Pyrus

Armud (lat. Pyrus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.

Armud
Elmi təsnifat
Beynəlxalq elmi adı

Armud ağ çiçəkli bir ağacın yumşaq, sulu və şirin meyvəsidir. Armud sarı-yaşıl arası rənglərdə, lifli, həzmi asan və mineral baxımından olduqca zəngin bir meyvədir.

Vətəni Çindir. Hündürlüyü 30 m-ədək, yarpağı tökülən ağac və ya koldur; budaqları bəzən tikanlı olur. Kökü milşəkillidir; torpağın dərinliklərinə gedir. Gövdəsi və budaqları boz və ya qəhvəyi qabıqla örtülüdür. Zoğları çılpaq, bəzən tükcüklüdür. Yarpaqları sadə, bəzi hallarda dilimli, yaxud lələkvarı yarılmış olur. Çiçəkləri ikicinsiyyətli, ağ və ya çəhrayıdır, qalxanvarı çiçək qrupunda 4–15 ədəd çiçək (bəzən tək-tək) yerləşir. Lətli meyvəsi uzunsov, yaxud dəyirmi formadadır, çəkisi 25–300 qr gəlir. Ləti daşlaşmış hüceyrələrdən ibarətdir. Əsasən, avqust–sentyabr aylarında yetişir: Uzunömürlüdür. 4–5 (bəzən 8–10) yaşında meyvə verməyə başlayır. Adi armud və Qafqaz armudu 150–300 il, peyvənd edilmiş armud ağacı isə 50–70 il yaşayır. Avrasiyanın mülayim və subtropik qurşaqlarında 60-adək, Azərbaycanda 11 növü məlumdur. Adi, yaxud becərilən armud (P.communis) və gecyetişən armud (P.serotina) növləri yayılmışdır. Adi armudun yarpaq və meyvəsinin rənginə, ölçüsünə, formasına, çiçəklərinin ləçəyinə, yetişmə vaxtına və s. əlamətlərinə görə bir-birindən fərqlənən 10 minə qədər sortu var. Yay armudu sortlarından Abasbəyi, Vilyams, Klappın sevimlisi; payızlıq sortlardan Bere Bosk, Əhmədqazı, Düşes Anqulem, Jozefina; qış armudu sortlarından Bere Ardanpon, Pass Krassan, Nararmudu, Küre yetişdirilir. Armud sortları üçün ən yaxşı calaqaltı armudun yabanı növləri, heyva, yemişan və quşarmududur. Azərbaycandakı armud sortları, o cümlədən Qafqaz cır armudu da yabanı armud növündən alınmışdır. Quraq dağlıq yerlərdə söyüdyarpaq cır armud (P.passiflora) yaxşı əmələ gəlir. Bu sort da becərilən sortlar üçün yaxşı calaqaltıdır. Becərilən armudun meyvəsi yabanı armuddan iri, şirəli və zərif olur. Armud meyvələrinin tərkibində 76–85% su, 10–11% aşı və pektin maddələri, şəkər, C, B, P vitaminləri, A provitamini var. Təzə və qurudulmuş halda yeyilir; mürəbbə, xoşab, şirə, meyvə şərabı, sərinləşdirici içkilər, püre, cem və s. hazırlanır. Oduncağı möhkəm və qiymətlidir; musiqi alətləri çanağının hazırlanmasında, mebel istehsalında, inşaat işlərində istifadə olunur. Zərər vericilər i: armud meyvəyeyəni, armud uzunburunu, armud ballıcası, armud mişarçısı, armud mənənəsi və s. Xəstəlikləri dəmgil, meyvə çürüməsi, armud mozaikası və s.

Armud ağacının çiçəkləri


Armud sortları

[redaktə | mənbəni redaktə et]
  1. Meşə gözəli;
  2. Söyüdyarpaq armud;
  3. Qafqaz armudu;
  4. Hirkan armudu;
  5. Vilyams armudu.
Armudun növləri

Armudun müalicə vasitəsi kimi istifadəsi

[redaktə | mənbəni redaktə et]

Armud eramızdan üç min əvvəl yetişdirilməyə başlanılıb və şumer həkimləri onu müalicə məqsədilə tətbiq ediblər. Homerin “Odisseya” əsərində armud haqqında xatırlatma verilir. Hətta qədimdə rus kəndliləri armudu qurudur, onu toz halına salaraq şirin kökə bişirirdilər.

Armud orqanizmə möhkəmləndirici, sidikqovucu, dezinfeksiyaedici, qızdırmasalıcı, öskürək və iltihab əleyhinə təsir göstərir. Bu məqsədlə bitkinin nəinki təzə, həmçinin quru meyvələri və şirəsindən də istifadə edilir. Şəkərli diabet xəstələrinə onu müalicəvi qida kimi verirlər. Tər yarpaqlarında fungisit təsir göstərən maddələr var.

Armud mədəaltı vəzin fəaliyyətinin pozulması zamanı tətbiq edilir. Tərkibinə daxil olan unikal efir yağları və bioloji aktiv maddələrin hesabına immun sistemin müqavimətini artırır, infeksiyalara dayanıqlığı təmin edir. Armud xroniki yorğunluqda, başgicəllənmədə, taxikardiyada, ağır fiziki yüklənmədə, iştaha pozulanda, yaraların sağalması, həm də anemiya zamanı geniş istifadə olunur.

Meyvənin tərkibindəki üzvi turşular həzmə kömək edir, maddələr mübadiləsini yaxşılaşdırır, qaraciyər və böyrəklərin fəaliyyətini stimullaşdırır. Prostatitin müalicəsində də çox yaxşı səmərə verir. Armudu acqarına, ət yeməklərindən əvvəl və ya su ilə birlikdə yemək məsləhət deyil.

Armudun növlərindən olan quşarmudu avitaminozların, xüsusilə sınqanın müalicəsi və profilaktikasında istifadə edilir. Tərkibindəki karotinin miqdarına görə hətta bəzi kök sortlarını da üstələyir. Təzə dərilmiş kal quşarmudu ishal əleyhinə təsirə malikdir. İshala meyillik olanda isə quşarmudunun meyvələrindən istifadə etmək olmaz. Tərkibində sorbit olduğuna görə vərəmin yüngül formalarında və diabetli xəstələrə məsləhət görülür. Yarpaqları göbələk əleyhinə təsir göstərir.