Homer mədəniyyəti

Yunanıstanın dorilər tərəfindən qəsbi Egey mədəniyyətinin və ümumilikdə təsərrüfatın süqutuna səbəb oldu. Tarixdə bu dövrün, yəni bizim e.ə. XI-IX əsrlərin Qədim Yunan mədəniyyətində «qaranlıq əsrlər» kimi qəbul edilməsi məqbul hesab edilmir. Bu dövrün digər məşhur adı Homer dövrüdür. Homer Qədim Yunan mədəniyyətinin əzəmətli nümayəndəsi olub, məşhur «İliada» və «Odisseya» əsərləri ilə dünya ədəbiyyatı siyahısına töhfə bəxş etmişdir. Bu əsərlər poema janrında yazılmış və Homerin dövründən çox-çox əvvəllərin (b.e.ə. IX əsr) hadisələrini təsvir edir. Homer «İliada» poemasında qədim Troyanı «Müqəddəs şəhər» kimi qiymətləndirir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bu dövrün mədəniyyətinin inkişafının əsas meyarı yunanların təsərrüfat həyatında ümumi-xüsusi münasibətlərin təsdiqlənməsi hadisəsi oldu. Bu özlüyündə siniflərin təşəkkülünə zəmin yaratdı və cəmiyyətin sosial strukturunu müəyyənləşdirdi. Yeni ictimai şərait insanın dünya, həyat haqqında təsəvvürlərini dəyişdi ki, bu da, xüsusilə, bədii praktikada, yəni sənətdə özünü daha bariz şəkildə təzahür etdirdi. Səbəblərin obyektiv zəncirini dərk etmək, dünyanı bütün keyfiyyətləri ilə anlamaq tələbatı insan üçün zəruri mənəvi ehtiyaca çevrildi. Çox zaman bu ehtiyacdan irəli gələn cəhd insanı məlum olan çərçivədən, yəni reallıqdan təsəvvürlərə aparıb çıxarırdı. Təbiətin möcüzələri, müəmmaları qarşısında cavabsız qalan insan, gücsüzlükdən illüzor ümumiləşdirmələrə üz tutur, obyektiv hadisələrə fövqəltəbiilik donu geydirərək mifoloji mənzərə yaradır. Mifologiya yunan bədii mədəniyyətinə nağıl – dini şərtilik gətirməklə, həyatın bədii tərzdə dərki üçün əhəmiyyətli rol oynamışdı. Həyat yeni tərzdə – allah və mələklərlə təzahür tapır. Əsərlərdə insani fəaliyyətləri bu mifoloji surətlər yerinə yetirir. Ona görə də həyatda mövcud olan hər şeyin Allah timsalında obrazı yaradılır. Qədim Yunanların şüurunda Olimp allahları (ali allahların məkanı olan dağ) insana xas hisslərə, əməllərə malik olmaqla zadəgan – aristokratlar, rəhbər, hakim və çarlar idi. Bunlar hər bir möcüzəni, sehri həyata keçirən obrazlar idi. Allahlar haqqında bu yunan təsəvvürləri təkcə şifahi, söz sənətində yüksək əsərlərin deyil, həm də təsviri sənət nümunələrinin yaranmasında əhəmiyyət kəsb edirdi.

Homer dövünün xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Homer dövrünün bədii mədəniyyətindəki bəzi xüsusiyyətlər, əvvəlki tarixi dövrlərin mədəniyyət və incəsənətindən qalsa da, əvvəllərə bənzəməyən, keyfiyyətcə yeni bir mədəniyyət yaranırdı. İncəsənətdə həndəsi üslubda təsvirli keramika kimi növün yaranması mühüm mədəni hadisə idi. Bu sənətin mahiyyəti keramika nümunəsinin cizgili ornamentlərlə – dairə, üçbucaq, romb və s. ilə bəzədilməsidir. Vazaların bu tərzdə bəzədilməsi, təsviri formalarının yüksək kamillik, tamlıq əsasında yerinə yetirilməsi və bu zaman riyazi hesablamalara riayət olunması incəsənətdə yeni bir addım idi. Həndəsi üslub keçid çağlarının (ibtidai dövrdən sinifli cəmiyyətə keçid) təzahürüdür. Bu sənət sxematik səciyyə kəsb etsə də o, real həyat səhnələrini təcəssüm etdirirdi. Bu sənətdə yeni, başlıca ideya hakim idi: həndəsi fiqurların köməkliyi ilə predmet və hadisələrin ümumi cəhətlərini təsvir etmək olar, bunun əsasında gözəllik və bu gözəlliyin hansısa qaydasını müəyyənləşdirmək mümkündür. Homer dövründə yunanlar öz allahlarına müqəddəs mağara, düzənliklərdə etiqad edirdilər. Görünür, elə bununla əlaqədar ilk məbədlər, məsələn Spartadakı Artemida məbədi yaranmağa başlayır. Bu dövrün maddi memarlıq abidələrinin əsas materialı ağacdan olduğu üçün dörümüzə qədər gəlib çatanı demək olar ki, yoxdur. Həmin dövrün memarlıq sənəti haqqındakı təsəvvürlər tikililərin qalmış bünövrələri, keramik vaza və qablar üzərindəki taxta saray və məbədlərin təsvirləridir. Yüksək təbəqədən olanların evləri geniş, 2 mərtəbəli idi.

Memarlğa təsiri

[redaktə | mənbəni redaktə et]

Tikililərin sadəliyinə baxmayaraq, dorilər yeni memarlığın əsasını qoydular: onlar ilk dəfə olaraq yerdən sütunlar qoymaqla, üstlərini dam örtüyü ilə bağlama texnikasını reallaşdırdılar. Yunan mədəniyyətində Homer dövrünün sonlarına yaxın sənətin spesifik, səciyyəvi, təkrarolunmaz xüsusiyyətləri təzahür tapmağa başlayır ki, bunlardan ilk növbədə, bütün yunan mədəniyyətinə aid olan kosmoloji xüsusiyyətdir. Bu xüsusiyyətin əsas mahiyyətini bütün mədəni hadisələrin dünya qanununa uyğun nizamlanması məsələsi təşkil edir. Kosmik nizamlanmanın başlıca ideyaları yunanlıların gözəllik, ölçü, harmoniya haqqındakı təsəvvürlərində təzahür tapırdı. Gözəllik bizim dünyanın obyektiv mövcudluğudur. Gözəllik hər şeydə ölçü səciyyəsi kəsb edirdi. Əbəs yerə deyil ki, Delfdəki Apollon məbədinin divarında: «ölçüdən kənar yolverilməzdir» («Niçeqo sverx merı»). Yunan mədəniyyətində bütün əsrlərdə kosmos və təbiət bütün şeylərin ölçüsü kimi insanla nisbətdə götürülür. Bu, cisim və hadisələrin insan üçün nə qədər faydalı olub-olmaması nöqteyi-nəzərini deyil, həm də insan bədəninin bütün əzalarının (barmaq, dirsək, ovuc, daban və s.) mütənasiblik xüsusiyyətlərinin sənətdə ölçü meyarı kimi qəbul edilməsi ilə də bağlıdır. Memarlıq tikililərində bu xüsusiyyətlər başlıca yer tuturdu. Bunlar Homer dövrünün əsas cəhətləri idi.

Arxaik dövrdə Homer mədəniyyəti

[redaktə | mənbəni redaktə et]

B.e.ə. VIII əsrin ortaları VI əsrin axırları arxaik dövr kimi qiymətləndirilərək Yunanıstanda müstəqil polislərin təşəkkül tapdığı çağdır. Əhalinin kəmiyyətcə artması, şumlanmış torpaqların azlığı polislərin çox hissəsini ticarətin, ərazi ekspansiyasıının inkişaf etdirilməsinə sövq etdi. Bu hadisə tarixdə «böyük kolonizasiya» kimi tanınaraq bədii mədəniyyətin inkişafına şərait yaratdı. Arxaik dövrdə memarlıq tikililərinin tipləri əsasən məbədlərlə izah edilir. Bu məbədlər b.e.ə. II minilliyin ən başlıca tikililəri hesab edilirdi. Arxaik dövrdə memarlığın vahid dili – order sistemi yaradıldı. Order sisteminin mahiyyətini (ordo – latınca «qayda», «tikili» deməkdir) inşaatda vahid ölçü, moduldan istifadəni nəzərdə tuturdu. Bu xüsusiyyət tikililərə məxsusi bütövlük verirdi. Orderin ən qədim növlərindən biri dorik üslubdur. Adından məlum olduğu kimi bu, qədim ellin xalqlarından birinin adı ilə bağlıdır. Dorik tikililər alçaq, ağırçəkili idi. Digər order üslubu ionik üslubdur. Bu tikililər yüngül, qamətli, zərif və incə idi. İonik order b.e.ə. V əsrdə geniş vüsət tapmışdır. Dorik sütunlar özünün gözəl fiziki kamilliyi ilə kişi bədəninin təcəssümü idisə, ionik sütunlar öz incə və bəzəyi ilə qadın bədəninə daha yaxın idi. Yunan sənətkarları məbədləri zövqlə bəzəyir, ən əsası isə bunları müxtəlif allahların şərəfinə həsr edirdilər. Məbədlər təbiət landşaftına uyğun şəkildə tikildiyindən xüsusi gözəllik bəxş edirdi. Bunların bir qismi düzənlikdə, bir qismi yüksəklikdə, digər qismi isə çaylardan kənarda, meşələrin sonunda və s. inşa edilirdi. Arxaik dövrdə müqəddəs yerlərin tikintisi də üstünlük təşkil etdi: Apollon (işıq və incəsənət allahı) Delfdə, Gera (Zevsin arvadı) – Olimpdə öz məşhurluğu ilə seçildi. Bu müqəddəs yerlər qədim yunanların həyatında mühüm əhəmiyyətə malik idi. Qədim ənənələr həyata keçirilən bu yerlər tədricən sənət mərkəzlərinə çevrildilər. Arxaik dövrün memarlıq formalarının düşünülmüş və aydın sistemi mövcud idi. Bu tikili çox da böyük olmayan otaqdan ibarətdir. Bu otaq şərqə açılaraq yan divarların (antlar) çıxıntıları fasadda iki sütunla əhatələnirdi. Prostil – məbədlərin daha geniş yayılmış tiplərindəndir; onun fasadı iki deyil, dörd sütundan ibarətdir. Amfiprostil ön və arxa fasadda sütunlar cərgəsindən ibarətdir. Lakin məbədlərin ən əsas tipi peripter – hər tərəfdən sütunlardan ibarət düzbucaqlı formaya malik məbəddir. O, b.e.ə. VII əsrin ikinci yarısında təcəssüm taparaq, sonrakı tarixi mərhələlərdə təkmilləşərək yeni konstruksiyalara malik olmuşdur. Arxaik dövrün məbədləri əsasən dorik üslubda tikilirdi. Müxtəlif şəhərlərdə inşa edilən bu məbədlər ölçü, həcm, sütunların sayına görə müxtəlif olsalar da, bir-birinə çox oxşardır. Bu tikililəri bir-birinə oxşadan əsas amil, sütunlara möhkəm bərkidilmiş antablement (binanın divarı və ya sütunlar üzərindəki karniz) və sütunların entazisi (hündürlüyün üçdə bir hissəsinin enliliyi) idi. Arxaik dövr incəsənətinin mühüm sahələrindən birini də heykəltəraşlıq təşkil edirdi. Bu sənət növündən olan nümunələr təkcə məbədləri bəzəmir, həm də dini mədəniyyətin aparıcı tərkib hissələrindən biri sayılırdı. Heykəltəraşlıq arxaik dövrün insanlarını qəhrəmanlıq ideallarına sövq edir və yunanlarda dini hisslər formalaşdırırdı. Çılpaq aristokrat fiqurunda – idman oyunlarında iştirak edən qalibin fiziki gözəlliyində yunanlar ilahi təcəssümlə üz-üzə dururdular. İctimai şüurda fiziki kamillik, müvəffəqiyyət, xeyirxahlıq ifadə olunurdu. Demək olar ki, yunan heykəltəraşlığı stadion və olimpiadalarda yaranmışdır. Lakin arxaik heykəltəraşlığın təşəkkül və inkişafı mürəkkəb yolla inkişaf edirdi. İnsana maraq, onun cismani və mənəvi gözəlliyinin vəhdətdə təcəssümü bu dövrün heykəltəraşlığında daha dolğun şəkildə təzahür tapdı. Təsadüfi deyil ki, erkən monumental heykəllərdə çılpaq gənc – kuros və geyimli-keçimli qızların – koraların heykəlləri müstəsnalıq kəsb edirdi.

Heykəltaraşlığa təsiri

[redaktə | mənbəni redaktə et]

Kuros heykəllərini uzun müddət arxaik apollonlar da adlandırırdılar. Bu heykəllərə hərəkətsizlik, təntənəlilik xüsusiyyətləri xasdır, əllər sallanmış, yana sıxılmış, barmaqların yumruq halını alması Misir təsvirlərindəki kimidir. Lakin get-gedə bədənin traktovkası yumşalır, forması dəyişərək dairəvi xarakter alır, pozalar nisbətən daha az gərgin vəziyyət alır. Kurosların dodaqlarında «arxaik təbəssüm» deyilən gülümsəməsi başlıca yer tutur. Bu heykəllə rənglərə boyanırdı. Rənglər şərti idi: saqqal – göy və ya yaşıl, gözlər – qırmızı olmaqla əsərin dekorativliyini gücləndirirdi. Arxaik qadın heykəlləri uzun, sürüşməyən donlarda təsvir olunurdu. Müəlliflər bu geyimlə qadın bədəninin gözəllyini qabartmağa cəhd göstərirdilər. Onlar da «arxaik təbəssüm»lə gülümsəyirdilər. Kora və kurosların sifətləri fərdiləşdirilmiş deyil, ümumiləşdirilmiş tərzdə təsvir olunurdu. Rəngkarlıqdan danışdıqda, mütləq arxaik dövrünün vaza üzərindəki təsvirlərindən bəhs etmək yerinə düşərdi. Qabların səthindəki rəngkarlıq onları xalça kimi bəzəyirdi. Bu üslubu, adətən oriyentallıq kimi qələmə verirdilər. Bu xüsusiyyət, yunanların ornament sənətində çox şeyi, məhz şərqdən götürməklə izah edilirdi. Şanagüllə, palmetta, təbiətin digər motivlərinin yunan sənətkarları tərəfindən mifoloji təsəvvürlərlə zənginləşdirilməsi arxaik çağın mühüm sənət yeniliklərindən idi. B.e.ə. VII əsrin sonunda vaza təsvirində xalça üslubu qara fiqurla əvəz olunur. Qara şirə ilə qablara vurulan bəzək, naxış artıq xalça bəzəyi kimi deyil, daha sərbəst mahiyyət kəsb etməyə başlayır. B.e.ə. VI əsrin son rübündə qara fiqur öz yerini qırmızı fiqura verir. İşıqlı fonda qara fiqurların yerinə, qablarda tünd fonda işıqlı təsvirlərin verilməsi başlıca yer tutdu. Bu texnika rəssama öz təxəyyülünü ifadə etmək üçün daha geniş imkanlar verirdi. Arxaik çağın xüsusiyyətlərindən birini də elmin inkişafı təşkil edirdi. Xüsusilə, fəlsəfi sistemin – naturfəlsəfənin əsasının qoyulması ilk antik fəlsəfi məktəbin yaranmasının sübutu idi. Naturfəlsəfənin nümayəndələri aləmi, dünyanı vahid maddi varlıq kimi qəbul edərək onun qanunauyğunluqlarını təhlil etməyə cəhd göstərmişlər. Fales (b.e.ə. 624-546) həyatın başlanğıcının suda, Anaksimen (b.e.ə. 585-525) – havada, Anaksimandr (b.e.ə. 611-546) hüdudsuzluqda bir-birinin ziddinə duran bərk və maye, isti və soyuqda görürdü. Pifaqor (b.e.ə. 540-500) və onun ardıcılları mövcud cisimlərin mahiyyətini kəmiyyət münasibətlərində görürdü. Bu, riyaziyyat, astronomiya, musiqi nəzəriyyəsinin inkişafı üçün çox əhəmiyyətli bir nəticə idi. Dövrün ən nəhəng filosoflarından biri Efesli Heraklit (b.e.ə. 554-483) idi. O materiyanın əsasını alovda görürdü. Onun fikrincə, təbiətdə və cəmiyyətdə daim hərəkət, əbədi mübarizə mövcuddur. Həyat, cəmiyyət dəyişikliyə məruz qalır.

Ədəbiyyata təsiri

[redaktə | mənbəni redaktə et]

Fəlsəfi məktəblə yanaşı, arxaik çağdaş ədəbiyyat da inkişaf edirdi. Bu dövrə təsadüf edən görkəmli şair Hesiod idi. Onun «Teoqoniya», «Zəhmətlər və günlər» əsərləri məşhur sənət nümunələridir. Bu dövrün ədəbiyyatında əsas yenilik eposdan tədricən lirik poeziyaya keçid olur. İnsana və onun daxili aləminə marağı Arxiloxa (b.e.ə. VII əsrin II yarısı), Safo (b.e.ə. 610-580-cı illər), Alkeyə (b.e.ə. VII-VI əsr), Meqarlı Feoqnidə (b.e.ə. VI əsrin II yarısı), Anakreonta (b.e.ə. VI əsrin II yarısı) və b. şairlərə xasdır. Safonun lirikasının mərkəzində məhəbbət mövzusu başlıca yer tuturdu. B.e.ə. VI əsrə doğru yunan ədəbiyyatında təmsil xüsusi bir janr kimi təşəkkül tapır. Onun görkəmli nümayəndəsi Ezop hesab edilir. Onun təmsillərinin süjetləri sonrakı tarixi dövrlərdə də aparıcı yer tutmağa başlayır. Məşhur əsərlərindən «Tülkü və üzüm», «Tülkü və qarğa» görkəmli rus təmsilçisi İ.A.Krılovun (1769-1844) yaradıcılığına ciddi və əhəmiyyətli şəkildə təsir göstərmişdir.

  • M.J.Manafova, N.T.Əfəndiyeva, S.A.Şahhüseynova. "Mədəniyyət tarixi və nəzəriyyəsi". Ali məktəblər üçün dərslik. (Əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)