Kərim Kərimov (geofizik)

Kərim Kərimov (Kərimov Kərim Məmmədxan oğlu; 5 iyun 1933, Ağdam) — geologiya, geologiya-mineralogiya elmləri doktoru, Professor. AMEA-nın müxbir üzvü (2001).[1]

Kərim Kərimov
Doğum tarixi (91 yaş)
Doğum yeri Ağdam, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi Geofizika
Elmi dərəcəsi Geologiya-mineralogiya elmləri doktoru
Elmi adları Akademik
professor
Təhsili Bakı Dövlət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 1991
"Şöhrət" ordeni — 2001

Kərim Kərimov 5 iyun 1933-cü ildə Ağdam şəhərində anadan olub. 1947-ci ilə qədər Ağdam, Ağstafa, Ucar məktəblərində oxuyub, 1952-ci ildə Bakıda orta məktəbi bitirib. Həmin il indiki Neft Akademiyasına daxil olub, 1975-ci ildə oranı "Dağ mühəndisi geofizikası" ixtisası üzrə bitirib.

K.Kərimov 1961-ci ildə əyani aspiranturaya daxil olub, 1964-cü ildə elmlər namizədi dissertasiyasını uğurla müdafiə edib. 1978-ci ildə Moskvada doktorluq dissertasiyası müdafiə edərək geologiya-minerologiya elmləri doktoru elmi dərəcəsi alıb. 1990-cı ildə Moskva BAK tərəfindən ona geofizika üzrə professor rütbəsi verilib. 1991-ci ildə Azərbaycan dövətinin Əməkdar Elm Xadimi adına layiq görülüb. 1992–1996-cı illərdə ARDNŞ-in nəzdindəki Geofizika Baş İdarəsinin rəisi vəzifəsində işləyib. 1996–2005-ci illər Geofizika və Mühəndis Geologiyası İB-nin baş direktoru vəzifəsində çalışıb. 2006–2008-ci illərdə Geofizika və Geologiya İdarəsində elmi işlər üzrə baş müşavir vəzifəsində çalışıb.

Professor Kərim Kərimov Azərbaycan və dünya elminə bir çox töhfələr verib. Onun Azərbaycanın neft sənayesinin inkişafında ayrıca rolu var. Apardığı elmi işlərin nəticəsi ona imkan verib ki, dünyada ilk dəfə olaraq Azərbaycanın ümumi neft ehtiyatının 5–6 milyard ton, qaz ehtiyatının isə deyilən 5 trilyondan artıq həcmdə qiymətləndirsin. Hələ 1992–1993-cü illərdə və ondan sonrakı bir neçə il ərzində Azərbaycanda Azəri-Çıraq-Günəşli yataqlarında hasil olunacaq neft ehtiyatının 500–550 milyon ton civarında olması deyilən bir vaxtda professor K.Kərimov hasil olunası neft ehtiyatının əslində 750 milyon tondan artıq həcmdə olmasını sübut edib və bunun nəticələri 1992-ci ilin sonunda mətbuatda dərc edilib. Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməl daşı qoyulan zaman əsasən prof. K.Kərimovun göstərdiyi rəqəmlər nəzərə alınıb. K.Kərimov 700-dən artıq elmi əsərin müəllifidir.

O, Azərbaycanda onlarla beynəlxalq əhəmiyyətli elmi konfrans, simpozium və seminarlar təşil edib. Eləcə də K.Kərimov dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfranslara qatılaraq ölkəmizi layiqincə təmsil edib.

2001-ci ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə ona "Şöhrət" ordeni verilib.

Prof. K.Kərimov bir neçə beynəlxalq akademiyanın həqiqi üzvü və 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Onun rəhbərliyi altında 1993–1995-ci illərdə Azərbaycanda uzunluğu 100–120 km 6–7 strukturdan ibarət yeni bir neft qazlı tektonik zona aşkar edilib, ona ümummilli liderimiz Heydər Əliyevin ölkəyə rəhbərliyə qayıtması münasibətilə "Qayıdış" adı verilib.

Elmi nailiyyətlər

[redaktə | mənbəni redaktə et]

Prof. K.Kərimovun elmi işləri bir neçə dəfə AMEA-nın ən yüksək nəticəsi siyahısında əksini tapıb. Onun iki ixtirası isə bəşəri əhəmiyyətli kəşf hesab olunur.

  • 1.Zəlzələnin qısamüddətli proqnozlaşdırılması üsulu (Avrasiya Patentləşdirmə Cəmiyyətinin 007087 saylı patenti).
  • 2.Zəlzələnin proqnozlaşdırılması üsulu (Avrasiya Patentləşdirmə Cəmiyyətinin 007086 saylı patenti).

Bu kəşflər öz mahiyyətinə görə elmin ən böyük nailiyyətlərindən hesab edilə bilər. Prof. K.Kərimov həm də istedadlı rəssamdır. 1956-cı ildən minlərlə karikaturanın müəllifidir. Bu əsərlərin başlıca mövzusunu Ermənistanın Azərbaycana qarşı apardığı savaş və onun acı nəticələri təşkil edir. K.Kərimov öz əsərlərində terrorizmi, narkomaniyanı, irqçiliyi, ədalətsizliyi, erməni zülmünü ustalıqla ifşa edir.

Onun "Soyqırım", "Azərbaycan və onun düşmənləri", "Terrorizm və qanlı ləpirlər", "Terrorizmə yox!", "Hiddət və nifrət" və başqa kitab-kataloqları işıq üzü görüb. İndiyədək rəssamın dünyanın müxtəlif ölkələrində 18 fərdi sərgisi keçirilib.

Prof. K.Kərimovun bir oğlu, bir qızı var.

  1. "Kərimov Kərim Məmmədxan oğlu" (az.). science.gov.az. 2017. 2020-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]