Homo neanderthalensis

Neandertallı, neandertal insanı (latınca: "Homo neanderthalensis" və ya Homo sapiens neanderthalensis) — min əsr əvvəl yaşamış insanların qazıntı ilə tapılmış skelet nümunələri əsasında insan tipi (paleoantroplar), 300[1]—24[2].

Onların nəsli inkişafını (genomunu) araşdıran bir qrup alman alimi maraqlı nəticələr əldə edib. Onlar hesab edirlər ki, ilk dərrakəli adamların bir növü də məhz neandertallı olub.

Neandertalın skleti

İlk dəfə qalıqları 1856-cı ildə Almaniya ərazisindəki Neandertal vadisində tapılan bu insanabənzər varlıqlar indiyədək insan və meymun arasındakı keçid növ hesab edilirdi. İndi isə Xorvatiyanın Krapin mağarasında 38 min yaşlı neandertal qəbiləsinin üzvlərinin qalıqları üzərində araşdırma aparan Almaniyanın Maks Planka adına Genetika İnstitutunun alimləri əldə etdikləri nəticələrə söykənərək, onların ayrıca "homo sapiens" növü olduğunu deyirlər. Alimlərin təklifi ilə bundan sonra neandertallar "homo sapiens neandertalensis" adlanacaq.

Neandertallar xarici görünüşcə orta boylu, cüssəli, iri beyin kütləsinə malik olublar. Onların iri qaş sümüyü və sarı saqqalla örtülü xırda çənəsi olub. Bütün bu anatomik xüsusiyyətlərinə görə neandertalları kretin (bədxasiyyət, ağıldankəm) hesab edirlər. Amma sən demə, bu məsələdə də bir qədər səhvə yol verilib: "homo sapiens neandertalises"in dərrakəsinin az da olsa varlığını sübut edən dəlillər hələ ötən əsrin sonlarından elmə məlumdur. Onlar kromonon adamının düzəltdiyindən heç də geri qalmayan əmək alətləri hazırlayıb, ailə və icma halında yaşayıb, odla davranma vərdişlərinə malik olub, qayalar üzərində rəssamlıq ediblər. Onların qadınları boyunlarından muncuq düzümləri asır, zəmanələrinin dəbinə uyğun olaraq heyvan dərisindən tüklü üzü bayıra olmaqla yaraşıqlı paltarlar tikirmişlər. Paltarların sapını isə ovladıqları heyvanların acı bağırsağından hazırlayırmışlar. Bu "homo sapiens"lər təəssüf ki, adam əti yeməyi də özlərinə rəva görürmüşlər. Görünür, nəsillərinin kəsilməsinə də məhz bu fakt səbəb olub. Alimlər müəyyən ediblər ki, neandertallar məsaməli ensefalit (beyin iltihabı) xəstəliyinə yoluxmuş qan qardaşlarının ətini, beynini yeməklə tədricən qırılıblar (Məsaməli ensefalit quduzluğa bənzər bir xəstəlikdir).

Ən maraqlısı odur ki, neandertallar nəinki kromononoidlərlə eyni vaxtda yaşayıblar, hətta onlarla intim münasibətlərə də giriblər. Onlardan törəyən nəsil güclü, yaşamaq uğrunda mübarizədə daha şanslı olsa da, alimlər bəzi suallara cavab verməkdə çətinlik çəkirlər: görəsən, onların uşaqları nəsilartırma qabiliyyətinə malik olublarmı? Müasirlərimizin arasında neandertallların törəmələri qalırmı?

Genetiklər yəqin ki, tezliklə bu suallara da cavab tapacaqlar. Ondan sonra hər kəs DNT analizi əsasında özünün uzaq əcdadlarının neandertallarla əlaqəsini müəyyən edə bilər.

Paleantropun — neandertal insanın Yer üzərində geniş yayılması belə bir müddəanın yaranmasına səbəb olmalı idi ki, hələ dilin təşəkkül tapmadığı dövrdə arxantroplar və sonra da paleantroplar Avropa, Asiya, Afrika kimi qitələrdə geniş yayılmışsa, deməli, sonrakı 35–40 min il ərzindəki təşəkkül dövründə müxtəlif dillər yaranmalı idi və deməli, bir ulu dildən söhbət gedə bilməzdi. Belə olduqda xalqlar da kök e’tibarilə fərqlənməli və dini inkişaf da tamamilə fərqli olmalı idi. Lakin tarixi faktlar və arxeoloji materiallar göstərir ki, bütün etnoslar, bütün dillər, bütün dinlər bir kökdəndir. Arxeoloji mədəniyyət sübut edir ki, arxantroplar və paleantroplar müxtəlif qitələrdə yayılsalar da, onların hamısı öz inkişafını sona çatdıra bilməmiş, müasir insan tipinə çevrilməmişdir: "Sovet alimləri belə hesab edirlər ki, müxtəlif irqli müasir insanlar bir və ya bir-birinə çox yaxın olan bir qrup neandertallardan tədricən inkişaf edərək dəyişmələrinin nəticəsində formalaşmışdır. Neandertallara məxsus qeydə alınmış digər qalıqlar isə sadəcə olaraq öz sonrakı inkişafını dayandırmış və tədricən məhv olmuş növə aiddir".) Deməli, neandertal insan Yer üzünün hər yerində — yayıldığı bütün ərazilərdə öz inkişafını başa çatdıra bilməmiş, müasir insan tipinə çevrilməmişdir. Müasir insan tipinin təşəkkül prosesi Yer kürəsinin hər yerində deyil, müəyyən məhdud ərazidə baş vermişdir.

Neandertallıların fleytası

[redaktə | mənbəni redaktə et]

Neandertal insanı tərəfindən ayının bud sümüyündən düzəldilmiş fleyta arxeoloq İvan Turk tərəfindən 1995-ci ilin iyulunda Yuqoslaviyanın şimalında bir mağaradan tapılmışdır. Daha sonra isə musiqiçi Bob Fink fleytanı təhlil etmişdir. Fink karbon testinə əsasən, 43.000–67.000 yaşı olduğu deyilən bu alətin 4 notdan ibarət olduğunu və fleytada yarım tonlar və tam tonların olduğunu təsbit etmişdir. Bu kəşf neandertalların müasir musiqi mədəniyyətinin əsası olan yeddi notdan istifadə etdiklərini göstərir. Fleytanı tədqiq edən Fink "qədim fleytanın üzərindəki ikinci və üçüncü dəliklər arasındakı məsafənin üçüncü və dördüncü dəliklər arasındakı məsafənin iki misli" olduğunu da ifadə edir. Bu isə göstərir ki, birinci məsafə tam notu, ona qonşu olan məsafə isə yarımnotu təmsil edir. "Bu üç not inkaredilməz şəkildə diatonik ölçmədəki kimi səs çıxarır" deyən Fink Neandertalların musiqi zövqü və biliyi olan insanlar olduğunu ifadə edir.[3]

Neandertalların alət düzəltmə qabiliyyəti ilə bağlı Nyu Mexiko Universitetindən antropologiya və arxeologiya professoru Stiven L. Kuhn və Mary C. Stiner tədqiqat aparmışlar. Hər iki elm adamının təkamül nəzəriyyəsini müdafiə etməsinə baxmayaraq, apardıqları arxeoloji araşdırmalar və təhlillər İtaliyanın cənub-qərb sahilindəki mağaralarda min illərlə yaşamış Neandertalların müasir insan kimi kompleks düşüncə tələb edən fəaliyyətlərlə məşğul olduğunu göstərir.[4]

Kaliforniya Universitetindən Marqaret Konkey neandertallardan əvvəlki dövrlərə aid olan alətlərin ağıllı insanlar tərəfindən düzəldildiyini belə izah edir: "Arxaik insanların əlləri ilə düzəltdikləri alətlərə baxsanız, onların naşı əl işləri olmadıqlarını görərsiniz. Arxaik insanlar istifadə etdikləri vasitələrin nə olduğunu və hansı dünyada yaşadıqlarının şüurundadırlar".[5]

Elmi kəşflər Neandertalların zəka və mədəniyyət cəhətdən bizdən fərqi olmayan insan irqi olduğunu göstərir. Bu irq digər irqlərlə qarışıb assimilyasiyaya uğrayaraq və ya naməlum şəkildə tarix səhnəsindən çıxmışdır. Amma əsla "ibtidai", "yarı-meymun" və s. deyil.

Homo sapiens archaic, Heydelberq adamı (Homo heilderbergensis) və Kromanyon (Cro-Magnon)

Neandertallar genetik markerlər müstəvisində

[redaktə | mənbəni redaktə et]

Son 25–30 ildə Molekulyar biologiya və genetikanın inkişafı sayəsində Etnogenetika adlanan tədqiqat sahəsinin formalaşması və bu sahədə aparılan araşdırmalar Paleoantroplar ilə bağlı olan bir çox sualların cavablanmasına imkan yaratmışdır. Paleogenetika 1984-cü ildə yaranıb, Neandertalların genetik quruluşunun və DNT-lərinin öyrənilməsinə isə 1997-ci ildən başlanmışdır. Müasir paleogenetikada istifadə olunan əsas markerlər metoxondrial DNT analizi, Y xromosom analizi və digərləridir. 1997-ci ildə neandertallardan aşkar olunan sümüklərdən analiz üçün yararlı olan MT DNT fraqmenti əldə olundu. Sonrakı illərdə Avropanın müxtəlif bölgələrində aşkar edilmiş paleoantropoloji qalıqlar sayəsində neandertalların MT DNT-ləri tam şəkildə müəyyənləşdirilmişdir. Sonra neandertalların nüvə DNT-lərinin müəyyənləşdirilməsi istiqamətində işlər başlandı. 2016-cı ildə Leyptinqdə yerləşən Maks Klan adına Təkamül Antropologiyası İnstitutunun apardığı işlər nəticəsində neandertalların 23 cüt xromosoma malik olması və onların strukturunun 90%-nin müəyyənləşdirilməsi mümkün olmuşdur. 2009-cu ildə neandertalların strukturunun 60%-i məlum idi. MT DNT-ləri 16.565 halqadan ibarətdir. Müasir insanlarınd MT DNT-ləri demək olar ki, eyni böyüklükdədir. MT DNT və Y xromosomları üzrə aparılan tədqiqatlar neandertallar ilə müasir insanlar arasında müəyyən münasibətlərin aydınlaşdırılmasında mühüm rola malik olmuşdur. 2008-ci ildə neandertalların MT DNT-lərinin tam strukturunun açılmasından sonra müxtəlif irqlərə məxsus 53 insan qrupunun MT DNT-si ilə müqayisə olunmuşdur. Bütün insan qrupları ilə neandertallar arasında 206 fərq olduğu halda, bütün insan qrupları arasında bu fərq 2-dən 118-ə qədərdir. Bu tədqiqatlar neandertallar ilə homo sapienslər arasındakı fərqin onların daxilindəki fərqlərdən 3 dəfədən artıq olduğunu göstərir. Müasir insanla (hal-hazırda yaşayan) 30–40 min il əvvəl yaşamış insanlar arasında olan fərqlər 120-dən artıq deyil. Şimpanzenin MT DNT-si ilə insanın DNT-si arasında fərq isə 1500-ə bərabərdir. Beləliklə, MT DNT üzrə nəticələr neandertalların Homo sapiensin formalaşmasında iştirak etdiyini və bu iki insan arasında metisləşmənin də çox az olduğunu əsaslandırır. Neandertalların və Üst Paleolit dövründə yaşamış olan Homo sapiensin arasında olan fərqlər eynidir. Digər tərəfdən sonrakı tədqiqatlar nəticəsində neandertalların daxilində bu fərqlərin cüzi miqdarda olması müəyyən edildi. Anatomik material kimi paleogenetik material da neandertalların və Homo sapienslərin müxtəlif insan növləri olmasını əsaslandırır. Neandertal və Homo sapienslərin ayrılması genetik saata əsasən 500–700 min il əvvəlki dövrə təsadüf edir. Təqribən bu dövrdə Avropa ərazisində yerləşən paleoantropoloqların (presapiens) müəyyən qruplarının təkamülü neandertalların yaranmasına gətirib çıxarmışdır. Neandertalların tam olaraq formalaşması 130–150 min il bundan əvvəl başa çatmışdır. Neandertallar Avropa, Qərbi Asiya və Mərkəzi Asiyaya qədər olan geniş ərazilərə yayılmağı bacarmışdırlar. Neandertallar təqribən 20–25 min il bundan əvvəl tarix səhnəsindən yoxa çıxmışdırlar.

  1. "Неандерталец с Кавказа. Загадки проясняются". 2013-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-07.
  2. "Неандертальцев сгубил ледниковый период". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-07.
  3. The AAAS Science News Service, Neandertals Lived Harmoniously, 3 aprel 1997
  4. S. L. Kuhn, "Subsistence, Technology and Adaptive Variation in Middle Paleolithic Italy", American Anthropologist, cild 94, no. 2, 1992, səh. 309–310
  5. Roger Lewin, Modern İnsanın Kökeni, Tübitak Popüler Bilim Kitapları: Ankara, 1997, səh. 169

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]