Küləcə

Küləcə — belə qədər düz, ətəyi büzməli olan qadın üst geyimi.[1]

Yaxası açıq olan küləcənin uzunluğu dizə qədər, qolu isə dirsəkdən aşağı olur. Küləcə əsasən, məxmər və tirmədən tikilir. Yaxasına, bel kəsiyinə, ətəyinə və qollarının ağzına çox vaxt güləbətin, muncuq, pilək və məlilə ilə tikmə tikilir.

Azərbaycanlı qadının geydiyi tumanın uzunluğu, Naxçıvan—Ordubad zonasından başqa, topuğa qədər olur. Naxçıvan—Ordubad zonasında qadınlar nisbətən qısa tuman geyirlər. Tuman 10–12 taxta müxtəlif naxışlı ipək və ya yun parçalardan tikilir. Üst tumandan başqa onun altından geyilən tumanlara ara tumanı və alt tumanı deyilir. Tumanlar büzməli yaxud qırçınlı olub lifəsinə tumanbağı keçirilir. Keçi sapından toxunmuş tumanbağının iki baş tərəflərində rəngli ipək və güləbətin saplardan hazırlanmış qotazları olur. Tumanlar çitdən tutmuş tirməyə qədər hər cür parçadan tikilir. Tumanın ətəyinə başqa parçalardan köbə, müxtəlif baftalar, zəncirə və s. tutulur. Bəzi şəhərlərdə qadınlar küçəyə çıxarkən çaxçur da geyirdilər. Çaxçur müxtəlif ipək parçalardan tikilir.

Qadın üst geyimlərini daha da gözəlləşdirmək üçün evdə və sənətkar karxanalarında hazırlanmış müxtəlif çeşidli baftalar — sarıma, qaragöz, zəncirə, şahpəsənd və s. mövcuddur. Bunlardan əlavə qızıl və ya gümüşdən hazırlanmış qoza və katibi qoza düymələr də qadın geyimlərinin yaxası boyunca tikilir. Köynəyin ətəyinə tikmək üçün qızıldan kəsilmiş ətəklik və ya midaxıl istifadə olunurdu. Bəzən köynəyin ətəyinə qızıl pullar tikilir. Qadın geyimlərində güləbətin, muncuq, pilək və s. tikmələr də geniş yer tutur.

Qadınlar arxalıq və ya çəpkənin üstündən qızıl yaxud qızıl suyuna salınmış gümüş kəmər taxırlar. Onlarla yanaşı dəri üzərinə gümüş pullar tikilmiş və gümüş toqqası olan kəmərlər də çox geniş yayılmışdır.

Qadın baş örtükləri içərisində kəlağayı, müxtəlif örpəklər, naz-naz və qaz-qaz ipək örtüklər xüsusilə geniş yayılmışdır. Kəlağayı Azərbaycanın Şəki, GəncəŞamaxı kimi məşhur ipəkçilik mərkəzlərində xüsusi karxanalarda istehsal edilirdi. Lakin, müasir dövrdə əsasən sadəcə Şəki və İsmayıllı rayonunun Basqal qəsəbəsində istehsal olunur. Bəzi yerlərdə qadınlar baş örtüyünün altından araxçın qoyurlar. Çox vaxt bu araxçınların üstünə qızıldan kəsilmiş müxtəlif formalı çaxma bəzəklər tikirlər.

Azərbaycanda çarşab əsasən bəzi şəhər və şəhəryanı kəndlərin sakinləri üçün səciyyəvidir. O vaxtlar, evdən çıxarkən qadınlar başdan ayağa qədər çarşaba bürünürdü. Çarşab bir rəngli atlasdan, dama-dama keci parçadan və müxtəlif çeşidli ipək parçalardan olur. Çarşab örtən qadınlar bəzən rübənddən də istifadə edirlər.

Azərbaycanlı kişilərin milli geyimləri də alt və üst paltarlardan ibarət idi. Kişi üst geyimləri üst köynəyi, arxalıq, çuxa və şalvardan ibarət olurdu. Qeyd etmək lazımdır ki, xalq geyimlərinin çox geniş yayılmış olan bu dəsti, cüzi fərqlər nəzərə alınmazsa, bütün Azərbaycan ərazisi üçün səciyyəvi idi.

Kişi üst köynəyi iki növ olurdu: yaxası ortadan və yaxası yandan biçilən hər iki növün kiçik boyunduruğu olurdu. Köynəyin yaxası qaytandan olan düymə və ilgək ilə düymələnirdi.

Kişi köynəkləri əsasən atlasdan və sətindən tikilirdi.

  1. "Arxivlənmiş surət". 2017-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-09.