Basqal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Basqal kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Basqal kənd Soveti ləğv edilərək, Basqal şəhər tipli qəsəbəsi mərkəz olmaqla Basqal qəsəbə Soveti yaradılmışdır.[1]
Basqal | |
---|---|
40°45′20″ şm. e. 48°23′47″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.081 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 200 nəfər |
Tarixçilərin fikrincə, Basqal hələ dördüncü yüzillikdə mövcud olub. Qəsəbənin yerləşdiyi indiki ərazi qədim Alban dövlətinə mənsub olub. Qədim tarixi mədəniyyətə malik olan Basqal qala və məscidləri ilə çox məşhurdur. Mərhum akademik Ziya Bünyadovun fikrincə, "bas" və "qal" ifadələrinin birləşməsindən əmələ gələn basqal sözü qala bas, qala qur, qala ucalt mənalarını verir. Aparılan arxeoloji tədqiqatların nəticələrinə görə, Basqalın cənub – şərqində yerləşən antik və orta əsrə aid abidələrlə zəngin olan "qalalar" adlanan ərazi qədim insan məskəni olub.
Basqal qəsəbəsi 1932–1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın "Qalabaşı" məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bu günədək qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir. "Basqal" toponimi təmiz türk sözüdür və "qala başı", "qala qur", "qala yarat", "qala ucalt", "baş qala" mənasını ifadə edir. Basqal Tarix – Mədəniyyət Qoruğuna XVII əsrə aid hamam və məscid kimi qədim abidələr aiddir.[2] Basqal Azərbaycan SSR Nazirlər Sovetinin 28 iyul 1989-cu il tarixli 316 saylı qərarı ilə Dövlət Tarix və Mədəniyyət Qoruğu elan olunub.
2018-ci ilin 3 oktyabr tarixində "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında Azərbaycan Respublikası prezidenti İlham Əliyev sərəncam imzalamışdır.[3]
Basqal ölkənin mərkəzində və Bakıdan 150 km aralı, dəniz səviyyəsindən 1,081 metr yüksəklikdə yerləşir. Basqalın yaxınlığı əsasən təpəlik olsa da onun şimal-şərqi dağ və cənubu çökəkliklər ilə örtülmüşdür. Yaxın əraziləri əsasən əkənəklərdən ibarətdir. Demək olar Basqalın havası il boyu rütubətli və mülayim keçərək, ortalama illik yağıntı miqdarı isə burada 614 mm dir.[4]
28 yanvar — 9 fevral 1897-ci il Ümumrusiya imperiyası siyahıyaalınmasına əsasən Bakı quberniyasının Şamaxı qəzasının Basqal kəndində hər iki cinsdən toplam 2.017 nəfər əhali yaşayırdı.[5]
13 – 22 aprel 2009-cu il tarixində aparılmış Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Basqal qəsəbəsində 200 nəfər (95 nəfəri kişilər, 105 nəfəri qadınlar) əhali yaşayır.[6] AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən qəsəbədə təxminən 200 nəfər əhali yaşayır.[7]
1925-ci ildə Basqalda anadan olmuşdur. Atasi – Səfərov Əlihüseyn, anası – Turə xanım. Bacılari: Arifə, Sünbül, Nazilə, Əzizə. Bəy nəslindən olduğuna gürə keşməkeşli repressiya illərində ailəsini qorumaq üçün "Hüseynov" soyadını götürmüşdür. 1941-ci ildə, 16 yaşı olarkan, yaşının az olmasına baxmayaraq, könüllü olaraq müharibəyə ketmiş və uğurlu döyüş yolu keçmişdir. Müharibədə göstərdiyi şücaətə görə "За боевые заслуги" və digər medallarla təltif olunmuşdur. 1942-ci ilin yazında Ukraynadakı kəsgin döyüşlərin birində ağır yaralanaraq Batumi hərbi hospitalına yerləşdirilmişdir. Həmin ilin payızında, ordudan tərxis olunaraq, evinə, Basqala qayıdır. Bir müddət Basqalda kolxozda mühasib işləyir. 1942-ci ildə anası və baciları ilə Bakıya köçür. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur və 1953-cü ildə həmin universiseti, əlaçı olaraq, fərqlənmə ilə bitirir.
1954–1957 – Azərbaycan SSR Mədəniyyət nazirliyi "Azərkitab" Baş kitab ticarəti idarəsi rəisinin müavini. Eyni zamanda həmin illər Xalq hakimi seçilir və müvəffəqiyyətlə bu sahədə fəaliyyət göstərir. Onun müəllifliyi ilə Azərbaycanın müxtəlif qəzet və jurnallarında məqalələr dərc olunur, 1956-cı ildə isə "Sovet məhkəməsi" kitabı nəşr olunur. Sonrakı illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Mətbuat Komitəsinin İstehsalat və təchizat idarəsinin rəisi, "Azərnəşr" nəşriyyatının direktor müavini, Azərbaycan KP MK-nin "Kommunist" birləşdirilmiş nəşriyyatının direktor müavini vəzifələrində çalışır.
Böyük Vətən Meharibəsində alınmış ağır yaralar və kürək nayihəsində qalmış qumbara qəlpələri özünü bildirməyə başlayir. 1970 ilin yay aylarinda o ağır xəstələnir və həmin ilin oktyabr ayinda vəfat edir. Onun qısa, keşməkeşli, lakin uğurlu həyatı onu tanıyanların yaddaşlarında daim qalacaqdır.
Qəsəbə əhalisi az da olsa sənətkarlıq, ticarət, qismən də heyvandarlıqla məşğul olur.[12] Qədim dövrlərdən etibarən, Basqal ipək toxuculuğu sənətinin mərkəzi olub. Burda milli qadın ipək örtükləri — kəlağayı istehsal olunub. "Kəlağayı" fenomeninin tarixi və mədəni dəyərini təsdiq edən bir fakta nəzər salaq: 2014-cü ilin noyabrında UNESCO-nun 9-cu sessiyasında Azərbaycan kəlağayı sənəti dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.[13]
XIII–XIV əsrdən qəsəbədə kürəbənd-kanalizasiya sistemi qüsursuz fəaliyyət göstərir. 2015-ci ilin iyun ayının 25-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.[14] 2015-ci ildə Basqalçayın üzərində yeni körpü tikilib istifadəyə verilmişdir.[15]
Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2018-ci il tarixli Sərəncamı ilə İsmayıllı rayonunun Basqal qəsəbəsində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılmışdır.[16]
Azərbaycan milli rəqslərindən biri sayılan Basqalı bu qəsəbəyə aiddir.[17]
Qəsəbədə Basqal qəsəbə məscidi dini icması fəaliyyət göstərir.[18]