Hilmar Örn Hilmarsson — İslandiyalı musiqiçi, incəsənət və din xadimi. Asatru Assosiasiyasının baş rahibi. Bir çox musiqi qrupu ilə işləmişdir. Elektronik musiqinin öncülərindəndir.
1958-ci ildə Reykyavikdə doğulmuşdur. 1972-ci ildə gitarist İohannes Helqason, bassist Birgir Ottoson və müğənni Qudmundur Eyjolfsson ilə Fatima qrupunda iştirak etmiş, zərb alətləri ifa etmişdir. Siqtriqqur Baldursson və Elin Reynisdottirin də bu qrupa qoşulmasından sonra qrup Frostrosir adını almışdır. Qrup daha sonra adını yenə dəyişərək Þeyr kimi tanınmağa başlamışdı. Hilmar çıxdıqdan sonra qrup da dağılmışdı.
1984-cü ildə Byork ilə birlikdə The Elgar Sisters qrupunda iştirak etmiş, bəzi mahnılar yazmışdır. 1986-cı ildə bu qrupun da dağılmasından sonra Hilmar Current 93 qrupu ilə birgə işləməyə başlamış, 10 albomda iştirak etmişdir. 1988-ci ildə Ornamental qrupu ilə işləmişdir. 2000-ci ildə Sigur Rós ilə birgə Kainatın mələkləri filmi üçün musiqi yazmışdır.
Hilmar 16 yaşında neopaqan Asatru Assosiasiyasına qoşulmuşdur. German-skandinav mifologiyası barədə ən bilikli şəxslərdəndir. 4 iyul 2003-cü ildə assosiasiyanın baş rahibi seçilmişdir.