Kültəpə — Ağcabədi rayonunun Minaxorlu kəndi ərazisində, kənddən bir qədər aşağıda qeydə alınmış coğrafi addır.
Vaxtilə bu təpənin yerində böyük tikili olmuşdur. İndi həmin təpəni qazanda oradan küllü torpaq çıxdığına görə camaat bu təpəni Kültəpə adlandırmışdır. Qazıntılar zamanı Kültəpədən müxtəlif tarixi dövrlərə aid maddi-mədəniyyət nümunələri tapılmışdır.
Kültəpə oronimi kül sözündən və təpə müsbət relyef forması bildirən coğrafi termindən ibarətdir. Təpədə müxtəlif mineral qatışıqlarsdan əmələ gələn yanıcı olmayan kül qalıqları olduğu üçün toponim çox güman ki, belə ad almışdır.Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi ərazisində də Kültəpə oroqrafik obyekti qeydə alınıb. Beyləqanda, Füzulidə, Naxçıvan şəhəri yaxınlığında, Qərbi Azərbaycanda və başqa ərazilərdə də Kültəpə adına rast gəlirik.[1]