C 30H 46O 5, turşusuna çevrilən ramnoza, qalaktoza və qlükozid maddələri, 0,6% qatı efır yağı, alkoloid izləri, aşı və qatran maddələri tapılmışdır.
Hamar herniyardan alınan preparatlardan suçiçəyi xəstəliyində, böyrəyin müalicəsi və sidikqovucu vasitə kimi istifadə edilir. Otunu suya salıb çalxaladıqdan sonra sabun köpüyü əmələ gətirir. Bu su ilə əli yuduqda dəri çox yumşalır. Hamar herniyarı Avropa ölkələrinə ixrac edir, burada sidikqovucu vasitə kimi istifadə edirlər. Belarus xalq təbabətində sulu məhlulu ilə sarılıq zamanı, mədə ağrılarında, qrıja (yırtıq), uşaqlıq sallanmalarında, sidiklik qanaxmalarında, quduzluqda işlədilir. Diatezi və ekzeması olan uşaqlari qaynadilmiş məhlulu ilə çimdirirlər.
Xalq təbabətində suçiçəyi xəstəliyi zamanı sidikqovucu vasitə kimi, kəskin sidik kisəsi soyuqdəymələrində, həmçinin sarılıqda istifadə edilir. Ağır fıziki iş zamanı əmələ gələn əzələ ağrılarında, 10%-li cövhərindən içməyi məsləhət görürlər. Ot və kök hissəsindən hazırlanan cövhərindən antiseptik vasitə, soyuqdəymədə, revmatizmdə, artritdə sakitləşdirici kimi, həmçinin mədə pozuntularında, podaqra, kolit, yogun bağırsaq iltihabında, qıcolmada, ürəkkeçmə, əsəb, bağırsaq və s. xəstəliklərin müalicəsində geniş istifadə edilir. Otundan və toxumundan hazırlanan cövhərindən isteria, ürəkkeçmə xəstəliklərində, müxtəlif şişlərin müalicəsində, kökündən hazırlanan məhlulundan qaşınmaya qarşi istifadə edilir. Pörtlədilmiş yarpaqlarından təpitmə formasında əzilmiş yerlərə qoyur, damar soyuqdəymələrində yaş sarğı kimi istifadə edilir. Toxumundan hazırlanan spirtdən isə trixnoz əleyhinə işlədilir.
Bitkinin sulu çıxarışı yaxşı köpük verdiyinə və ətirli iyə malik olduğuna görə, onu yuyucu maddələrin əvəzedicisi kimi də işlətmək olar. Ətirli iyə malik olduğundan bundan ətriyyat və kosmetika sahələrində geniş istifadə edilir. Dermatologiyada yarasağaldıcı və büzüşdürücü vasitə kimi işlədilir. Ətirli suyu əlin dərisini yumşaldır, elastikliyini artırır. Bu xüsusiyyətlərinə görə hamar herniyar kosmetikada geniş istifadə edilir. Bitkidən quru və adi halda cövhər hazırlanır. Tüklərin inkişaf etdirilməsi üçün əla vasitə hesab edilir.
Dünyanın bir sıra ölkələrinin xalq təbabəti ilə məşgul olan tibb mütəxəssisləri herniyar bitkisinin soyuqdəymə nəticəsində baş verən xəstəlikləri məharətlə aradan qaldırmasını yüksək qiymətləndirirlər.
Herniyardan hazırlanan preparatlar kəskin xroniki prostatı, eləcə də böyrək və sidik kisəsində baş verən pozuntuları gözəl müalicə edir. Bitkinin adının “qrıjnik” adlandırılması təsadüf olmayıb. Ağır yük qaldıran fəhlələr yırtıq əmələ gəlməsin deyə, herniyardan hazırlanmış dəmləmələr və cövhərlər içərmişlər.
Herniyardan hazırlanan preparatlardan bakterisid kimi, soyuqdəymə zamanı, yarasağaldıcı, büzüşdürücü, sidikqovucu, ödqovucu və spazma əleyhinə geniş istifadə edilir.
Herniyardan müalicə preparatlarının hazırlanması.
Prostat vəzinin soyuqlamasında. 1 xörək qaşığı doğranmış herniyarı 1 stəkan qaynar suda dəmləyib, 1 saat saxladıqdan sonra süzün. Alınmış ekstraktdan gündə 4-5 dəfə yeməkdən sonra daxilə qəbul edin.
Prostat vəzinin adenomasında əlavə köməkçi vasitə kimi. 1 xörək qaşığı herniyar, qarğıdalı saçağı, peyğəmbər çiçəyi, 2 çay qaşığı qatırquyruğu, 5 çay qaşığı ot kəndəlaşının kök hissəsindən və tozağacı tumurcuğu götürün. Alınmış qarışıqdan 2 xörək qaşığı götürüb 1 litr qaynar suya töküb 20-30 dəqiqə isti yerdə dəmləyin və süzün. Sonra stəkanın 1/2 hissəsi qədər gündə 4 dəfə yeməyə 30 dəqiqə qalmış qəbul edin.
Sistit, sidik kisəsinin soyuqlamasında, nefritdə, ürək və böyrək ağrılarında. 2 xörək qaşığı doğranmış otundan götürüb qaynanmış suyun üzərinə töküb qaynama dərəcəsinə gətirib süzün və gündə 4 dəfə, stəkanın 1/2 hissəsi qədər daxilə qəbul edin.
Sidik kisəsində olan dasların kənar edilməsində. Bunun üçün 1 çay qaşığı doğranmış otun üzərinə 1 xörək qaşığı qarğıdalı saçağı, lobya qabığı, qırxbuğum əlavə edib qarışdırın. Sonra qarışıqdan 3 xörək qaşığı götürüb 0,5 litr qaynar suyun üzərinə töküb 30 dəqiqə zəif od üzərində dəmlədikdən sonra süzün. Alınmış ekstraktdan gündə 3 dəfə yeməyə yarım saat qalmış daxilə qəbul edin.
Podaqra, revmatizm, artrit, artroz zamanı. 1 xörək qaşığı doğranmış otu 0,5 litr qaynar suya töküb 5-7 dəqiqə zəif od üzərində saxladıqdan sonra süzüb gündə 3 dəfə yeməyə 30 dəqiqə qalmış stəkanın 1/2 hissəsi qədər daxilə qəbul edin.
Dermatit, ekzema, endodermitdə. 2 xörək qaşğı doğranmış otu 0,5 litr qaynar suya töküb 2 saat dəmləyib süzün. Alınmış ekstraktla zədələnmiş dərini yuyun.