Arxalıq[1] — Qafqaz xalqları arasında və İranda milli kişi və qadın geyiminin bir hissəsidir. Arxalıq beşmetdən (qədim türk üst paltarı, sonralar kazaklar (rus hərbi dəstələri) da geyinirdi) əmələ gəlib.[2]
Arxalıq bütün Azərbaycanda ən geniş yayılmış geyimlərindən hesab edilir. Arxalıqlar müxtəlif olur.
Arxalıq uzun, beli ensiz gödəkcədir. Arxalıq da çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilir. Arxalığa beldən aşağı hissədə büzmə, yaxıd qırçınlı müxtəlif endə ətək tikilir. Bəzi arxalıqlar gen və düz biçilir, yan hissədə isə çapığı olur. Arxalıqların qollarının da biçimləri müxtəlif olur. Bəziləri düz və uzun olub, dirsəkdən aşağı əlçəklə qurtaran qondarma qol şəklində tikilir. Arxalıqların üçüncü forması lelüfər qolludur. Dirsəyə qədər düz olan lelüfər qol, dirsəkdən aşağı zanbaq formalı açıq biçilir. Qolun ağzında arxalığın parçasından iki barmaq endə qırçın də əlavə edilir. Arxalıqların yaxası açıq olur. Əksər hallarda arxalıqlar döşdən aşağı belə qədər düymələnir. Bəzi arxalıqların yaxası düymələnmir. Arxalıqlar ipək, atlaz, mahud, kişmir, məxmər, tirmə və müxtəlif zərli xara parçalardan tikilir, sarıma və cürbəcür baftalarla bəzədilir.[3]
Kişi arxalığı biryanlı (qarmaqcıq ilə düymələnən) və ya ikiyanlı (düymə ilə düymələnən) ola bilər. Soyuq havada kişilər arxalığın üstündən çuxa da geyirlər.[4]
Qadın arxalığı rəngarəng və naxışlı olur; uzun ensiz qolları ələ çatınca genəlir. Bu növ arxalıq bəzən qaytan və bafta ilə, qızılı naxış ilə, qıraqları xəz ilə bəzənir.[5]
1920-ci illərədək arxalıqlar el arasında daha geniş işlənməkdə idi. Arxalığın qabaq tərəfi pencək kimi açıq olur. Onu düymə və ilgəklə bağlayırlar. Habelə bellərinə "beyləm şal" (mətanət nişanəsi) bağlayırlar.[6]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |