Jozef İqnas Gilyoten

Jozef İqnas Gilyoten (28 may 1738[2][3][…], Sent[d], Fransa krallığı26 mart 1814[2][3][…], Keçmiş I arondisman[d], Birinci Fransa İmperiyası) — Anatomiya professoru.

Jozef İqnas Gilyoten
fr. Joseph Ignace Guillotin
Doğum tarixi
Doğum yeri Saintes , Fransa Fransa
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Paris, Fransa Fransa
Vəfat səbəbi uzun sürən xəstəlikdən dünyasını dəyişib
Dəfn yeri
Milliyyəti fransız
Təhsili
Fəaliyyəti həkim, siyasətçi
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jozef İqnas Gilyoten 1738-ci ilin mayın 28-də Fransanın Sent şəhərində o qədər də uğur qazanmayan vəkil ailəsində dünyaya gəlmişdi. Buna baxmayaraq atası gənc yaşlarından ona ədalətli olmağın sirlərini öyrədə bilmişdi. Bunun nəticəsiydi ki, gənc Gilyoten günahı olan şəxsləri müdafiə etməkdən həmişə boyun qaçırmışdı. Maraqlıdır ki, ilk vaxtlar o, keşiş olmaq istəmişdi, hətta atasından iezuitlərə qoşulmağa icazə verməsini xahiş etmişdi. Lakin tale elə gətirdi ki, həkim oldu.

Gilyotenin bioqrafiyasına nəzər yetirdikdə onun dünyabaxışının tezliklə nə dərəcədə dəyişdiyinə şübhə etməyə bilmirsən. Məlumdur ki, həkim kimi o, tələbələr qarşısında mühazirələrlə çıxış etmişdi. Mühazirələrində də gələcək həkimləri inandırmağa çalışmışdı kı, insan, təbiət və kosmosun vahid sistem təşkil etməsi barədə fikirlər cəfəngiyyatdır. Halbuki Parasels və Aqrip kimi alimlər deyirdilər ki, həyat təkcə hərəkət demək deyil, Yer kürəsində yalnız insan və heyvanlar yox, həmçinin istənilən maddi əşyalar da yaşayırlar. Amma bu fikirlər gənc Gilyotenə maraqsız və əhəmiyyətsiz görünürdü. O, hesab edirdi ki, belə fikirlər dövrün Volter, Russo, Didro kimi dahi şəxsiyyətlərinin fikirlərinə ziddir. Həkim Gilyoten də o zaman dəbdə olan materialist baxışlarının tərəfdarı kimi çıxış edir, ruhun ölməzliyinə inananlara gülür və təbabətdə alterrnativ müalicə tərəfdarlarını "fırıldaqçı" adlandırırdı. Buna görə də təəccüblü deyil ki, həmkarları kimi Gilyoten də Avstriyadan Fransaya gəlmiş həkim Frants Anton Mesmerin müalicə üsuluna qımışır və ənənəvi təbabətin müdafiəsinə qalxırdı. Həkim Mesmer pasiyentlərini hipnoz altında müalicə edirdi və Fransanın aristokratları arasında nüfuz qazanmışdı.

Təbii ki, Gilyoteni avstriyalı "fırıldaqçının" nüfuz qazanması razı sala bilməzdi, çünki o, Fransanın bir nömrəli həkimi olmağı arzulayırdı. Buna görə də, Gilyoten Mesmerin Fransadan qovulması prosesinə həvəslə qoşulmuşdu. Tezliklə XVİ Lüdovik ənənəvi təbabətin tərəfdarlarını dəstəkləyir və Mesmerin işini araşdırmaq barədə əmr imzalayır. Komissiya yaradılır və Gilyoten də həmin komissiyaya daxil edilir. Mesmerin müalicə üsulunu araşdıran komissiya qərara gəlir ki, avstriyalı həkim daha çox "cadugərliklə" məşğuldur, nəinki ciddi təbabətlə. Bundan sonra Mesmer Fransanı tərk etməyə məcbur olur. Amma vətəninə dönməzdən əvvəl Mesmer aristokratların toplaşdığı məclisə qatılır. Həmin məclisdə Gilyoten də iştirak edirdi. Burada hər iki rəqib üz-üzə gəlir və söz alan Mesmer Gilyotenə təqribən bunları deyir: "Sizin elminiz və hesablamalarınız buradakı bütün adamların, o cümlədən kral ailəsinin qanını tökəcək…Onların ruhu sizi lənətləyəcək. Mən bunu aydın şəkildə görürəm". Gilyoten avstriyalı həkimi məsxərəyə qoyaraq soruşur: "Cənab, siz bunu tavada yazılmış halda görürsünüz?". Mesmer "Mən səmaya yazılmış halda görürəm",-deyə cavab verir. Sonradan Mesmerin nə qədər uzaqgörən olduğu aydınlaşacaq. Hələliksə Gilyotenin başı Fransanı bürümüş həyəcanlara qarışır.

1789-cu ildə Bastiliya qalası çökür. Kral Milli Məclisin qanadı altına sığınır. Robespyer, Jen-Jüst, Danton, Marat kimi avantüristlərin dövrü başlanır. Gilyoten də kənarda qalmaq istəmir. Amma inqilabçılardan fərqli olaraq o, kral ailəsinə hələ də hörmətlə yanaşırdı. Gilyoten də həmfikirləri kimi azadlıq və bərabərlik ideyasının əsirinə çevrilərək aristokrat sinfinə qarşı çıxır və hansısa şəxsin digərindən üstün olmadığı barədə deyilən fikirləri var-qüvvəsilə dəstəkləyir. Məhz edam prosesinin də hamı üçün eyni olduğunu düşünən Gilyoten adını tarixə yazmış "ölüm maşınını" hazırlamağa başlayır.

1789-cu il okyabrın 10-da Gilyoten edama aid qanun layihəsini Milli Məclisdə müzakirəyə çıxarır. Deputatlar da onların qarşısında inamla dayanmış şəxsə baxır və onun nə demək istədiyini anlamağa çalışırlar. Gilyoten deyir ki, Fransada edam prosesi də demokratikləşdirilməlidir: "Daha inandırıcı görünmək üçün mən, cənab Şarl Sansonla görüşdüm". Sonuncunun adının səslənməsi Məclisə gurultulu sükutun yaranmasına səbəb olur. Çünki Ş. Sanson Fransanın köklü-əsilli cəlladıydı. Onun ailəsi 1688-ci ildən 1847-ci ilədək dövrdə Fransada edam üzərində "inhisarçı" olmuşdu. Cəllad peşəsi Sansonlar ailəsində atadan oğula keçirdi, əgər ailədə yalnız qız olardısa, cəlladlığı kürəkən yerinə yetirirdi. Hamının sakit dayanmasından daha da cəsarətlənən Gilyoten niqtinədavam edir: "Beləliklə, mən edam üsulunun hamı üçün eyni olmasını təklif edirəm…Bilirsiniz, cinayətkarın qılınc vasitəsilə edam edilməsi hümanizm baxımından düzgün deyil. Çünki qılıncın lazımi səviyyədə iti olmaması və cəlladın müəyyən səbəblərə görə peşəkarlıq nümayiş etdirə bilməməsi edam prosesinin dəhşətli sonluqla başa çatmasına gətirib çıxarır". Gilyotenin edam prosesi barəsində soyuqqanlı danışması deputatları özündən çıxarır və yerdən "Bəsdir, eşitdiklərimiz yetər!" tələbi səsləndirilir. Ancaq o, nitqini başa vurmaq istəyir: "Mən bu dəhşətli problemi həll etməyin yolunu bilirəm",-deyə Gilyoten zalda baş qaldırmış hay-küyü yatırmağa çalışır. Deputatların sakitləşdiyini görən Gilyoten ixtira etdiyi maşının detallarını izah etməyə başlayır və parlament yeni edam mexanizmini müzakirə etməyə razılıq verir. Bundan başqa, deputatlar kralın cərrahı Antuan Luinin, alman mühəndisi Tobias Şmidtin və cəllad Anri Sansonun da prosesə qoşulması barədə qərar çıxarır.

1792-ci ilin baharında Gilyoten həmkarlarıyla birlikdə edam maşınını müzakirə etmək məqsədilə Lüdovikin yanına gedirlər. Fransa kralı komissiya üzvlərini sakit şəkildə dinləyir, edam alətinin çertyojlarına baxır və birdən fikirli halda soruşur: "Ülgüc nəyə görə dairəvi halda olacaq? Məgər hamının boyu eynidir?". Kral çertyojda şəxsən ülgücün formasını əyri formada düzəldir (sonradan Gilyoten ülgücün 45 dərəcə bucaq altında düşməsini daha münasib sayır). Beləliklə, Lüdovik yeni "ölüm maşınının "tətbiq olunmasına razılıq verir. 1792-ci ilin aprel ayında Gilyoten ilk edam maşınının Qrevski meydanında yerləşdirilməsinə rəhbərlik edir. Maraqlı hadisəni seyr etmək üçün meydana adamlar toplaşır. Gilyotin sevinirdi, lakin meydandan etdiyi replika onu sarsıdır: "Bir baxın, necə də qəşəngdir, o madam Gilyotendir!". Bundan sonra yeni "ölüm maşını" xalq arasında "madam Gilyoten" adıyla məşhurlaşır. Elə Gilyoten də məşhurlaşır, artıq ona aristokrat məclislərində başqa gözlə baxmağa başlayırlar. Nə vaxtsa məşhur olmağı arzulamışdı, indi, budur, o, Fransanın tanınmış simalarından biriydi. Amma heç ağlına da gətirməmişdi ki, onun ixtira etdiyi edam aləti ətrafda cərəyan edən dramatik tamaşanın aparıcı "qəhrəmanlarından" birinə çevriləcək. Parislilər isə "madam Gilyoten"i əzizləməkdə davam edirdilər. Paytaxt aşpazları edam maşınının rəsmi həkk olunan tortlar bişirirdilər. Hətta "Parfüm de Gilyoten" adında ətir də istehsal olunur.

İnqilab sərt üzünü göstərməyə başlayır. Hamı bir-birini satqınlıqda günahlandıraraq tapdalamağa çalışır, müttəfiq axtarmaq üçün dəridən-qabıqdan çıxırdılar. İnqilabçılar kral ailəsini hədəfə götürürlər. XVİ Lüdovikin taleyi tükdən asılı qalır. Məhz indi Gilyoten dərk etməyə başlayır ki, "azadlıq və bərabərlik" ideyasından başları dumanlanmış inqilab rəhbərləri düzgün yolla addımlamırlar. Gilyoten görür ki, heç nədən insanları küçədə həbs edir, "aristokratların cəsusu" kimi edam edirdilər. Bir vaxtlar hörmət etdiyi şəxslərin qaniçənə çevrildiklərindən təəccüblənir. Kralın edam ediləcəyini eşidəndə isə dəhşətə gəlir. 1793-cü il yanvar ayının 21-də "madam Gilyoten" Fransa kralının həyatına son qoyur. Edamdan sonra heç kim onu görmür. Hətta belə şayiələr gəzir ki, Gilyoten dünyasını dəyişib.

Ancaq o, sağ-salamat idi. Sadəcə, gördüklərindən dəhşətə gələrək özünə qapanmışdı. Artıq heç nəyə və heç kimə də inanmırdı. Yalnız cəllad Sansona baş çəkirdi. Özünü bədbəxt sanır və Sanson kimi cəllad hesab edirdi. Eşidəndə ki, kraliça Mariya Antuanetta da edam olunacaq, Gilyoten dəlilik dərəcəsinə çatır. Axı, o, kraliça Mariya Antuanettanı gizlincə sevirdi! Lakin nə qədər çalışsa da, kraliçanın həyatını xilas edə bilmir. Sonralar onun "sevimli balası" hörmət etdiyi bir çox şəxsləri başlarından edir. Təbii ki, aristokratların qanını tökmüş bir çox inqilabçı da edam olunurlar. Özü də az qala "körpəsinin" növbəti qurbanına çevriləcəkdi.

Gilyoten depressiyaya düşür və hörmət etdiyi hər bir şəxsin edam olunmasında özünü günahkar sayır. Başı üzülmüş insanların simaları onu yuxuda da təqib edirlər. Məhz belə dəhşətli gecələrin birində vaxtilə ələ saldığı Mesmerin sözlərini xatırlayır. Doğrudan da, avstriyalı həkim peyğəmbərcəsinə doğru demişdi. Lənət artıq onu "ovcuna" almışdı. Məşhurlaşmağına kömək etmiş edam maşınına nifrət etməyə başlayır. Gecələrisə arxaizm hesab etdiyi dualarla keçirir. Amma dualar onun sarsılmış vicdanını sakitləşdirə bilmir. Sakitləşmək üçün belə bir addım artır. Napoleon hökumətinə xahişlə müraciət edir ki, edam alətinin adı dəyişdirilsin. Belə düşünürdü ki, belə olarsa, bəlkə gələcək nəsli onu bağışlayar. Lakin hökumət onun xahişini rədd edir. Gilyoteninsə kölgəyə çəkilməkdən başqa yolu qalmır və uzun sürən xəstəlikdən sonra 1814-cü ildə dünyasını dəyişir. Amma Gilyoten rahat ola bilərdi, çünki nəvə-nəticələri onun istəyini həyata keçirməyi bacarmışdılar, yəni ulu babalarını utandıran soyadın izini itirmişdilər. Hər halda tarixçilər bu günədək Gilyoten soyadlı fransızın izinə düşə bilməyiblər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. http://perelachaisehistoire.fr/guillotin/.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Joseph, Ignace Guillotin // Sycomore (fr.). / Assemblée nationale