Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kütləvi açıq onlayn kurs (ing. Massive open online course) və ya açıq onlayn kurs dedikdə internet vasitəsilə təşkil olunan kurslar nəzərdə tutulur[1]. Adətən videomühazirələr, fərqli yazılı dərs materialları və tapşırıqlar kimi ənənəvi kurs elementlərindən ibarət olur. Lakin zamanımızda bir çox kütləvi açıq onlayn kurslar tələbələr, professorlar və müəllim köməkçiləri (TA) arasında qarşılıqlı əlaqəni təmin etməkdən ötəri virtual forumlar və ya sosial media müzakirələri ilə müzakirələr, təcrübə mübadilələri də təşkil edirlər. Kütləvi açıq onlayn kurs distant təhsilin bir formasıdır.
Qısa olaraq MOOC kəliməi ingilis dilində "massive open online course" yəni "kütləvi açıq onlayn kurs" deməkdir. Termin 2008-ci ildə ABŞ-də pulsuz, asanlıqla əldə edilə bilən, tamamilə onlayn kurslar üçün istifadə edilməyə başlamışdır. Hazırda Coursera, edX, FutureLearn və s. Kimi kütləvi açıq onlayn kursları dünyanın ən yaxşı universitetlərindən təhsil almaq imkanı yaradır.
Kütləvi açıq onlayn kurslarda adətən qəbul kriteriyaları olmur. Harada yaşamağınızdan və maddi vəziyyətinizdən asılı olmayaraq iştirak edə bilirsiniz. Təlimlər onlayn təşkil olunduğu üçün böyük sayda insanlar eyni vaxta bu kursları keçə bilər. Elə bu səbəbdən də bu cür kursları "kütləvi" adlandırırlar.
Son illərdə kütləvi açıq onlayn kurs modeli uğurlu olduğundan universitetlərlə yanaşı bir çox təlim kursları, İBM, Microsoft, Meta, Amazon və s. kimi şirkətlər də öz təlimlərini belə platformalar üzərindən təşkil etməyə başlamışlar.
Hazırda Coursera[2], FutureLearn, edX kimi platformalarda hətta bakalavr və magistr dərəcəsi almaq da mümkündür.
Bir çox kütləvi açıq onlayn kursları bitirdikdən sonra sizə dərəcə və ya sertifikatlar verilir. Bu baxımdan onları aşağıdakı kateqoriyalar üzrə ayırmaq olar:
Bu kurslar tamamilə pulsuzdur və adətən heç bir sertifikat verilmir. Siz yalnız dinləyici kimi iştirak edib kurs materialları ilə tanış olursunuz. Coursera və edX kimi platformalarda sonradan ödəniş edərək tapşırıqlara giriş əldə etmək və sertifikat almaq imkanı da vardır.
Ödənişli əsaslarla kursa yazılıb, oradakı tapşırıqları bitirdikdən sonra kursun sonunda sizə sertifikat verilir. Adətən bu sertifikatlar 40 ABŞ dollarından 300 dollara qədər dəyişir. Belə kursların əksəriyyəti ali məktəblər tərəfindən təqdim edilsə də son zamanlar böyük korporasiyaların da kursları geniş vüsət almaqdadır. Bunlara misal olaraq Amazon, Google, İBM, Microsoft, Meta şirkətlərinin təqdim etdikləri kursları nümunə çəkmək olar.
Mikro-dərəcə ali təhsil dərəcəsindən aşağı sayılır və adətən üç-altı kursdan ibarət proqramı bitirməyə görə verilir. Məşhur MOOC platforması edX-də mikro-dərəcələr (micro-credentials) almaq üçün proqramın orta qiyməti 900 dollardır.
Bəzi kursları bitirdikdən sonra onu təqdim edən universitet tələbəyə kredit verir. Tələbə həmin kreditləri bir çox universitetlərdə istifadə edə bilər.
Onlayn dərəcə proqramları universitetlərdə magistr və ya bakalavr proqramlarına bərabərdir. Onlayn dərəcə proqramları ümumiyyətlə ənənəvi qəbul prosesi ilə təşkil olunur. Qəbul olunmuş tələbələr MOOC platformalarının imkanlarından istifadə edərək universitetdə təhsil alırlar. Bu dərəcələr ənənəvi yolla əldə edilmiş bakalavr və magistr dərəcəsinə ekvivalentdir. Hazırda FutureLearn, edX və Coursera platformalarında onlayn dərəcələr almaq mümkündür.
Kütləvi açıq onlayn kurs platformalarından şirkətdaxili korporativ təlimlər üçün də geniş istifadə edilir. Bir çox platformalarda korporasiyalar üçün abunə imkanları vardır. Şirkətlər platformaya abunə olduqdan sonra əməkdaşlar kurslardan yararlana bilirlər.