Heyan dövrü ədəbiyyatı (平安文学, Heian-bungaku?) və ya Çuko ədəbiyyatı (中古文学, Chūko-bungaku?, azərb. Orta qədim ədəbiyyat) – Heyan dövründəki Yapon ədəbiyyatına verilən ad. 794-cü ildən 1185-ci ilə kimi davam etmişdir.
Heyan dövrünün ilk poeziya almanaxı olan "Kokinşu", ilk nağıl kimi təqdim edilən "Taketori-monoqatari", ilk lirik povest sayılan "İse-monoqatari" bütünlüklə bu yeni dövrə məxsusdur. Heyan dövrü ədəbiyyatı mövcud olan tayfa aristokratiyası ilə çox sıx bağlı idi. Həyat qayda-qanunlarının yeni forması, hakim sülalənin dünyagörüşü ilə bağlı olan yeni ədəbiyyat cəmiyyətin bütün məzmununu özündə əks etdirirdi. Heyanların mədəni yaradıcılığı özünəməxsus okkultizm xətti ilə inkişaf edirdi.[1]
Heyanlıların bütün həyat tərzinə gedonistik tendensiyalar çox dərindən işlənmişdir. Heyanlılar üçün sevgi ancaq utilitar xarakter daşıyırdı. Qadın diqqət mərkəzində idi: qadın gözəlliyi ətrafında iki əsas gözəllik də dururdu, təbiət və məişət gözəlliyi, yəni Heyanlılar təbiətdən də zövq alırdılar, hətta sadə mənzərələrdən də onlar öz fərdi evlərində də bu gözəllik qanunları ilə yaşayırdılar. Bununla belə, Heyanlılar heç vaxt ləzzət mənbəyinə, ləzzət predmetinə bir başa yaxınlaşmırdılar. Onlar özlərinin aldıqları bütün ləzzətləri poetik prizmadan keçirirlər.[2]