Hikmət Cavadov (5 may 1982, Bakı) — Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq üzrə elmlər doktoru
Hikmət Cavadov | |
---|---|
Hikmət Əlövsət oğlu Cavadov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri |
Mükafatları |
Hikmət Cavadov 1982-ci ilin may ayının 5-də Bakı şəhərində doğulub. 1998-ci ildə Bakı şəhərindəki 42 saylı orta məktəbini fərqlənmə attestatı ilə bitirib. 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2004-cü ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib. 2007-ci ildə Ukrayna Milli Elmlər Akademiyasının V. M. Korotskiy adına Dövlət və Hüquq İnstitutunun aspirantura şöbəsini bitirərək 2008-ci ildə Hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2004-cü ildən Ukrayna Milli Elmlər Akademiyasının V. M. Korotskiy adına Dövlət və Hüquq İnstitutunda elmi fəaliyyətlə məşğul olan H. Cavadov 2009–2013-cü illərdə kiçik elmi işçi, 2013–2016-cı illərdə həmin institutun doktorantı olub, hazırda elmi işçi vəzifəsində çalışır. 2018-ci ildə hüquq üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Bu müddətdə H. Cavadovun hüquq elmi üzrə 2 monoqrafiyası və 40-dan çox elmi məqaləsi çapdan çıxıb.[1]
2023-cü ilin yanvar ayında Ukrayna vətəndaşlığı alıb.[2]
H. Cavadov 2005–2012-ci illərdə "Demokratiyanın Nəbzi" Beynəlxalq İctimai Təşkilatının sədri vəzifəsində çalışıb, 2010-cu ildən "Slovo Azerbaydjana" ümumukrayna qəzetinin şef redaktorudur. 2012-ci ildən isə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri kimi aktiv ictimai fəaliyyətlə məşğuldur. Ötən müddət ərzində Azərbaycanla bağlı bir sıra uğurlu layihələrə imza atıb. H. Cavadov Ukrayna-Azərbaycan münasibətlərinə həsr olunmuş 3 elmi konfransın keçirilməsinə (2009–2011-ci illər), Ukrayna-Azərbaycan münasibətlərindən bəhs edən "Ukraina- Azerbaydjan" Xronika 2000 almanaxının nəşrinə (2010-cu il), Ukrayna — Azərbaycan münasibətlərinə həsr olunmuş "Film o drujbe" tarixi-sənədli filminin hazırlanmasına (2010-cu il), Rusiya Azərbaycanlı Gənclər Təşkilatı ilə "Diaspor məktəbləri üçün xüsusi dərslik" birgə layihəsinin təşkilinə (2012-ci il), "Xocalıya Ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Rusiya Azərbaycanlı Gənclər Təşkilatı ilə UABD-nin birgə layihəsi olan "Pilot kotorıy videl ad" tarixi-sənədli filminin ərsəyə gəlməsinə (2012-ci il), Ukraynanın müxtəlif vilayətlərində "Azərbaycan dili Diaspor məktəblərinin"nin təsis edilməsinə (2010–2015) nail olub. H. Cavadov 2014–2016-cı illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Ukrayna Diaspor Mərkəzinin baş koordinatoru olub. 2016-cı ildən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür.[3]
2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.