Kür silsilə su anbarlarının zooplanktonu

Respublikamızda xüsusi əhəmiyyət kəsb edən su tutarlarının əsası Kür çayının üzərində müxtəlif illərdə tikilən və istifadəyə verilən 4 su anbarından ibarət kaskad (silsilə) su anbarlarıdır. Bu su anbarları bir tərəfdən su ehtiyatımızın əsasını təşkil edir, digər tərəfdən balıqçılığı inkişaf etdirməkdə xüsusi əhəmiyyət kəsb edir. Onlar həm də elmi tədqiqat obyektləridir. Su anbarlarında formalaşan faunanın tədqiqi bir sıra yüksək ixtisaslı mütəxəssislərin – hidrobioloq, ixtioloq və parazitoloqların formalaşmasında da mühüm rol oynamış və indi də mühüm rol oynamaqdadır.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Müxtəlif illərdə aparılan hidrobioloji tədqiqatların nəticəsində su anbarlarının zooplanktonunda 86 növə qədər orqanizmlərin qeydə alındığı məlum olmuşdur. Zooplankton üzrə ən yüksək növ müxtəlifliyi Varvara (58 növ) və Şəmkir (57 növ) su anbarlarında, ən zəif biomüxtəliflik isə Mingəçevir su anbarında qeydə alınmışdır – 35 növ. Yenikənd su anbarında isə cəmi 47 növ zooplankton tapılmışdır. Mingəçevir və Varvara su anbarlarında hidrofauna, o cümlədən onun zooplanktonu tam formalaşdığı halda, Yenikənd və Şəmkir su anbarlarında bu prosesin hələ də davam etdiyini söyləyə bilərik. Çünki Şəmkir və Yenikənd su anbarlarının zooplanktonuna Kür çayı ilə gələn alloxton faunanın təsiri hələ də hiss olunmaqdadır.

Silsilə əmələ gətirən su anbarlarında biomüxtəlifliyə görə rotatorilər zooplanktonda üstünlük təşkil edirlər – 49 növ. Onlar su anbarları üzrə aşağıdakı kimi yayılmışdır. Mingəçevir su anbarında 15 növ, Varvara su anbarında 36 növ, Şəmkir su anbarında 29 növ, Yenikənd su anbarında isə 20 növ. Qeyd olunan rotatorların 9-u (Synchaeta pectinata, Polyarthra vulgaris, Asplanchna priodonta, Lecane luna, Lepadella ovalis, Brachionus calyciflorus, Keratella kochlearis, Keratella quadrata, Notholca acuminata) su anbarlarının hamısı üçün ümumidir. Biomüxtəlifliyə görə ikinci yerdə şaxəbığcıqlı xərçənglərdir – 21 növ. Onlar Mingəçevir su anbarında 11 növlə, Varvara su anbarında 14 növlə, Şəmkir su anbarında 14 növlə və Yenikənd su anbarında isə 15 növlə təmsil olunmuşlar. Sonuncu yerdə kürəkayaqlı xərçənglərdir – 16 növ. Kürəkayaqlı xərçənglər su anbarlarına müvafiq olaraq 8 növ + 10 növ + 13 növ + 11 növ yayılmışdır. Şaxəbığcıqlı xərçənglərin 8 növü (Diaphanosoma brachyurum, Daphnia longispina, Simocephalus vetulus, Moina brachiata, Ceriodaphnia reticulata, Chydorus sphaericus, Alona rectangula, Bosmina longirostris), kürəkayaqlı xərçənglərin isə 4 növü (Arctodiaptomus acutilobatus, Macrocyclops fuscus, Cyclops vicinus, Thermocyclops dybowskii) silsilə əmələ gətirən su anbarları üçün ümumidir ki, bu da su anbarlarında qeyd olunan ümumi növlərin 38,1 % (Cladocera) və 25,0 %-i (Copepoda) deməkdir.

Silsilə əmələ gətirən su anbarının zooplanktonunda qeydə alınmış 86 növün 21-nə su anbarlarının hamısında rast gəlinmişdir ki, bu da su anbarlarında qeyd olunan ümumi zooplanktonun 24,4 %-i deməkdir. Bundan başqa qeyd olunan növlərin 38-i Şəmkir və Yenikənd su anbarları üçün, 31 növü isə Varvara və Şəmkir su anbarları üçün ümumidir

. Varvara su anbarında qeyd olunan növlərin 18-i (31 %-i) və Şəmkir su anbarında qeydə alınan növlərin 8-i (12,3 %) silsilə əmələ gətirən digər su anbarlarında da qeydə alınmışdır. 

Yenikənd su anbarında qeydə alınmış 47 növün cəmi 2 növü yalnız bu su anbarında tapılmışdır. Deməli, su anbarlarının faunaları arasında (Varvara su anbarından başqa) fərq o qədər də yüksək deyil. Bu da onların eyni mənbə ilə qidalanmalarından irəli gəlir. Varvara su anbarının 18 növlə fərqlənməsi isə bu su anbarının ekoloji vəziyyətinin digər 3 su anbarının ekoloji vəziyyətindən fərqli olmasından irəli gəlir. Bu cür fərq infuzorlar arasında daha qabarıq özünü göstərir. Məlumdur ki, Varvara su anbarı göl xarakterlidir, dayazdır və sıx bitki örtüyünə malikdir. Bu faktorlar orada faunanın daha yaxşı inkişafı üçün başlıca şərtlərdəndir.

Silsilə əmələ gətirən su anbarlarında 35 – 58 növ zooplanktonun yayılmasına baxmayaraq su anbarlarının hər birində cəmi 8 – 13 növ (toplam 23 – 24 növ) gur inkişaf edir (ümumi siyahıda onlar +++ ilə işarə olunmuşdur). Mingəçevir su anbarında bu, S.pectinata, A.priodonta, B.calyciflorus, D.brachyurum, D.l.hyalina, M.fuscus, S.strenuus, T.dybowski kimi növlərdən, Varvara su anbarlarında S.pectinata, P.vulgaris, A.priodonta, T.tetractis, B.calyciflorus, K.quadrata, D.brachyurum, D.longispina, S.vetulus, C.reticulata, B.longispina, A.acutilobatus, T.dybowskii, Şəmkir su anbarında S.pectinata, A.priodonta, D.brachyurum, D.longispina, Ch.sphaericus, A.acutilobatus, M.fuscus, C.strenuus, T.dybowskii, kimi növlərdən, Yenikənd su anbarlarında isə P.vulgaris, L.luna, B.leydigii, D.brachyurum, M.brachiata, B.longirostris, A.acutilobatus, M.albidus, A.gigas  və M.grasilis kimi növlərdən formalaşmışdır. Göründüyü kimi, silsilə əmələ gətirən su anbarların zooplanktonunda bəzi kənarlaşmalara baxmayaraq dominant olan növlər arasında kəskin fərq o qədər də hiss olunmur.

Say və biokütlə[redaktə | mənbəni redaktə et]

Silsilə əmələ gətirən su anbarlarında zooplanktonun ümumi miqdarı da biri birinə yaxındır. Zooplanktonun ümumi biokütləsi Mingəçevir su anbarında 1,8 q/m3 (sayı 31040 fərd/m3), Varvara su anbarında 0,23 q/m3 (sayı 7230 fərd/m3), Şəmkir su anbarında 1,90 q/m3 (sayı 78032 fərd/m3), Yenikənd su anbarında isə 1,60 q/m3 (sayı 91522 fərd/m3) olmuşdur. Varvara su anbarında zooplanktonun ümumi orta göstəricisinin az olması çox güman ki, su anbarında onların balıq və balıq körpələri tərəfindən intensiv mənimsənilməsi ilə əlaqədardır.

Silsilə su anbarlarında cəmi 23 növ orqanizm dominant kimi qeyd olunmuşdur. Onlar ayrı – ayrı su anbarlarında müxtəlif illərdə aşağıdakı kimi yayılmışdır. Mingəçevir su anbarında 6 – 10 növ, Varvara su anbarında 8 – 12 növ, Şəmkir su anbarında 9 – 12 növ, Yenikənd su anbarında isə 9 – 11 növ. Su anbarlarında biokütlənin formalaşmasında əsas yeri xərçəngkimilər tuturlar. 

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Əliyev A.R., Əhmədov İ.Ə., Əbdürrəhmanova Z.Y. Kür silsilə su anbarlarının zooplanktonu. Kür silsilə su anbarlarının biologiyası. Bakı, 2010, s. 54-58