JF-17 Thunder (urduجے ایف-17 گرج) və ya FC-1 Xiaolong — yüngül çəkili, tək mühərrikli, çoxməqsədli dördüncü nəsil qırıcı-bombardmançı təyyarədir. Qırıcı Pakistanın "Pakistan Aeronautical Complex" (PAC) və Çinin "Chengdu Aircraft Corporation" (CAC) şirkətləri tərəfindən birgə istehsal olunur. JF-17 hava kəşfiyyatı aparmaq, yer hədəflərinə qarşı hücum və qarşı tərəfin hava hədəflərinin tutulması və ya məhv edilməsi məqsədləri ilə hazırlanmışdır. Təyyarənin adındakı "JF" abreviaturasının açılışı "Joint-Fighter" (Vahid Qırıcı), "Thunder" isə "İldırım" mənasını verir. Çində təyyarə "FC-1 Xiaolong" adı ilə tanınır. "FC" abreviaturasının açılışı "Fighter-China" (Çin Qırıcısı), "Xiaolong" isə "Qəddar Əjdaha" mənasını verir.
JF-17 Thunder/ FC-1 Xiaolong
Pakistan HHQ-nə məxsus JF-17 Thunder Nanqa Parbat dağlıq ərazisində (8.107 metr).
JF-17 döyüş təyyarəsi müxtəlif növ hava-hava və hava-yer tipli raketlər, həmçinin 23 mm çaplı QŞ-23–2 avtomatik topu ilə silahlanmışdır. Maksimum sürəti 1.6 maxa bərabər olan Guizhou WS-13 və ya Rusiya istehsalı RD-93 mühərriki ilə təchiz olunub.[5] Bu təyyarələrin yaxın müddət ərzində Pakistan Hərbi Hava Qüvvələrinin "onurğa sütunu" olacağı və uçuş göstəriciləri təxminən eyni olan, lakin texniki xidməti təqribən iki dəfə baha başa gələn F-16 qırıcılarını da əvəzləyəcəyi gözlənilir.[6] Pakistan HHQ ilk JF-17 eskadrilyasını 2010-cu ilin fevral ayında silahlanmaya qəbul etmişdir.[7] 2016-cı ilə olan məlumata görə Pakistan hər il özü üçün 25 ədəd JF-17 istehsal edir.[8] 2016-cı ilin dekabr ayına olan məlumata görə isə Pakistan Aeronautical Complex şirkəti ölkə ərazisində Blok 1 növü üzrə 70[9], Blok 2 növü üzrə isə 33 qırıcının istehsalını tamamlayaraq orduya təhvil vermişdir.[10]
2017-ci ildən etibarən həm döyüş əməliyyatları, həm də təlim məqsədilə istifadə olunacaq iki oturacaqlı JF-17B variantının Pakistan Hərbi Hava Qüvvələrinə təhvil veriləcəyi gözlənilir.[11][12] Bununla belə, hal-hazırda texnoloji cəhətdən daha da inkişaf etdirilmiş Blok 3 variantının sınaqlarının davam etdirildiyi açıqlanmışdır. Blok 3 variantının sahib olduğu KLJ-7A radarı eyni anda 15 hədəfi izləmək imkanına malikdir.[13]
JF-17 Thunder silahlanmaya qəbul olunduğu 2011-ci ildən etibarən ümumilikdə 19,000 saat əməliyyat uçuşu həyata keçirib.[14] Pakistan HHQ bu qırıcılardan istifadə edərək Vəziristan bölgəsində terrorçuların mövqelərini həm idarəolunan, həm də idarə olunmayan aviabombalar vasitəsilə bombardman etmişdir.[15]
Prototip mərhələsində 2 fərqli konfiqurasiya test olunub. İlk konfiqurasiyaya 3 prototip təyyarə daxil idi (PT-01, PT-02, PT-03). Növbəti üç prototip olan PT-04, PT-05 və PT-06 isə ikinci növ konfiqurasiyaya daxil idi. Avionika və silah testləri üçün PT-04 əsas götürülüb. PT-01 ilk uçuşunu 2003-cü ilin avqustunda, PT-03 isə 2004-cü ilin aprelində həyata keçirib. PT-04 ilk uçuşunu 10 may 2006-cı ildə yerinə yetirib.
JF-17 Blok 1: İstehsalı 2006-cı ilin iyun ayında Çində başlanıb, 18 dekabr 2013-cü ildə tamamlanıb. Təyyarələrin 58%-i (təqribən 50 ədəd) Pakistanda istehsal olunub.[16] Qiyməti 15 milyon ABŞ dollarıdır.
JF-17 Blok 2: İstehsalı 18 dekabr 2013-cü ildə başlanıb.[17] Bu qırıcılar havada olarkən yanacaqdoldurma qabiliyyətinə, inkişaf etmiş avionikaya, artırılmış yük daşıma qabiliyyətinə və radioelektron mübarizə vasitələrinə sahibdir. Qiyməti 25 milyon ABŞ dollarıdır.[18] Pakistan HHQ-nə hər il 16 ədəddən çox Blok 2 təhvil veriləcək. Yerli mediyanın məlumatına əsasən, 2015-ci ilin dekabrında 16-cı Blok 2 orduya təhvil verilib ki, bu da 4-cü JF-17 eskadrilyasının tamamlanması ilə nəticələnib.
JF-17 Blok 3: Dəbilqədə quraşdırılmış ekran və görünüş sistemi (HMD/S), daha inkişaf etmiş avionika, AESA radar, yeni mühərrik, iki oturacaqlı pilot kabinəsi kimi bir çox yeni funksiyalara malikdir.[19][20] Sürətinin Mach 2.0+ olacağı gözlənilir. Pakistan HHQ rəsmiləri bu təyyarəni "4+ nəsil" təyyarə adlandırıb. Təsdiqlənməmiş mediya məlumatlarına əsasən bu variantın 2019-cu ilin əvvəlindən etibarən Pakistan HHQ-də silahlanmaya daxil ediləcəyi gözlənilir.[21] 2016-cı ilin sentyabr ayına olan məlumata görə JF-17 "Thunder" Blok III döyüş təyyarəsinin dizayn işləri artıq başa çatmışdır.[22][23] 2019-cu ildə JF-17-nin ilk dəfə real döyüşdə istifadəsindən cəmi iki həftə keçdikdən sonra onun "Blok 3" versiyasının təkmilləşdirilməsi və istehsalı ilə bağlı çalışmalar başladılıb. 2020-ci ilin dekabr ayında "Blok 3" versiyasının seriya istehsalının başlandığı elan edilib. Ekspertlərin əksəriyyəti reaktiv qırıcının bu variantını 4,5 nəsil kateqoriyasına aid edirlər.[24] Yeni versiyada təyyarənin informasiya müharibəsi imkanları və silahları gücləndiriləcək, həmçinin aktiv elektron skan radarından istifadə ediləcəyi güman edilir. Bu sistem döyüş zamanı daha çox informasiya toplamaqla, təyyarənin daha uzaq məsafəyə nəzarət etməsi və eyni zamanda çoxsaylı hədəfə hücum etməsinə imkan verəcək. Yenilənmədən sonra JF-17 "Blok 3"ün F-16-ların təkmilləşdirilmiş versiyaları ilə uzlaşa biləcəyi bildirilir.[1]
JF-17B: İki oturacaqlı variantın 2017-ci ildə orduya daxil olacağı gözlənilir.[25]
JF −17 "Thunder" Blok 3 versiyası 3 ton yüklə 100 km məsafədə hədəfləri məhv etmək qabiliyyətindədir. JF-17 qırıcısı əsasən hava məkanını qorumaq və səmada üstünlüyü əldə saxlamaq üçün yaradılıb. JF-17 ailəsinin ən üstün cəhəti isə universal MIL-STD-1670 silah idarəetmə sisteminə malik olmasıdır. Qırıcı həm NATO, həm Rusiya, həm də Çin istehsalı olan sursatların istifadəsinə imkan verir. Təyyarənin silahlanmasına 70–100 km mənzilə malik idarəolunan raketlər, infraqırmızı başlıqlı yaxın mənzilli raketlər, hava-yer tipli raketlər, hava-hava tipli raketlər, radiolokasiya sistemlərinə qarşı raketlər, lazerlə idarə olunan raketlər, proqramlaşdırılan kaset bombaları, nüfuzedici bombalar, ümumi məqsədli bombalar, təlim bombaları daxil ola bilər. "Blok 3" konfiqurasiyasının mühüm xüsusiyyəti onda "Active Electronically Scaned Array" (AESA) radar sisteminin quraşdırılmasıdır. Bu isə onu rəqibin hava hücumundan müdafiə sistemləri üçün praktiki olaraq əlçatmaz edir. AESA radarına əlavə olaraq, təyyarənin bu versiyası dəbilqədə quraşdırılan displey və nişangahla (MHD/S) təchiz edilib, bu isə təyyarənin idarəetməsi və hava döyüşünün aparılmasını xeyli asanlaşdırır. Təyyarənin quyruğunda yerləşdirilən REM kompleksi sayəsində düşmən radarlarının təyyarəni gürüntüləməsinə maneələr törədir, eyni zamanda yaxınlaşan raketlərin istiqamətini və mümkün zərbə zamanını hesablayaraq pilotu xəbərdar edir. Pilot raketi dəbilqədəki displeydən izləyir və mümkün əks tədbirləri (tələlər, saxta fişənglərin buraxılması, mühərrikin söndürülməsi və ya manevr edərək yayınma) həyata keçirir.[31]
14 noyabr 2011-ci ildə, bir ədəd JF-17 "Thunder" Pakistan ərazisində Mullan Mənsur dağlıq ərazisində qəzaya uğrayıb və nəticədə pilot, eskadrilya komandiri Muhammad Hussain həlak olmuşdur.
27 sentyabr 2016-cı ildə, Pakistanın Kəraçi şəhərində yerləşən Masroor avia bazasından havalanan bir ədəd JF-17 "Thunder" qırıcısı gündəlik təlimlər zamanı Ərəb dənizinə düşmüşdür.