Hirkan armudu (lat. Pyrus hyrcana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR A2 abc; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir.
Hirkan armudu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Hirkan armudu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
25 m-ə qədər hündürlüyündə ağacdır. Yarpaqları yumurtavaridir, kənarları xırda, sivridişlidir. Altdan ağ keçətükcüklü, üstdən tükcüksüzdür. Saplağı uzun, nazik, yarpaq ayasının uzunluğuna bərabər, zəriftükcüklüdür. Meyvələri darçını rəngli, basıq, kürəşəkilli olmaqla, birillik zoğlarda tək-tək və ya dəstə halında yerləşir.
Aprel—may aylarında çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir. Tozlanması — entomofildir. Toxumla və kök pöhrələri ilə çoxalır. Dağ massivinin dağətəyi meşələrində və meşə talalarında qarışıq halda yayılmışdır.
Azərbaycanda və İranda təbii arealı vardır. Azərbaycanda Astara, Lənkəran rayonları ərazisində yayılmışdır. Lənkəran ovalığı (Astara-Şüvi, Anbabu, Duriya, İstisu, Astara kəndləri; Lənkəran rayonu-Daşdatük və Xanbulaq kəndləri) və Lənkəranın dağlıq hissəsi (Yardımlı rayonu — Pirembel kəndi; Lerik rayonu — Lerik kəndi). Lənkəran rayonunun Xanbulan, Daşdatük kəndlərində, Astara rayonunun Anbabu kəndində, Hirkan Milli Parkının Vənəbicar və Himmətəli məhəllə adlanan ərazisində, Nıvıştaru çayının sahilində tək-tək rast gəlinir.
İtmə təhlükəsi altında olan yeganə lokaliteti mövcuddur, populyasiyanın sayı sürətlə azalır.
Meyvəsi yerli əhali tərəfindən toplanır, meyvələri yetişmədən əvvəl gəmiricilər və quşlar tərəfindən yeyilir. Mal-qara ilə otarılması təbii bərpanı çətinləşdirir.
Yeni yasaqlıqların təşkil edilməsi tövsiyə olunur.
Hirkan Milli Parkında mühafizə olunur. Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmişdir. Mədəni halda Nəbatat bağlarında becərilir.