Hidayət Rüstəmov (yol mühəndisi)

Rüstəmov Hidayət Cahangir oğlu (27 noyabr 1952, Ağcabədi rayonu) — Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin rəis müavini, “Əməkdar Mühəndis” [1]

Hidayət Rüstəmov
Hidayət Cahangir oğlu Rüstəmov
Hidayət Rüstəmov -yol mühəndisi.jpg
“Azəravtoyol”
Açıq Səhmdar Cəmiyyəti
Avtomobil Yollarının İstismarı və
Təmiri İdarəsinin rəis müavini
Şəxsi məlumatlar
Doğum tarixi (70 yaş)
Doğum yeri SSRİ SSRİ
Azərbaycan Azərbaycan SSR
Ağcabədi rayonu
Bağırov kəndi
Partiya Yeni Azərbaycan Partiyasının loqosu.png Yeni Azərbaycan Partiyası
Təhsili Azərbaycan Politexnik İnstitutu
İxtisası Avtomobil yollarının
tikintisi üzrə mühəndis

Təltifləri "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 2012
Dini İslam

Həyatı[redaktə | mənbəni redaktə et]

Rüstəmov Hidayət Cahangir oğlu, 1952-ci ildə noyabr ayının 27-də Ağcabədi rayonunun Bağırov kəndində anadan olmuşdur. 1959-cu ildə orta məktəbin 1 sinfinə daxil olmuş, 1962-cı ildə ailə vəziyyətləri ilə əlaqədar Şuşa şəhərinə köçmüş və 1969-cu ildə Ü.Hacıbəyov adına 1 nömrəli orta məktəbi Şuşa şəhərində qurtarmışdır.

1969-cu ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1974-cü ildə Nəqliyyat fakültəsinin “Avtomobil yollarının tikintisi” ixtisasını bitirmişdir.

Gənc mütəxəssis kimi göndəriş əsasında 1974-cü ildə Bakı şəhər İcra Hakimiyyətinin “Xüsusiləşdirilmiş Yol təmiri və tikintisi” Trestinə mühəndis vəzifəsinə qəbul edilmişdir.

1975-ci ildə Trestin istehsalat-texniki şöbəsinin rəis müavini, 1977-ci ildən isə həmin şöbənin rəisi vəzifəsinə təyin edilmişdir. 1990-cu ildə Bakı şəhər İcraiyyə komitəsinin 7/357 saylı 29 oktyabr sərəncamı ilə “Yol Təmir-Tikinti” Baş İstehsalat İdarəsinin Baş Mühəndisi vəzifəsinə təyin edilmişdir.

2000-ci il oktyabr ayının 17-də “Yoltəmirtikinti ” Baş istehsalat idarəsi rəisinin müavini vəzifəsinə təyin olunur.

2001-ci ildə “Yoltəmirtikinti” Baş istehsalat idarəsinin bazasında “Bakı Yoltikintiservis” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və aparılan struktur dəyişikliyinə uyğun olaraq yeni yaradılmış Səhmdar Cəmiyyətdə İstehsalat-Texniki şöbəyə rəis təyin edilir.

2004-cü ildə “Bakı Yoltikintiservis” Açıq Səhmdar Cəmiyyətinin Baş mühəndisi təyin olunur.

2007-cü ildə Bakı şəhər yollarının Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi ilə əlaqədar olaraq, bu Səhmdar Cəmiyyətin Avtomobil Yollarının İstismarı İdarəsində aparıcı mütəxəssis vəzifəsinə qəbul edilmiş, 2007-ci il mart ayının 12-də “Analitik – İnformasiya” şöbəsinin rəisi vəzifəsinə, 2015-ci ilin 7 aprel tarixindən bu günədək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətində Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsində rəis müavini vəzifəsində işləyir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir. Iki övladı, dörd nəvəsi var.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Hidayət Rüstəmovun əsas fəaliyyət yeri Bakı şəhəri olduğundan, şəhər əhəmiyyətli bütün obyektlərin abadlaşdırılmasında onun da iştirakı olmuşdur.

Belə ki, metro tikintisi ilə əlaqədar yeni inşa edilən “Bakı soveti”(indiki “İçəri Şəhər”), “Sahil”, “28 may”, “Ulduz”, “Nərimanov”, “Nizami”, “Elmlər Akademiyası”, “Həzi Aslanov” və s. stansiyalarında yerüstü yolların yenidən qurulmasında, meydançaların asfalt örtüklərinin tikilməsində yaxından iştirak etmişdir.

Bakı şəhərində yeni salınan “Əhmədli”, “Günəşli” kimi yaşayış massivlərində bütün magistral yolların tikilməsində zəhməti olmuşdur.

İndi şəhərimizin ən gözəl tikintilərindən sayılan “Gülüstan” sarayına gedən, mürəkkəb relyefdən keçən dolama yolunun çəkilməsində, Nərimanovun, Əzizbəyovun, Zorgenin, Çaparidzenin, Müşfiqin və digər görkəmli şəxsiyyətlərin heykəllərinin ətrafının abadlaşdırılmasında zəhməti olmuşdur.

Bakı şəhərində iki böyük qəsəbəni – 8-ci kilometrlə Əhmədli qəsəbəsini birləşdirən, uzunluğu 5 km, eni 22,5 m olan magistralın (indiki Qara Qarayev və Hadi prospektləri), Şəhərin mərkəzini 8-ci kilometr, Əhmədli və Günəşli qəsəbəsi ilə birləşdirən uzunluğu 10 km, eni (15x2) 30 m olan magistralın (Babək prospektinin), tikintisində yaxından iştirak etmişdir.

“Fəhlə” prospektinin (uzunluğu 14 km), “Şəhər Şossesinin” və Zabrat-Maştağa yolunun (uzunluğu 15 km) yenidən qurulmasında iştirak etmişdir.

Bakı şəhəri Binə Hava Limanında ağır təyyarələri qəbul edə bilən 2 saylı uçuş – enmə zolağının tikintisində Almaniyanın “Virtgen” firması ilə birlikdə iştirak etmişdir. Uzunluğu 3,5 km, eni 60 m olan Beynəlxalq normalara cavab verən 2 saylı uçuş-enmə zolağı 1995-ci il 28 may Bayramı günü Ulu Öndərimizin iştirakı ilə istifadəyə verilmişdir.

Bakı şəhərinin ilk dairəvi yolu sayılan-əhalinin “Dərnəgül” yolu kimi tanıdığı uzunluğu 12 km olan magistralın da tikintisində yaxından iştirak etmişdir.

2007-ci ildə Bakı şəhərinin ən böyük prospektlərindən biri olan, uzunluğu 14 km təşkil edən Nobel və Zığ şosesinin yenidən qurularaq hərəkət zolaqlarının sayının 8-ə çatdırılması və Zığ şosesindən Heydər Əliyev Hava Limanına uzunluğu 19 km olan 6 zolaqlı sement-beton örtüklü yeni yolun tikintisində iştirak etmişdir.

2015-ci ildən Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsində rəis müavini vəzifəsində işlədiyi dövrdə, Respublika Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişi ilə Yerli İcra Hakimiyyətləri tərəfindən 2013,2014 və 2015-ci illərdə tikintisinə başlanmış kəndlərarası avtomobil yollarının tikintisinin başa çatdırılması, Bakı şəhəri və qəsəbələrində avtomobil yollarının tikintisi və yenidən qurulmasının davam etdirilməsi 2016-cı ildən başlayaraq “Azəravtoyol” ASC-yə həvalə edilmiş və obyektlərin təmiri, tikintisi, bərpası işlərində yaxından iştirak etmişdir.

2015-ci ildə və 2016-cı ilin 9 ayı ərzində 36 avtomobil yolunun və yol qurğularının cənab Prezidentin iştirakı ilə açılış və təməlqoyma mərasimi keçirilməsində Cəmiyyətin üzvləri ilə birlidə yaxından iştirak etmişdir. Hal-hazırda cənab Prezident tərəfindən imzalanmış 48 Sərəncam əsasında kəndlərarası, Bakı və onun qəsəbələrarası avtomobil yollarını tikintisi və bərpası işlərində birbaşa iştirak edir.

Bu işlərlə yanaşı, Azərbaycanda təşkil edilən beynəlxalq sərgilərdə keçmiş “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin iştirakının təmin edilməsində, sərgi materiallarının – stend, maket, broşuralar, film və s. hazırlanmasını təşkil etmişdir. 2010, 2011 və 2012-ci illərdə keçirilən beynəlxalq sərgilərdə ( Transcaspian-2010, 1-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi-2011, 2-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi -2012 və “ Azərbaycan -20 ildə” sərgilərində) “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti fəal iştirakına görə sərgi təşkilatçılarının Sertifikatları ilə təltif edilmişdir.

Rüstəmov Hidayət Cahangir oğlu, elmi-tədqiqat işləri ilə də məşğul olmuş və 4 ədəd ixtiranın və 12 elmi məqalənin həmmüəlliflərindən biridir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Azərbaycanda nəqliyyat-yol infrastrukturunun inkişafındakı xidmətlərinə görə 2012-ci ildə Rüstəmov Hidayət Cahangir oğluna Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla “Əməkdar Mühəndis” fəxri adı verilmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) kitabı, Bakı, 2013. III cild, səhifə:173-174.
  2. "H.C.Rüstəmova "Əməkdar Mühəndis" fəxri adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2012-ci il tarixli, 2057 nömrəli Sərəncamı"". e-qanun.az (azərb.). 21 fevral 2012. İstifadə tarixi: 06 dekabr 2016.