IAI Heron (Machatz-1) — İsrailin Israel Aerospace Industries (IAI) şirkəti tərəfindən istehsal olunan orta yüksəklikdə uzun müddət uçuş həyata keçirmək imkanlarına sahib olan pilotsuz uçuş aparatı. Bu PUA yer səthindən 10 km-dən artıq yüksəklikdə 52 saatdan çox müddət ərzində əməliyyat uçuşu yerinə yetirir. 52 saat davamlı uçuş imkanları mövcud olsa da, əlavə vasitələrlə yüklənmə və uçuş profilindən asılı olaraq maksimal effektiv uçuş müddəti nisbətən aşağı ola bilir. PUA-nın daha da inkişaf etdirilmiş variantı olan Heron TP bəzi mənbələrdə IAI Eitan adı ilə də tanınır.
Heron | |
---|---|
Tipi | Pilotsuz uçuş aparatı |
İstehsalçı | Israel Aerospace Industries |
İlk uçuş | 1994 |
Status | Aktiv, istehsalı davam edir |
İstismarçılar |
İsrail Hərbi Hava Qüvvələri Azərbaycan Hərbi Hava Qüvvələri Türkiyə Hərbi Hava Qüvvələri Hindistan Hərbi Hava Qüvvələri Braziliya Federal Polisi |
Vahidinin qiyməti | 10 milyon ABŞ dolları[1] |
Vikianbarda əlaqəli mediafayllar |
11 sentyabr 2005-ci ildə İsrail Müdafiə Qüvvələrinin 50 milyon ABŞ dolları dəyərində Heron sistemləri aldığı barədə açıqlama verilmişdir.[2]
2008-2009-cu illərdə baş vermiş Qəzzə müharibəsi ərzində İsrail Müdafiə Qüvvələri Heron PUA-larından aktiv şəkildə istifadə etmişdir. Döyüş əməliyyatları ərzində hər bir briqadanı yaxın hava dəstəyi ilə təmin etmək vəzifəsi üçün bir Heron müəyyən edilmişdi. Bu müharibədə İsrail ilk dəfə olaraq pilotsuz uçuş aparatları, helikopterlər və döyüş təyyarələrini quru qoşunlarına asılı olmadan birbaşa şəkildə İsrail Hərbi Hava Qüvvələrinin komanda məntəqəsinin verdiyi qərarlara uyğun olaraq idarə etmişdir. Hava nəzarəti Heron və Hermes 450 pilotsuz uçuş aparatları, həmçinin Apaçi helikopterləri ilə təmin olunurdu. Hərbi hava qüvvələri və quru qoşunları arasındakı koordinasiya ilə birlikdə İsrailin quru qoşunları ölkənin təhlükəsizlik xidməti olan Şin Betin ön xəttə ezam olunmuş nümayəndələri ilə daim əlaqədə fəaliyyət göstərirdi. Bu cür xidmətlərarası koordinasiya taktiki üstünlüyü artırmağa və kritik hədəflərə vaxtında zərbə endirməyə imkan verirdi.[3]
Sinqapur, Hindistan və Almaniya da daxil olmaqla bəzi dövlətlər Heron PUA-larından istifadə edir.[4] Fransa isə Heronun törəmələri hesab edilən "Qartal" və ya "Harfang" adlı sistemlərdən istifadə edir.[5] 2008-ci ildə Kanada Heron pilotsuz uçuş aparatını Əfqanıstanda istifadə etmək məqsədilə icarəyə almaq planının olduğunu açıqlamışdır.[6] 2009-cu ilin ortalarında Avstraliya bir neçə milyon dollarlıq müqavilə qarşılığında iki ədəd Heron icarəyə almış və Əfqanıstandakı hərbi əməliyyatlarda istifadə etmişdir.[7] Artıq 2013-cü ilin iyul ayında Heron sistemləri Əfqanıstan üzərində 15000 saatdan çox uçuş həyata keçirmişdi.[8] 2017-ci ilin iyununda Avstraliya Hərbi Hava Qüvvələri Heronların icarə müddətinin başa çatdığını açıqlamışdır.[9]