Jan Lui Barro (Barrault) (fr. Jean-Louis Barrault d. 8 noyabr 1910-cu il, Sena və Uaza departamenti, Le-Vezine – ö. 22 noyabr 1994-cü il, Paris) — fransız aktyoru, rejissor, teatr xadimi.
Jan Lui Barro 1910-cu il noyabrın 8-i Fransanın Le-Vezine qəsəbəsində dünyaya gəlib. Mühasibatlıq və gül satmaqla həyatını qazanmağa çalışan Jan Lui Barro Luvr məktəbindəki rəngkarlıq kurslarında oxuyub.
- 1931-ci ildə "Atelye" teatrında Ş. Düllenin şagirdi işləmişdir;
- 1932–35 illərdə tamaşalarda oynamış və E. Dekrunun rəhbərliyi altında pantomima ilə məşğul olmuşdur (U. Folknerin "Mən öləndə" romanı əsasında "Ananın ətrafında" pantomimasını ifa etmişdir). Sürrealistlər və solçu "Oktyabr" teatr qrupu ilə yaxınlaşmışdır.
- 1935-ci ildə "Avqustinlərin çardağ"ı truppasını yaratmışdır. 1937-ci ildə "Antuanın teatrı"nda ona böyük uğur gətirən M. de Servantesin "Numansiya" əsərini tamaşaya qoymuşdur.
- 1940–46-cı illərdə "Komedi Fransez" teatrında Rodriqo ("Sid", P. Kornel), Hamlet ("Hamlet", U. Şekspir) rollarını oynamış, "Fedra" (J. Rasin; 1942), "Atlas tufli" (P. Klodel; 1943), "Antoni və Kleopatra" (U. Şekspir; 1945) əsərlərini tamaşaya qoymuşdur.
- 1946-cı ildə M. Reno (Barronun yoldaşı) ilə birlikdə öz truppasını yaratmışdır. 1947-ci ildə Fransada F. Kafkanın "Proses" əsərini ilk dəfə Barro səhnələşdirmişdir (Yozef K. rolunda özü çıxış etmişdir). A. Artonun ideyalarını mənimsəyərək, onların ilk dəfə səhnədə tətbiqinə cəhd etmişdir. Barronun bu dövr tamaşaları Fransada formalaşmağa başlayan absurd teatrına təsir göstərmişdir.
- 1940–50-ci illərdə quruluş verdiyi tamaşalar arasında "Yalançı etiraflar"( P. Marivo), "Qəzəb gecələri" (A. Salakru), "Xristofor Kolumb" (P. Klodel), "Malbruk səfərə hazırlaşır" (M. Aşar), "Amfitrion" (J.B. Molyer), "Albalı bağı" (A.P. Çexov) və s. var.
- 1959–68-ci illərdə Parisdəki "Teatr de Frans" a rəhbərlik etmişdir.
- 1960-cı ildə burada E. İoneskonun "Kərgədan" əsərini tamaşaya qoymuş, Beranje rolunu özü ifa etmişdir. Barro böyük səhnəyə absurdist dramını gətirən ilk rejissor olmuşdur (S. Bekket, J. Jene və b.-nın pyesləri).
- 1966–68-ci illərdə eyni vaxtda Millətlər Teatrı və "Livinqti etr"ə başçılıq etmişdir. Görkəmli aktyor olan Barro pantomima sənəti ənənələrini inkişaf etdirmişdir. Parisdəki Dram Sənəti Məktəbinin rəhbəri olmuşdur.
- 1935-ci ildən kinoya çəkilmişdir. "Raykın övladları" (1944, rejissor M. Karne) filmindəki Batista Debüro rolu ona dünya şöhrəti qazandırmışdır.[1]