Könüllü fəaliyyət — qanunvericiliklə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir.[1]
Öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir.[1]
Könüllü fəaliyyətin iştirakçıları könüllü fəaliyyətin təşkilatçılarından və könüllülərdən ibarətdir. Şəxs öz iş yerində könüllü fəaliyyətlə məşğul ola bilməz. Könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsinə yol verilmir. Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə yol verilmir. Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər qanunvericiliyə və könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülər ilə bağlanan müqaviləyə uyğun olaraq tənzimlənir. Yetkinlik yaşına çatmamış şəxslər valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında könüllü fəaliyyət ilə məşğul ola bilərlər. Yetkinlik yaşına çatmamış şəxslər könüllü fəaliyyəti həyata keçirərkən yaşı 18-dən az olan işçilərin əməyindən istifadəyə dair əmək qanunvericiliyində nəzərdə tutulmuş tələblərə riayət olunmalıdır.[1]
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda "Könüllülər ili" elan edilib.[2]
1985-ci ildə iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr BMT-nin Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilməsi təklif olunub və həmin tarixdən bu gün qeyd olunur.[3]