Heydər mirzə Səfəvi (fars. حیدر میرزا صفوی; 1554, İran – 1576, Qəzvin) — Səfəvi şahzadəsi, şahlığa iddiaçı. Atası I Şah Təhmasibdən sonra 15 may 1576-cı ildə özünü Səfəvilər dövlətinin şahı elan edən Səfəvi şahzadəsi olub. Lakin o, elə həmin gün qardaşı II İsmayılı atalarının varisi kimi qəbul edən qızılbaş tayfaları tərəfindən öldürülüb.
Heydər Mirzə Səfəvi | |
---|---|
| |
Doğum tarixi | 1554 |
Doğum yeri | Ərdəbil, Səfəvilər dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Qəzvin, Qəzvin şəhristanı, Qəzvin ostanı, Səfəvilər dövləti |
Atası | I Təhmasib |
Anası | Sultanzadə xanım |
Dini | İslam (Şiə) |
Vikianbarda əlaqəli mediafayllar |
Heydər Mirzənin anası gürcü əsilli Sultanzadə xanım idi.[1]
I Şah Təhmasibin 9 oğlu qalmışdı. Onlar İsa bəy Mosullunun qızı Sultanum Bəyimin (I Təhmasibin Şahbanusu) dünyaya gətirdiyi Məhəmməd Mirzə və İsmayıl Mirzə; Şamxalın bacısından və çərkəz kənizlərindən olan Süleyman Mirzə, Mahmud Mirzə və Əhməd Mirzə; gürcü əsilli Sultanzadə xanımdan dünyaya gələn övladları Heydər Mirzə, İmamqulu Mirzə, Mustafa Mirzə və Əli Mirzə idilər.[qeyd 1][3][4]
I Təhmasib oğlanlarından Heydər Mirzəyə (3-cü oğlu) inzibati işlərin idarə olunmasını çox erkən yaşlarından etibar etmişdi. I Təhmasib, 1571-ci ildə, 18 yaşı olanda Heydər Mirzəni Alessandri, əslində bütün işləri idarə edən şah müavini[5]təyin etmişdi. Hüseyn bəy başda olmaqla ustaclı tayfası və gürcü əmirləri onu müdafiə edirdilər.[6] Onun yaşca Məhəmməd Mirzə və İsmayıl Mirzədən kiçik olmasına baxmayaraq, bu şərait tezliklə onda taxt-taca iddialarının yaranmasına səbəb olmuşdu. İskəndər bəy Münşinin yazır ki, o, şahın rəğbətini ona görə qazanmışdı ki, hər işdə atasının razılığı ilə hərəkət edirdi.[7]
Venesiya səfiri Heydər Mirzəni alçaqboylu, lakin çox yaraşıqlı bir şəxs kimi təsvir edib. O, bacarıqlı natiq, qəşəng və mahir at çapan idi. Alessandrinin sözlərinə görə, o, adamların müharibə haqqında söhbətlərini dinləməyi xoşlasa da, həddən artıq zərif və demək olar ki, qadın təbiəti ilə özünü belə təmrinlərdən ötrü yararlı saymırdı.[8] Dövlət işlərində onun təsir və rolu günü-gündən artırdı. Qardaş və bacıları ona həsəd aparırdılar. Saray adamları isə Heydər Mirzəyə hörmət edirdilər.
I Təhmasibin ölümündən sonra Səfəvilərin sarayında ziddiyyətlər kəskinləşdi, öz namizədini taxt-tac varisi kimi irəli sürən qruplaşmalar yarandı.[9] Təhmasibin böyük oğlu Məhəmməd Mirzənin (1578-1587) taxta sahib olmaq hüququ şübhə doğurmurdu. Həqiqətdə isə ağır xəstəliyi getdikcə gücləndiyi və korluğuna görə onun imkanları çox zəif idi. İsmayıl Mirzə istisna olmaqla şahın qalan oğlanları azyaşlı idilər və buna görə də hesaba alınmırdılar.[8] Heydər Mirzə ilə İsmayıl Mirzənin tərəfdarları arasında hakimiyyət uğrunda mübarizə çox kəskin xarakter aldı. Hüseynqulu xan başda olmaqla rumlu, əfşar və türkman tayfaları İsmayıl Mirzənin hakimiyyətə gəlməsinin tərəfdarı idilər. Güclü qızılbaş əyanlar qrupu da əsasən İsmayıl Mirzəni müdafiə edirdilər.[8] Lakin Hüseyn bəy başda olmaqla ustaclı tayfası və gürcü əmirləri Heydər Mirzəni müdafiə edirdilər. I Təhmasibin həddindən artıq ağıllı, lakin hiyləgər qızı, dövlət şurasına buraxılan yeganə qadın Pərixan xanım da İsmayıl Mirzənin tərəfdarı idi. Lakin artıq iyirmi ilə yaxın bir müddətdə Qəhqəhə qalasında dustaqda olması İsmayılın vəziyyətini xeyli mürəkkəbləşdirirdi.[qeyd 2]
1576-cı il may ayının 13-dən 14-nə keçən gecə halı pisləşən I Şah Təhmasib səhər vəfat etdi. Gecə anasının məsləhəti ilə sarayda qalan Heydər Mirzə səhər atasının tacını başına qoyub, qılıncını belinə bağlasa da hər şey onun istədiyinin əksinə oldu.[6]
Şah Təhmasibin vəfat etdiyi günün gecəsi sarayın mühafizəsini İsmayıl Mirzənin tərəfində olan rumlu, əfşar, qacar, bayat və varsaq tayfalarından olan qorçilər təşkil edirdilər. Şahın ölüm xəbərini eşidən kimi mühafizəçilər saray qapılarını bağladılar. Heydər Mirzənin tərəfdarları saraya buraxılmadı. Beləliklə, Heydər Mirzənin tərəfdarları ustaclı tayfasının əmiri Hüseyn bəylə İsmayıl Mirzənin hakimiyyətə gəlməsinə çalışan Hüseynqulu Xəlifənin tərəfdarları arasında gedən mübarizə ikincilərin qələbəsi ilə başa çatdı. Heydər Mirzə bu mübarizədə öldürüldü.[6]İsmayıl Mirzənin tərəfdarları onun başını kəsdilər.[10] Daha sonra Heydər Mirzənin qanlı başı onun tərəfdarlarının üzərinə atıldı və onlar müqaviməti dayandırdılar, bu da İsmayıl Mirzənin təhlükəsiz şəkildə taxta çıxa bilməsinə şərait yaratdı.[11]